Xalq şairi Məmməd Arazla qonşu kənddənik. Sərhədi Nəzərxan qoruğu, Yaz yurdu, Ağ qaya, İydəli dərə, Toğlu qayadır. Yayın odələyən günlərində Nursudakı Toğlu qaya zirvə bükəklərində əzilməyən dənər qar talaları saxlayır. Elə Xalq şairinin “Qıy vuran qartallar yox oldu çəndə” misrası da zirvəsində yerlə göyün birləşdiyi, çiyinləri qar yüklü, dumanı belində yallı gedən bu dağlara aiddir.

Məmməd Araz doğulduğu torpağın gözəlliyinə müraciətlə:

             ... Bəlkə, bu yerlərə bir də gəlmədim,
             Duman, salamat qal, dağ, salamat qal –

deyir. Azərbaycanın Araz çayı ilə ikiyə bölünməsini heç cür qəbul edə bil­mədi Məmməd Araz. Xalq şairinin bu səsi xalqın səsidir. İlk dəfə onun adını radiodan eşitdim: Sözləri Məmməd İbrahimin, musiqisi Habil Əliyevindir.
O gündən qəlbimdə “kimdir bu “Məmməd İbrahim?” axtarışı baş qaldırdı. Məlum oldu ki, bu, Şahbuzun Nursu kəndinin yetirməsi, universitetin coğrafiya fakültəsini bitirən, “Ulduz”, “Azərbaycan”, “Azərbaycan təbiəti” jurnallarında çalışan, dərdi Araz qədər qəm yükü olan, “Araz” təxəllüslü, ölkəmizdə və onun hüdudlarından kənarda Məmməd Araz kimi tanınan Məmməd İnfil oğlu İbrahimovdur.

Yaxşı yadımdadır, 1967-ci ildə Gəncədə Kənd Təsərrüfatı İnstitutunda oxuyarkən yazıçı Əlfi Qasımovla tələbə-müəllim heyətinin görüşü keçirilirdi. Yazıçının “Mədinənin taleyi” romanı müəllifin öz iştirakı ilə müzakirə olunurdu. Yazıçıya bir ucdan suallar yağdırılırdı. Birdən elə bil Əlfi Qasımov bu suallardan çıxış yolu taparaq dedi:
– Ay dinləyicilər, haradan alım şair Məmməd İbrahimi ki, özünü bura yetirə, sizin suallara duzlu, məzəli cavablar verə. Axı şairin imkanı yazıçıdan çox genişdir. Mən romanı necə təhlil edim ki, razı qalasınız?..
Bir gün rayon mərkəzində təsadüfən Nursu kəndindən olan Zeynal Bağırov, Aydın Məmmədov və Mustafa Əliyevlə rastlaşdım. Hər üçü Məmməd Arazla kənd məktəbində sinif yoldaşı olmuşdular. Zeynal müəllim dedi ki, bu yaxınlarda biz üçümüz də Məmməd Arazın qonağı idik. Bizdən soruşdu ki, Qaşdar Əliyev kimdir, onu necə tanıyırsınız? Biz dedik ki, Qaşdar Əliyev qonşu kənddəndir. Sonra Məmməd Araz bizdən xahiş etdi ki, ona deyin, Bakıya yolu düşsə, mütləq redaksiyaya gəlsin, görüşmək istəyirəm.
Bir gün yenə Bakıya getmişdim. Bakıdakı tədbirə xeyli vaxt var idi. Dostlarımın köməyi ilə lap sübhdən özümüzü maşınla Küküdəki məşhur Dərə boğazına yetirdik. Bir dəstə gül yığdım, ətrafını baldırğan, lilpar yarpaqları ilə bəzədim. Səhəri gün ilk təyyarə reysi ilə Bakıya uçdum. Taksiyə əyləşib “Mətbuat” prospektindəki nəşriyyat binasına özümü yetirdim. İkinci mərtəbəyə qalxıb Məmməd Arazın iş yeri olan “Azərbaycan təbiəti”nin ünvanına sarı getdim. İlahi, dağların misilsiz ətri bu beton binaya sığmırdı. Baldırğanın, lilparın, qantəpərin, dazıotunun, səhləbin, qaraqınığın, iri çobanyastığının, solmazçiçəyinin, boymadərənin, hələ üstəlik dağlarda yenicə çiçəkləyən həmərsinin qönçələri elə rayihə saçırdı ki, özüm də məəttəl qalmışdım. Qucaq tutan gül dəstəsinə heyrətlə baxanlara dedim:
– Nə baxırsınız, hamınız kənddə doğulmusunuz, kəndi bəyənməyib bu daş binalara doluşmusunuz. Görürsünüz, dağlarımızın qüdrətini? Çoxu dağların xiffətindən ah çəkdi. Mən şairin işlədiyi otağın qapısına çatdım. Qapı açıq idi. Yavaşca soruşdum:
– Bağışlayın, Məmməd müəllim yerindədirsə, deyin, qonağı gəlib. Açıq qapıdan, sən demə, Məmməd Araz səsimi eşidirmiş. Məni içəri dəvət etdi.
İçəri keçib çiçək dəstəsini buz kimi suyu olan qabda şairin masası üzərinə qoydum. İlk dəfə idi, gözlərimiz bir-birinə sataşdı.
– O dediyiniz Qaşdar Əliyev mənəm, – dedim. Uzun illərin tanışı kimi görüşdük. Elə bil bu çiçək dəstəsi ilə Məmməd Araza dünyanı bağışlamışdılar. Çox şirin söhbətimiz oldu. Azərbaycan təbiətinin gözəlliklərindən, dərd-sərindən danışdıq. Dedi ki, Həsən müəllim (akademik Həsən Əliyevi nəzərdə tutur – red.) Yunanıstanda ezamiyyətdədir, gəlsən, səni onunla tanış edəcəyəm. Qeyd edim ki, bu görüş zamanı şairin 50 illiyi idi. Mən bir ilə Məmməd Araza on bənd şeir həsr etmişdim. Amma onun gözlərinə baxanda utandım. İri, qara gözlərində bir qartal baxışı var idi. Mən hara, böyük şairin qarşısında şeir demək hara? Nə açdım, nə bükdüm. Bu şeir düz on il özümdə qaldı.
El arasında bəzən söhbət olurdu ki, Azərbaycanda iki şairin gözlərində qartal baxışı olub: biri Səməd Vurğun, biri də Məmməd Araz. İş elə gətirdi ki, Ordubadın Bist kəndində yaşayıb-yaradan, ali təhsilli ədəbiyyat müəllimi, 4 şeir kitabının müəllifi, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Sadıq Xanəliyevlə görüşümüz zamanı bu qartal baxışı məsələsinə gəldik. Sadıq müəllim təsdiq etdi ki, el düz deyir. Mən iki qartalgözlü şairi şəxsən görmüşəm, Səməd Vurğunu və Məmməd Arazı.
İllər keçdikcə Məmməd Arazın səhhətində ciddi nasazlıqlar yarandı. Payız fəsli idi. Şahbuz şəhərindəki Mədəniyyət Sarayında şairin 60 illik yubileyi keçirilirdi. Cavad Heyyət də yubiley tədbirlərində iştirak edirdi. Tədbiri Xalq şairi Söhrab Tahir aparırdı. 600 nəfərlik zalda iynə atsan, yerə düşməzdi. Təbrik üçün mənə də söz verildi. Şairin 50 illiyində Bakıda, redaksiyadakı görüşümüzü xatırlatdım:
– Məmməd müəllim, mən şair deyiləm, sizin 50 illiyiniz münasibətilə yazıb, lakin heç yerdə demədiyim şeri o vaxt utanıb sizə deyə bilmədim. Mən hara, Məmməd Arazın dilindən nəzirə hara.
Dedim: – Məmməd müəllim, siz bir dəfə yazda kəndə gələndə artıq bu yerlərin bəzəyi olan nərgiz güllərinin vaxtı keçib solmuşdu. Siz isə yazırsınız:

            Qıy vuran qartallar yox oldu çəndə,
            Nərgizlər saraldı şehli çəməndə...

Bilirsinizmi, nərgiz gülləri Sizdən necə küsüb, inciyib? Bu çəmənlərin ilk çiçəklərinin şikayətini və Sizin nərgiz gülünə cavabınızı mən bir neçə bənd misralarla qələmə almışam.

            Nərgiz

            Dedin, “sarısan şehli çəməndə”,
            Yubanmışdın, nə günah vardı məndə?
            Küsmüşəm “Novludan gəlmirsən kəndə,
            Bu necə ülfətdir, ay Məmməd Araz?

            Məmməd Araz

            Əlimdə güllərdən çələng gördülər,
            Nə lilparı, nə də səni gördülər.
            Ortaya neçə teleqram düzdülər,
            Duydum, bir ətir də sənindir, nərgiz.

            Nərgiz

            Açar zanbaqlar, aldadar qərənfil,
            Aran gülləridir, bunu yəqin bil.
            Çovğundan, borandan çıxaram hər il,
            Yolunu gözlərəm, ay Məmməd Araz.

            Məmməd Araz

            Həsrətəm dağların sərin mehinə,
            Kərənti səsinə, çiçək şehinə.
            Nəvəm öz libasın sizdən geyinə,
            Deyərəm, dünya mənimdi.

            Nərgiz

            Uşaqlıq çağların yamacda qalmış,
            Bahartək gəncləşmiş, qıştək qocalmış.
            Güllərin də gözü qabar bağlarmış
            Ayrılıq odundan, ay Məmməd Araz.

            Məmməd Araz

            Raketlərin “qaş-qabağı”tökülüb,
            Topun, tüfəngin də qəddi bükülüb.
            Yurdumun üstünə duman çökülüb
            Cəhd edirik ayazıya, ay nərgiz.

            Nərgiz

            Gəvədədir çil kəkliyin yuvası,
            Ovçu tüfəngindən ahı-nalası.
            Sınsa qanadından tərlan balası
            Axmazmı göz yaşın, ay Məmməd Araz?

            Məmməd Araz

            Səfər bəy səngəri, Camal qalası,
            Güney yurdda dənər qarın talası,
            Şah yurdunda ayna suyun çalası
            Şeh ələsin üstünə, ay Nərgiz.

            Nərgiz

            Yel baba xırmanı nəzərdən salıb,
            Vəllərin mürgüsü heşanda qalıb.
            Heybədən, çantadan çiyninə salıb
            Yemliyə turşəngə gəl, Məmməd Araz.

            Məmməd Araz

            Ata ocağından dönən deyiləm,
            Yanar bir ulduzam, sönən deyiləm.
            Yüzü haqlamasam, Məmməd deyiləm,
            Əgər görüşünə gəlməsəm, Nərgiz.

Məmməd Araz işarə etdi ki, yaxına gəl. Şairin yubileyini təbrik etdim. Pıçıltı ilə qulağıma dedi:
– Ay Qaşdar, bütün əzalarım ölüb, amma düşüncəm yerindədir, işləyir. O şeri yaz, ver mənə. Yazıb verdim. Bu yaxınlarda eşitdim ki, həyat yoldaşı Gülxanım müəllimə Məmməd Araz haqqında ayrıca xatirə kitabı yazmaq istəyir və o şeri də kitaba salmaq arzusundadır: yazıb təkrar göndərdim.
Bu il Xalq şairinin 80 yaşı tamam olur. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov şairin 80 illik yubileyinin keçirilməsi və Nursu kəndində ev-muzeyinin yaradılması haqqında sərəncamlar imzalamışdır. Bu, Məmməd Araz dünyasına hörmət-izzətin bariz nümunəsidir.

Qaşdar ƏLİYEV