O, bu gün də mətbuatla nəfəs alır
(Oçerk)

Söhbətə giriş: 2002-ci ilin isti iyun günlərinin birində telefonla “Şərq qapısı” qəzetinə işə dəvət olunanda əvvəlcə duruxdum. Qəzetlə müntəzəm olaraq əlaqə saxladığımdan burada Səxavət Kəngərli, Cəlil Vəzirov, Akif Axundov kimi ölkə mətbuatında tanınmış və özlərini təsdiq etdirmiş jurnalistlərin çalışdığını bilirdim. Belə təcrübəli qələm sahibləri ilə birgə çalışmağın məsuliyyətini düşünəndə təklifdən imtina etmək istədim. Bir gün sonra redaksiyaya gəlib Baş redaktorla xeyli söhbət etdik. Düşündüklərimi ona dedim. Mərhum Məmməd Məmmədovun muxtar respublikada mətbuatın inkişafına böyük qayğı göstərilməsi, bu qayğıya əli qələm tutan ziyalıların əməli işlə cavab vermələri üçün yaradılan şərait barədə söhbətini indi də xatırlayıram. Və o söhbətdən sonra qəzetdə işləməyə razılıq verdim. Bundan sonra Baş redaktor mənə Səxavət Kəngərli ilə bir otaqda oturmağı məsləhət bildi:

– Təcrübəlidir, qayğıkeşdir, gənc­lərlə işləməyi xoşlayır.
Səxavət müəllimə məxsus olan bu keyfiyyətləri onunla birgə işlədiyimiz 10 ildə, demək olar ki, hər saat, hər gün gördüm. Hətta bu gün də görürük. Qocaman jurnalist təqaüdə çıxandan sonra müntəzəm olaraq redaksiyaya gəlir, öz dəyərli məsləhətlərini verir.

Bu yazını qələmə alanda Səxavət Kəngərli ilə birgə işlədiyim dövrün bəzi məqamlarını gözlərim önünə gətirirəm. Zahirən zabitəli görünən bu insanın daxilən necə mehriban, qayğıkeş, işinə məsuliyyətli bir jurnalist olduğunu bir daha təsdiqləyirəm. 
Səxavət Kəngərli ömrünün yarıdan çoxunu mətbuatda keçirib. Əmək fəaliyyətinə tərcüməçi kimi başlayıb. Müxbir də işləyib, şöbə müdiri də, redaktor müavini də, Baş redaktor da. 1991-ci ildən 2000-ci ilədək “Şərq qapısı” qəzetinin Baş redaktoru vəzifəsində çalışıb. Qələm dostumuzun çalışdığı bu illəri dəqiq xatırlamaqda məqsədim bir məqamı xüsusi vurğulamaqdır. Bu illərdə Səxavət Kəngərli hər kəsə nəsib olmayan bir ömür yaşayıb. Ona görə də Səxavət müəllimin ömür yolu, mətbuatdakı fəaliyyəti bugünkü gənclik üçün bir məktəbdir, örnəkdir. O, 1991-1993-cü illərdə, ulu öndərimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə Naxçıvanın çətin günlərində məhz ümummilli liderin qayğısını, demək olar ki, hər gün görüb. Ulu öndərlə görüşüb, ondan məsləhətlər alıb. Dahi şəxsiyyətin söhbətləri onda hər qaranlıq gecənin bir işıqlı gündüzü olduğu inamını möhkəmləndirib. Beləcə günlər aylara çevrilib, aylar illərə qovuşub. Gələcəyə inamları bu gün dünənkindən, sabah bugünkündən çox olub.
Özünün dedikləri: Blokada şəraitində yaşayan, yolları hər tərəfdən bağlanan Naxçıvan həm də informasiya blokadasına alınmışdı. Ulu öndər Ali Məclisə Sədr seçilənədək qəzet, demək olar ki, bağlanmaq üzrə idi. Həftədə bir nömrə buraxa bilirdik. Çünki bütün sistem dağılmış, qəzet yaddan çıxmışdı. Maliyyə vəsaitimiz yox idi. Ölkədən tamamilə təcrid olunan muxtar respublika, doğrudan da, ulu öndərin dediyi kimi, dənizdə sükansız gəmiyə bənzəyirdi. Belə halda kim idi qəzetlə maraqlanan? Belə vəziyyətdə işləməyin, qəzet çıxarmağın, muxtar respublikada baş verən hadisələri geniş oxucu kütləsinə çatdırmağın çətinliyini özünüz fikirləşin, o vəziyyəti gözləriniz önünə gətirin.
Məhz ulu öndər Heydər Əliyevin gündəlik və böyük qayğısı ilə “Şərq qapısı” qəzeti, necə deyərlər, yenidən doğuldu, yenidən həyata qayıtdı. Onun tövsiyəsi ilə həm də səkkiz səhifəlik bülleten buraxmağa başladıq. Həmin bülletenləri 20-25 min tirajla cap edib Bakıya göndərirdik ki, Azərbaycan əhalisi ulu öndərimizin Naxçıvandakı fəaliyyəti ilə tanış olsun, muxtar respublikadakı mövcud şəraitdən məlumat əldə etsin. O vaxt üçün bu addım böyük cəsarət tələb edirdi. Belə cəsarəti isə ancaq ümummilli liderimiz edə bilərdi və etdi... Sonrakı illərdə isə belə qayğı davamlı xarakter aldı.
Bugünkü gənc jurnalistlər, eləcə də mətbuat üçün kimdir Səxavət Kəngərli? Bu sualın geniş cavabını yığcam şəkildə belə ümumiləşdirərdim: bir müxbir kimi öyrənilməli jurnalist; obyektiv, operativ, müraciət etdiyi mövzuya yaradıcılıqla yanaşan, qərəzsizliyi başlıca meyar kimi götürən bir müxbir. Onunla işlədiyim müddət ərzində bir dəfə də olsun, görmədim ki, o, bu gün təhvil verəcəyi yazını, işləyəcəyi kənar müəllif məktubunu sabaha saxlasın. Özünəməxsus yazı üslubu olan Səxavət Kəngərli həm də jurnalistikanın müxtəlif janrlarında qələm işlətməyi bacarır. Bu yazını hazırlayarkən redaksiyanın arxivində saxlanılan onlarla qəzet səhifələrini vərəqlədim. Bu qənaətimin doğruluğunu bir daha gördüm. İstər xəbər, zarisovka, reportaj, oçerk, istərsə də felyeton janrlarında yazdıqları bugünkü jurnalistikanın da tələblərinə tam cavab verir. Bir-birindən fərqli olan bu janrlarda Səxavət Kəngərlinin jurnalist istedadı özünü bütün dolğunluğu ilə göstərir.
Səxavət müəllim haqqında danışarkən onun redaktor kimi fəaliyyətindən yan keçmək olmaz. Bu barədə bir neçə kəlmə deməklə yuxarıdakı sualın cavabını bir qədər genişləndirmək istəyirəm. Onun redaktorluğu dövründə mən sıravi kənd müəllimi işləmişəm. Müəllim işləyə-işləyə qəzetlə əlaqə saxlamağım barədə yuxarıda da dedim. Onu da əlavə etmək istəyirəm ki, Səxavət Kəngərlinin redaktor otağının qapısı hamının üzünə açıq olub. Xüsusilə də qələm sahiblərinin və gənclərin üzünə. Dəfələrlə otağında olmuşam, söhbətlərini dinləmişəm, tövsiyələrini eşitmişəm. Qəzetə, mətbuata belə ürəkdən bağlanan insanla söhbətlərdən zövq almışam. Hansı mövzuda yazmaq və necə yazmaq barədə tövsiyələri bu gün də əlimdən tutur.
Evində söhbət. Hər il mətbuat bayramı ərəfəsində redaksiya əməkdaşlarının Səxavət müəllimlə onun evində görüşməsi bir adət şəklini alıb. Bu il də adətimizə xilaf çıxmadıq. Evinə getdik. Çayını içdik. Milli Mətbuat Günü münasibətilə onu təbrik etdik. İlk sualı mən verdim:
– Səxavət Kəngərlinin həyatında mətbuat..?
Üzünə təbəssüm qondu:
– Məşhur sərkərdə Napoleon deyirdi: “Mən düşmənin yüz minlik ordusundan yox, yüz qəzet yazarından qorxuram”. Bu sözlərdə böyük həqiqət var. Çünki yaşadığımız dövrdə mətbuat ən güclü silah rolunu oynayır. Və bu silahdan hər bir jurnalist, qələm sahibi yaşadığı cəmiyyətin inkişafı, mənsub olduğu xalqın daha irəliyə getməsi, dövlətinin iqtisadi qüdrətinin artması naminə istifadə etməyə borcludur.
Mənim həyatımda mətbuatın roluna gəldikdə səmimiyyətlə deyim ki, Səxavət Kəngərli ömrünün mənasını mətbuatda tapıb (gülür). 42 il qələmlə yol yoldaşlığı etmişəm. Mən qələmə, qələm isə mənə sadiq olub. Həyatda qazandığım nə varsa, bunun üçün mətbuata borcluyam.
Bir jurnalist kimi yetişməsində Səxavət müəllimin əməyini heç vaxt unutmayan Sara Əzimova Səxavət müəllimə ikinci sualı ünvanladı:
– Mətbuatın bugünkü səviyyəsi, bu sahəyə qayğı barədə nə deyə bilərsiniz?
– Həyatımızın bütün sahələri kimi, mətbuat da daim qayğı istəyir. Bir mətbuat işçisi kimi sevinirəm ki, bu qayğı bu gün yetərincədir. Bu da mətbuatda uğurlar qazanılmasına şərait yaradıb. Mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşların əməkhaqlarının artırılması, azad sözə geniş meydan verilməsi, jurnalistlərin fəaliyyətinin qiymətləndirilməsi ölkəmizdə mətbuatın inkişafını şərtləndirən amillərdir. Uzağa getmədən elə doğma diyarımız Naxçıvanda bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsinin davamlı xarakter aldığını siz də görürsünüz. Belə şəraitdə heç bir mətbuat işçisinin zəif işləməyə haqqı yoxdur.

P.S. Birinci sualımızın cavabında Səxavət müəllim təvazökarlıq edərək mətbuatda qazandıqlarını açıqlamadı. Biz açıqlayırıq: Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi, döş nişanları, fəxri fərmanlar, qiymətli hədiyyələr və nüfuz. Bütün bunlar Səxavət müəllimin mətbuatdakı fəaliyyəti ilə qazandıqlarıdır.

Muxtar MƏMMƏDOV