Milli varlığımızı təsdiq edən dəyərlər mövcuddur ki, bunlar vətəni vətən, xalqı xalq edən mədəniyyətimiz, adət-ənənələrimizdir. Bu adət-ənənələr bizi həm digər xalqlardan fərqləndirir, həm də eyni kökə malik xalqlarla birləşdirir. Adət-ənənələrimizi qorumaq bizim borcumuzdur. Adət-ənənələr, mental dəyərlər bu və ya digər xalqın qədimliyinin isbata ehtiyacı olmayan sübutudur. Heç bir xalq öz dəyərlərini başqa xalqların dəyərlərinə güzəştə getməməlidir.

Bu yazıda hamının diqqətini çəkən və hər dövr üçün populyar olan bir adətdən, mərasimdən söhbət açmaq istərdik. Bu mərasimlərin ən dəbdəbəlisi olan toy məclisidir. Toy mərasimi bütün xalqların mədəniyyətində mövcuddur.
Toy Azərbaycan xalqının mədəniyyətində mühüm yerlərdən birini tutur. Hər bölgənin özünə aid toy adəti vardır. Azərbaycan milli toy adətləri bir-biri ilə bağlı olan mütəşəkkil sistemdir və bu sistem öz rəngarəngliyi ilə seçilir.
Adət-ənənələrimizə dair böyüklərimizin qürurla, fəxrlə bəhs etdiklərini şahidi olduğumuz mənzərələrlə müqayisə edərkən böyüklərimizin köks ötürərək danışdıqları adətlərin getdikcə bizdən uzaqlaşdığını görürük.

Ordubad rayonunun Gənzə kənd sakini Əhrəman İmanov bu mövzu ilə bağlı xatirələrini bizimlə bölüşdü: “O vaxtlar belə deyildi, bala. Adət-ənənələrimizə həm gənclər, həm də yaşlı nəsil qiymət verirdi. Adət-ənənələr bizi ucaldar. Bu adət-ənənələrimizi qorumalıyıq ki, əbədiyaşarlığımızı təmin edə bilək”.
Əhrəman kişinin fikirləriylə razılaşırıq. Onun dediyinə görə, əvvəllər Ordubadda toylarda yemək-içmək sarıdan indiki kimi ifrata yol verilmirdi.
Yemək-içmək önəmlidir, ancaq toyun mahiyyəti “yemək”, “bahalı içkilər”, “yersiz dəbdəbə” və “idxal musiqi” olmamalıdır.
Əvvəllər gəlinin üzünü xüsusi qırmızı örtüklə örtərdilər, indi isə bəzi bölgələrimizdə örtük dəb, forma halına salınıb. Bizim keçmişimizdən xəbər verən bu adətə bir neçə dəqiqəlik əməl etmək heç kimin modernliyini pozmaz, əksinə, rəğbətə səbəb olar.

Modern ölkələrin bir çoxu – İngiltərə, Şotlandiya, Çin, Yaponiya və sair bu kimi ölkə­lər ilin müxtəlif zamanlarında təşkil etdikləri mərasimlərdə qədim adətlərlə gənc nəsli tanış edirlər.
Kənd toylarında adət-ənənələr şəhər toylarına nisbətən yaşadılmaqdadır. Bu toylarda müasir ansamblla yanaşı, qara zurna, saz kimi dəyərli çalğı alətlərinin ifaçılarını da görə bilirik.
Toylarımızda qız evində cavan qız-gəlinlər “haxışta” deyirlər:

Al almağa gəlmişik,
Şal almağa gəlmişik.
Oğlanın adamıyıq,
Aparmağa gəlmişik.

Toy adət-ənənələrimiz Naxçıvanın kəndlərində yaşadılsa da, şəhər toylarında lüzumsuz modernlik hökm sürür. Restoranlarda quş südü, can dərmanı əskik olmur. Salatların çeşidləri, milli və yabançı mətbəxlərdən olan nümunələr süfrələri “bəzəyir”. Bəzəməyinə bəzəsin, ancaq toy şadlıqla bitməlidir, deyilmi?!
Toylarımızda olan yeməklərin çeşidliliyi hər orqanizm tərəfindən eyni cür qəbul edilmir. Zəhərlənmə faktları toydakı şadlığın bir anda xoşagəlməz hadisələr üzündən üzüntü, bəzən kədərlə əvəzlənməsi ilə nəticələnir.
Şərur rayonunun Yengicə kənd sakini Nəriman İsmayıl­ovdan söhbətimiz zamanı Şərurda hazırda yaşadılan adət-ənənələri xəbər aldıq. Nəriman İsmayılovun dediyinə görə, əvvəllər toylar daha maraqlı imiş. İndi isə toylarda çalınan mahnıların bir qismi əksəriyyət tərəfindən başa düşülmür, insanlar bilmədiyi, anlamadığı mahnıları sırf modernlik xatirinə dinləyir və ya onun sədaları altında “rəqs” edirlər. Ancaq bu, modernlik yox, adət-ənənələrimizə Qərb yamağı vurmaqdır.
Şərur kəndlərinin toylarında qara zurna toya gözəllik, doğmalıq bəxş edir. Toylarda bəyə və bəyin yaxın əqrəbalarına təriflər deyilir. Adına tərif deyilən şəxslər tərif deyəni mükafatlandırırlar.
“Qaz-qazı” yallı növü ən populyar rəqsdir. Qadın-kişi, böyük-kiçik – hər kəsin toplu halda oynadığı bu oyunu seyr etməyə dəyər. Nizam-intizamla və xüsusi qaydalarla oynanılan bu oyun çox maraqlıdır.
Şərur toylarında “Şərur yallısı” adı ilə oynanılan yallı çox maraqlıdır. Uşaqdan böyüyə hamıya xoş təsir bağışlayan bu yallı bizim ən gözəl dəyərlərimizdəndir. Şərurda yallının 20-dən çox növü məlumdur. Vaxtilə burada 100-ə yaxın yallı olub. “Çolağı”, “Üç addım”, “Qaz- qazı”, “Köçəri”, “İkiayaq”, “Qaleyi”, “Çöp-çöpü” və sair.
Culfa rayonunun Xoşkeşin kənd sakini Raziyə İmanova toylar haqqında danışarkən qeyd etdi ki, əvvəlki adət-ənənələr üçün çox darıxıb. 87 yaşlı bu qadın öz adətlərini deyil, “alınma adətlər”i icra edənlərdən şikayətləndi.
Azərbaycanın toy adət-ənənələri həm başqa xalqların adətlərinə təsir etmiş, həm də özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürmüşdür. Toy adətlərinə zəmanənin də təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların, bir qayda olaraq, xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqslərinin hazırlanması (bu rəqslər arasında, çox təəssüf ki, milli rəqslərimiz deyil, “vals” yer alır), mələk libasında kiçik qızların bəylə gəlinin ətrafında rəqs etməsi (Avropa toy mərasimindən götürülmüş bu dement son vaxtlar toyun əsasını təşkil edir), toyda müasir rəqs üçün vaxt ayrılması və sair və ilaxır.
Bizim rəqslərimizdə incəlik, naz-qəmzə, ya da igidliyi tərənnüm edən xüsusi hərəkətlər mövcuddur. Amma nədənsə bizim diqqətimizi ən çox başqa xalqların rəqsləri çəkir. Toylarda bəylə gəlin vals oynamaq üçün xüsusi kurslara yazılır, milli rəqs müəllimlərinin yerinə əcnəbi müəllimlər dəvət edilir, rəqslərini, mədəniyyətlərini öyrənmək, mənimsəmək üçün pul təklif olunur. Elə buradaca belə demək yerinə düşərdi: “Sabirimiz yoxdur, halımıza gülsün”.
Bəzi regionlarımızda adət-ənənələrimizin, keçmişimizin nəfəsi hələ də duyulan toy məclisləri keçirilsə də, dediyimiz kimi, bu, çox az yerlərdə qalmaqdadır. Biz demirik, müasir olmayaq, ya da bəşəri dəyərləri rədd edək, qətiyyən. Biz deyirik ki, bizi var edən dəyərləri, bizliyimizi əcnəbi mədəniyyətinə qurban verməyək.
Toylarımızı bəzəyən “Vağzalı” rəqsi çox təəssüf ki, bəzi şəhər toylarında “Mendelson” la əvəzlənib.
“Vağzalı” rəqsi çox qədimdən toylarımızın şah əsəri olub. Bu rəqslə gəlin bəy evinə yola salınır.
XVI əsrdə qaraqoyunluların böyük bir qəbiləsi Azərbaycanda məskən salır. Onlar çoxlu mahnı və rəqslər yaratmış, lakin bunlardan tarixdə yalnız “Qarabağ ağrısı” qalmışdır. Daha sonralar bu musiqi iki hissəyə ayrılaraq “Asta Qarabağı” və “Vağzalı” musiqilərinə çevrilmişdir.
Folklorumuzda olan müəyyən inanclar vaxtilə toy adətlərimizdə də yaşamışdır. Böyük nişan mərasiminin nişantaxdı toyu zamanı oğlan evindən qız evinə “bəxt güzgüsü” adlanan güzgü gətirilir. O, sonra gəlin­apardı toyunda bəy evinə gətirilir. Ona baxan gəlin guya gözdolusu gələcək ağ günlərini görür, güzgü onu cəmi xəta-bəladan, bədnəzərdən qoruyur. İnanclara görə, toy günü güzgü sınarsa, evlənənlər tez bir zamanda ayrılar. Ona görə də bütün toylarda gəlin güzgüsü göz bəbəyi tək cidd-cəhdlə qorunar. Bu güzgü ayrı-ayrı yerlərdə “bəxt aynası”, “gəlinlik güzgüsü”, “nişan güzgüsü”, “tale güzgüsü” adlanır.
Toyun əsas atributlarından biri də bəzəkli, al-əlvan xonçalardır. Toy-nişan mərasimlərində oğlan evinin xonçalarına keçmişdə konusvari kəllə qənd yerləşdirilirdi. Qənd şirinliyi ilə yanaşı, özünün dümağ rəngi ilə saf işığı, ağ günü təmsil edir.
Toydan bir gün sonra “duvaqqapma” adlanan mərasim keçirilir. Qız evinin gətirdiyi xonçalardakı şirniyyatdan qonaqlara paylanır.
Müasir zamanımızda qiymətli adətlərimizin yerini bəzi qondarma, uydurma mərasimlər alır. Ancaq qeyd etdiyimiz kimi, adət-ənənələrimizi yaşadanlar da yox deyil.
Diləyimiz xalqımızın, xüsusən də gənclərimizin adət-ənənələrimizi qiymətləndirməsi və onlarla fəxr etməsidir. Qoy toylarımızdan “Vağzalı” səsi kəsilməsin.
Qoy bu sual heç vaxt eşidilməsin: “Vağzalı”, yoxsa “Mendelson”?!”

Nərgiz İSMAYILOVA