19-cu Beynəlxalq Dədə Qorqud Festivalı ilə bağlı düşüncələr 

Döyüşən şanlı türk tarixinin müdriklik zirvəsi Dədə Qorqudla bağlı festivalda iştirak etmək üçün 8 nəfərlik heyətimizlə bir ulu türk yurdundan – Naxçıvandan, digər ulu türk yurdları – Ərzurum və Bayburta doğru yola düşürük. Azərbaycanın “ön sözü” olan Naxçıvandan, Türkiyənin “ön sözü” adlandırılan Ərzuruma gedən yolda elə zümzümə etdiyimiz mahnılardan biri də belədir: “O da ulu, bu da ulu Azərbaycan – Türkiyə”. 

Yol boyu hərəkət etdikcə, əbədi türkün olan bu torpaqlarda Səlcuq, Atabəy, Elxani, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi və Osmanlı izlərini gördükcə tarixi əməlləri ilə yaradan əcdadlarınla öyünməmək olmur. Gecə saatlarında Ərzuruma çatırıq. Növbəti gün isə ölkəmizin digər bölgələrindən gələn həmkarlarımızla birlikdə 19-cu Beynəlxalq Dədə Qorqud şənliklərində iştirak etmək üçün Bayburta yola düşməliyik. Yəqin ki, həmkarlarımın hər biri bu festival haqqında nəsə yazmaq düşüncəsindədir. Nə yazacağımı bilməsəm də, səfərin sonunda yazının, sadəcə, adını müəyyənləşdirə bilirəm. Deyəsən, tapmışam axı: şimal-şərqi Anadolu ilə Naxçıvan arasında 7 sirli bənzərlik var.

Dədə Qorqudun iki heykəli

Oğuzun şanlı dastanı məhz burda – bu torpaqlarda yazılıb. Daha doğrusu, yazılmayıb yaradılıb. Aruzun xəyanəti, Şöklü Məliyin Qazan xanın ocağını yağmalamağa çalışmasına da məhz bu torpaqlar şahid olub. Dədə Qorqud bu torpaqlarda gəzib, qopuzunu kökləyib, yol düzləyib, söz söyləyib. Nəhayətində isə “gəlimli-gedimli dünya, son ucu ölümlü dünya”dan Bayburtun Masatköyündə köçüb. Amma onun ulu türk ruhu bu torpaqlar üzərində olub, neçə-neçə oğuz igidinə ad, döyüşə gedən qazilərə xeyir-dua verib. Nədənsə mənə elə gəldi ki, Dədəm Qorqudun Bayburtdakı və Naxçıvandakı heykəllərinin hər ikisi üzü əski türk torpaqlarına doğru baxır. Bizi Bayburtda Dədə Qorqudun məzarı və abidəsi ilə tanış edən Şimal-Şərqi Anadolu İnkişaf Agentliyinin (KUDAKA) əməkdaşları bu Türk Atasının heykəli haqqında danışarkən Naxçıvan şəhərinin mərkəzi meydanlarından birində ucalan heykəli xatırlayıram və birinci sirli bənzərliyi özüm üçün kəşf etmiş oluram.
Masatköydə isə dastanlardakı kimi çadırlar qurulub, dünyanın müxtəlif ölkələrindən gələn insanlar Dədə Qorqudun məzarını ziyarət edir, onun haqqında danışır, oğuz igidləri halay çəkirlər. Qürurla daşıdığımız üçrəngli şanlı Azərbaycan bayrağının bir az aralıda durmuş rəqqasların əynindəki milli geyimlərimizdə və başları üstündə əks olunduğunu görməkdən qürurlu mənzərə ola bilməz, məncə. Hələ düz Dədə Qorqudun məqbərəsinin yanında İtaliyanın Milan şəhərindən olan bir professor sinyor Serjio sənə “mən də azərbaycanlıyam” deyirsə, bu qürur ikiqat artır. Elə Dədə Qorqudun abidəsi önündə Oğuz oğullarının bir-biri ilə yardımlaşma dastanının növbəti boyu hesab edilə biləcək bir əhvalat danışılır bizə. Bayburt valisi, XX əsrin 90-cı illərində isə İğdırın Aralıq ilçəsinin rəhbəri olmuş Hasan İpək Naxçıvandan gəldiyimizi bildikdə bizə bunu danışır. XX əsrin 90-cı illərində Naxçıvanın blokada şəraitində olduğu vaxt bütün türk dünyasının lideri, böyük şəxsiyyət Heydər Əliyevin Naxçıvanın qorunması, insanların ehtiyaclarının ödənilməsi üçün misilsiz xidmətlərindən və o zamankı xatirələrdən danışır. Deyir ki, Naxçıvanın bugünkü inkişafını görmək, bu qədər güclü olduğunu görmək hər bir türk insanı üçün qürur olmalıdır. Naxçıvan o ağır illərdən fərqli olaraq, anbaan, saatbasaat inkişaf edir.

Zülmdən qaçanların sığındığı müqəddəs məkanlar

Yəqin ki, çoxlarımız Allahdan üz çevirib bütlərə tapınan Dağ Yunus adlı hökmdarın zülmündən qaçıb Naxçıvandakı Əshabi-Kəhf mağarasına sığınan 7 kimsənəni xatırladıq. Tək Tanrıya inanan insanların ərşə çıxmış zülmə qarşı dirənişinin bir simvolu da məhz şimal-şərqi Anadoluda – Bayburt yaxınlığındakı Aydıntəpə yeraltı şəhəridir. Başdan-başa tarixi bir mədəniyyət xəzinəsi olan Bayburtun mərkəzindən 25 kilometr şimal-qərbdə yerləşən Aydıntəpədəki bu yeraltı şəhər haqqında tədqiqatçıların maraqlı bir fikri var. Onlar hesab edirlər ki, hələ xristianlığın Roma imperiyasında rəsmən qəbul edilmədiyi vaxtlarda romalılar tərəfindən qovulan ilk xristianlar bu bölgəyə gəlmiş və məhz bu yeraltı şəhərə sığınmışlar. Uzunluğu təqribən 1000 metr olan yeraltı yollarla hərəkət etdikcə həqiqətə inanan insanların zülmə qarşı dirənmək üçün nələrə qadir olduqlarının fərqinə varırsan. Yerin dərinliyindəki dumduru su mənbələri, sütunlar isə insanı valeh edir.

Günbəzli türbələr diyarı

Naxçıvanla şimal-şərqi Anadolu arasındakı üçüncü bənzərlik budur. Hər iki diyar türk-səlcuq mədəniyyətinin günbəzli türbələrini yaşatmaqdadır. Naxçıvanda memar Əcəmi Əbubəkr oğlu tərəfindən 1162-ci ildə tikilən Yusif Küseyiroğlu türbəsinə bir çox cəhətlərinə görə bənzəyən Ərzurum günbəzli türbələrinin üzərində Naxçıvan memarlıq məktəbinin ənənələrinin təsiri açıq-aşkar görünməkdədir. Ərzurumdakı Qoşaminarəli mədrəsənin cənubunda yerləşən ərazidə bu günə qədər olan üç türbədən biri və ən böyüyünün XIII əsrin sonu XIV əsrin əvvəllərinə aid olduğu ehtimal edilir. Tarixçilər hesab edirlər ki, bu, uzun zaman bölgədə hakimlik etmiş Əmir Saltukun türbəsidir. Kimə aid olduğu bilinməyən digər iki türbəylə Yusif Küseyiroğlu türbəsi arasındakı bənzərlik açıq-aşkar sezilməkdədir.

Müalicəvi əhəmiyyətli termal və mineral sular

Son illərdə Türkiyənin əsas səhiyyə mərkəzlərindən birinə çevrilməkdə olan Ərzurum termal sularla zəngindir və bölgənin inkişaf layihələrində kurort-sanatoriya turizminin inkişafı əsas yer tutur. Eyni ifadəni “Mineral suların təbii muzeyi” adlandırılan Naxçıvana da aid etmək olar. Ərzurumda Ekşisu ərazisində olan termal sular kimi Culfa ərazisindəki Darıdağ mərgümüşlü suları da müalicəvi əhəmiyyətə malikdir.

Tarixi qalalar və müdafiə tikililəri – tabiyalar

Şimal-şərqi Anadolunun turizm potensialının inkişaf etdirilməsi üçün bu gün təbliği aparılan əsas abidələr Bizans hakimiyyəti dövründən bu günümüzə qədər qalmış tarixi qalalardır. Ərzurum qalası, Bayburt qalası, Həsənqala, Oltu qalası, İspir qalası və başqaları ilə Naxçıvanqala, Əlincə qalası arasındakı bir çox cəhətlər bənzərdir. Ərzurum tabiyaları deyilən XIX əsrə aid tikililər isə özünəməxsusdur. Ən məşhurları Əziziyyə və Məcidiyyə olan 19 Ərzurum tabiyası Osmanlılar tərəfindən rus hücumlarından müdafiə məqsədi ilə tikdirilmişdir.

İpək Yolu üzərində yerləşən tağlı körpülər

Xudafərin, Ziyaülmülük, Aza, Əlincəçay, Qazançı, Ləkətağ körpüləri. Bunlar Böyük İpək Yolunun ən mühüm qollarından birinin keçdiyi Naxçıvan tarixinin ən möhtəşəm yadigarlarıdır. Əsrlər boyunca Naxçıvan kimi Ərzurum və ətrafındakı ərazilər də ticarətin ən mühüm mərkəzlərindən olmuş, mədəniyyətlərin qovşağına çevrilmişdir. Çobandədə, Dərvişağa, Karaz, Nəbi xanları tağlı körpüləri də məhz bu tarixin xəbərçiləridir.

Milli azadlıq hərəkatının yol xəritəsinin müəyyənləşdirildiyi iki şəhər

Bu, bəlkə də, Naxçıvanla Ərzurum arasında ən maraqlı bənzərlikdir. Osmanlı dövlətinin faktiki olaraq dağıldığı bir vaxtda – 3 iyul 1919-cu ildə gələcək qurtuluş savaşının rəhbəri Mustafa Kamal paşa məhz Ərzuruma gəlmiş, 52 gün burada qalmış və türk milli azadlıq hərəkatının, yeni dövlət quruculuğunun yol xəritəsi burda çəkilmişdir. Eyni ilə XX əsrin sonunda ümummilli lider Heydər Əliyevin Naxçıvana gəlməsi və müstəqil Azərbaycan dövlətinin inkişaf istiqamətlərinin məhz Naxçıvanda müəyyənləşdirilməsi kimi. Əgər bir-birinə çox bənzəyən bu iki hadisə baş verməsəydi, bizim Ərzurumda milli kimliyimizlə qürur duya-duya Azərbaycan bayrağını dalğalandırmağımız, Dədə Qorqud şənliklərində halay çəkməyimiz, Bayburt Qalasında Koroğlunun qəhrəmanlıqları haqqında qürurla danışmağımız, Ərzurum tarixinin yadigarları ilə tanış olmağımız mümkün olacaqdımı? Bu sualın cavabını kimsəyə verməyə məcbur deyilik, artıq. Biz müstəqilik, birik və bərabərik. Tanrı azadlığımızın qədrini bilənləri qorusun!

Elnur KƏLBİZADƏ

Naxçıvan-Ərzurum-Bayburt-Naxçıvan