Məmməd Arazın ev-muzeyinin yaradılması naxçıvanlı ziyalılar tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanmışdır

Lirik poeziya insan duyğularının, insanın ürək döyüntülərinin yüksək ifadə vasitəsidir; gündəlik həyatda insanın qəlbindən keçən fikir və düşüncələrin, iztirab və kədərin, sevinc və nəşənin hər bir şəxsə nəsib olmayan ifadə tərzidir. Bu, insan qəlbini riqqətə gətirən, ona qüvvət verən həqiqi poeziyadır. O poeziya ki, onun hər bir nümunəsi insanların dəfələrlə üzləşdiyi, lakin kifayət qədər mənalandıra bilmədiyi hadisələrin yüksək obrazlılıqla mənalandırılması ilə yaranır. Belə əsər müəllifləri olan söz sənətkarının hər misrası, beyti, bəndi bədii kəşflərlə dolu olur.
Azərbaycan ədəbiyyatının bədii kəşflərlə dolu yaradıcılığı olan görkəmli nümayəndələrindən biri də Xalq şairi Məmməd Arazdır. Məmməd Araz sözün köməyi ilə sənəti əbədiləşdirən və söz sənətində əbədiləşməyi bacaran istiqlal şairidir. Onun poeziyası, geniş mənada, son dərəcə mürəkkəb aləmin poetik bir dillə müasir və gələcək nəsillərə nümunələr toplusundan ibarətdir. Xalq şairi zaman-zaman baş vermiş tarixi hadisələrə sözün, söz sənətinin gücü ilə yenidən nəfəs verir, onu unudulmağa qoymur:

 

       Bununlamı neçə dəfə
       Ata-oğul, qardaş hissi haçalandı,
       Bir şəhərin
       Beş qardaşın xanlığına parçalandı?

Bu xatırlatma həm də ibrət dərsi kimi insan şüuruna hakim kəsilir:

       “Məndən ötdü...”
       Bunu dedi Şəki xanı,
       Bunu dedi Bakı xanı,
       Bunu dedi İbrahim xan,
       Fətəli xan, Kəlbəli xan...
       “Qəza ötsün məndən” – dedi,
       Ötən kimi “mən-mən” dedi.
       “Mən-mən” dedi bir ölkədə nə qədər xan.
       Onlar “mən-mən” deyən yerdə
       Sən olmadın, Azərbaycan!

Azərbaycanda istiqlal təfəkkürünün formalaşmasında və təkamülündə Məmməd Araz yaradıcılığının xüsusi rolu olub

Şairin xalqımızın əsrlərlə formalaşmış yüksək milli və mənəvi dəyərlərini tərənnüm edən əsərləri insanımıza vətənpərvərlik və mübarizlik ruhu aşılamış, bizi milli birlik və bütövlüyə səsləmişdir. Bu birliksə mübarizə aparmaqla mümkündür. Onun xalqa bağlılıq, milli kolorit, rəvan dil və ahəngdarlıqla səciyyələnən poeziyasında yüksək vətəndaşlıq ruhu hökm sürür. Şairin qələmindən çıxan hər bir poeziya nümunəsi özünəməxsusluğu, orijinallığı və bədii məziyyətləri ilə seçilir. Azərbaycanda istiqlal təfəkkürünün formalaşmasında və təkamülündə Məmməd Araz yaradıcılığının xüsusi rolu olub.
Ötən əsrin 60-70-ci illərində ədəbiyyata gələn şairlər əvvəlkilərdən fərqli olaraq, kommunist ideologiyasına bu və ya digər dərəcədə zidd olan əsərlər yaradırdılar. Bu dövrün söz ustaları Azərbaycanın ağrılarını öz əsərlərində əks etdirməklə nəsillərin qan yaddaşının düzgün formalaşmasına örnək olmuşlar. Totalitar rejimin hər cür açıq sözün qarşısına sipər çəkməyə, haqqı, ədaləti azdırmağa çalışdığı dövrlərdə də Məmməd Araz poeziyasının cəsarəti zamanın ehkamlarına qarşı dayanmışdır:

       Mənə şərəflidir belə ölümlər,
       Qoy batsın sinəmə, batsın min nizə.
       Arazdan, cənubdan yazdığım əgər
       Dünyada ən böyük cinayət isə.

Əlbəttə ki, bu dövrdə şair və yazıçıların milli ideologiya ilə silahlanması, əsərlərdə xalqın mədəniyyətinin, tarixinin cəsarətlə təbliğ olunması onların sovet ideologiyasından müdafiəsi ilə mümkün idi. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən əsrin 70-ci illərində Azərbaycan ədəbiyyatının bu istiqamətdə inkişafı üçün hərtərəfli siyasi-ideoloji, mənəvi şərait yaradıldı. Belə ki:
– görkəmli söz sənətkarlarının yubileyləri təntənəli şəkildə qeyd olunur, onların işıq üzü görməyən milli ruhlu əsərləri çap edilərək cəmiyyətə təqdim olunur;
– onlar vulqar sovet ideologiyasından müdafiə edilir;
– Azərbaycan yazıçılarının qurultayları keçirilirdi.
Bütün bunlar M.Araz, X.Rza, B.Vahabzadə kimi yaradıcılığı bütövlükdə milli ruhun təbliğindən ibarət olan şairlərimizi daha da cəsarətləndirir, onlara poetik material əldə etməyə imkan verirdi.
Məmməd Araz keçmişi də, bu günü də düşünəndə ona təkcə şair qəlbi ilə deyil, təfəkkür gözü ilə baxır, Vətənin hər zərrəsində məna axtarırdı. Onun hadisələrə bədii-fəlsəfi baxışı həmişə aparıcı mövqedə durur. Zaman keçdikcə bu səmimi hisslər daha dərin mənalarla ümumiləşdirilib orijinal, ardıcıl və sistemli poetik obrazlarla ifadə edilərək “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” qənaəti ilə yekunlaşdırılır.
Yaradıcılığının ilk illərində daha çox təbiət və məhəbbət lirikasına üstünlük verən şairin şeirlərində konkret detallar və onların vasitəsilə təbliğ edilən vətənpərvərlik ruhu sonralar daha aparıcı mahiyyət daşımışdır. Bu ruh torpağa, vətənə məhəbbət hissləri ilə əlaqələndirilir, ümumiləşdirilmiş poetik məna kəsb edir.

Məmməd Arazın əsərləri ümumxalq dilini zənginləşdirən kamil yaradıcılıq nümunələridir

Sözə qiymət vermək, onu misra daxilində yerində və fikir elementi kimi işlətməyi bacarmaq, misra və bəndlərin məna dəyərini və tutumunu gücləndirməklə şerin obrazlı poetik sistemini qorumaq Məmməd Araz poeziyasının başlıca xüsusiyyətlərindən biridir.
Məmməd Araz şerində obrazlılığın kövrək təbiət detalları ilə ifadəsini də görürük. Təbiət hadisələrinin və detallarının incəliklərini hiss və dərk etmək bacarığı Məmməd Araz poeziyasının təsir gücünü, poetik mahiyyətini daha da artırır:

       Qıy vuran qartallar yox oldu çəndə,
       Nərgizlər saraldı şehli çəməndə.
       Ey qaragöz pəri, dalımca sən də
       Boylan, salamat qal, bax, salamat qal!

Müdrik və təsirli ifadələrlə zəngin Məmməd Arazın əsərləri ümumxalq dilini zənginləşdirən kamil yaradıcılıq nümunələridir:

       İti bazarında atından baha,
       Mən belə dünyanın nəyindən küsüm? –

şairin birinci misrası ifadə forması baxımından dilimizin fikri ifadə zənginliyini, mətnaltı mə­nası isə dildə yeni müdrik deyimin yarandığını göstərməkdədir.
Məmməd Araz sənətə gəldiyi gündən xalq onu əsl şair kimi sevib qəbul etmişdir. Öz əsərləri ilə Azərbaycan poeziyasına yeni ruh gətirən, onun inkişafına təkan verən Məmməd Arazın şeirləri hansı ictimai-siyasi quruluşda yaranmasından asılı olmayaraq, onlar həqiqi sənət əsərləri, poetik kəşflərlə, xalq məsəlini xatırladan aforizmlərlə, obrazlı poetik nümunələrlə zəngin əsl poeziya nümunələridir.
Şair yaşa dolduqca, dünyanın gərdişini “ağlı əritdikcə” haqla nahaqqı ayırd etməyə başlayır, nahaqqın zalımlığından Tanrıya sığınır:

       Bu dəyirman: nahaqqı dən, haqqı dən,
       Bölən böldü: nahaqqı tən, haqqı tən,
       Nahaqqa tən olan yerdə haqq itən...
       Tanrım, məni məndən qoru bu yaşda.

Şairin ədəbi irsi hər zaman yüksək qiymətləndirilib

Azərbaycan vətənpərvərlik poeziyasının öncüllərindən olmuş Məmməd Arazın şeirləri fəlsəfi mükəmməlliyi, yüksək sənətkarlığı ilə yanaşı, milli ruhun, vətəndaşlıq məsuliyyətinin hakim kəsildiyi poeziya nümunələri kimi bəşəriyyət durduqca yaşayacaqdır.
Məhz bu məziyyətlərinə görə Məmməd Arazın ədəbi fəaliyyəti istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik illərində yüksək qiymətləndirilmişdir. O, “Əməkdar mədəniyyət işçisi”, “Xalq şairi” fəxri adlarına, dövlət mükafatına layiq görülmüş, “İstiqlal” ordeni ilə təltif olunmuşdur. Bu günlərdə ədibin 80 illik yubileyinin qeyd olunması və doğma Nursu kəndində ev-muzeyinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sərəncamlar Xalq şairinin ədəbi irsinə verilən böyük qiymətlə yanaşı, onun yaradıcılığının və ömür yolunun daha əhatəli şəkildə öyrənilməsinə böyük vətəndaşlıq töhfəsidir. Yaradıcılığı başdan-başa “Vətən” anlayışının poetik təhlilindən ibarət olan Məmməd Araz yaradıcılığına verilən bu yüksək dəyər naxçıvanlı ziyalılar tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanmışdır.

 Səyyar MƏMMƏDOV