Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı iyunun 29-30-da Türkiyə Respublikasının Gümüşhanə vilayətinin Şiran Bələdiyyəsinin dəvəti ilə burada keçirilən IV Şiran Tomara Şəlaləsi Mədəniyyət və Turizm Festivalında iştirak etmişdir. İyunun 29-da festivalın təntənəli açılış mərasimindən sonra Mahnı və Rəqs Ansamblının ifasında Azərbaycan rəqsləri, solistlərdən Qəribə Həsənova və Mahmud Tağıyevin ifasında isə xalq mahnıları ifa olunmuşdur.
Festivalın proqramına uyğun olaraq, bir neçə dəfə müxtəlif saatlarda çıxış edən ansamblın ifaları alqışlarla qarşılanmışdır.
Türkiyənin tanınmış sənətçilərinin də ifası dinlənilən festivalda müxtəlif əyləncə proqramları təşkil olunmuş, folklor kollektivlərinin iştirakı tamaşaçılarda maraq doğurmuşdur.
Festival iştirakçıları Gümüşhanə vilayətinin, o cümlədən Şiran ərazisinin görməli yerlərində olmuş, Ö.Çələbi Seyrəngahını gəzmişlər.

Əli RZAYEV