Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən əsgərlər arasında “Dövlətimi, xalqımı, ailəmi qoruyuram” mövzusunda əsgər məktubu müsabiqəsi keçirilmişdir.
İyunun 24-də Heydər Əliyev Mərkəzində qaliblərin mükafatlandırılması mərasimi olmuşdur. Mərasimdə bildirilmişdir ki, “Vətənə əsgər kimi xidmət etməyin müqəddəsliyi nədir?”, “Azərbaycan əsgəri dövləti, xalqı, ailəsi qarşısında öz borcunu necə yerinə yetirir?”, “Azərbaycan əsgəri, orduda xidmət barədə fikir və duyğularını bölüş, ən yaxşı əsgər məktubunun müəllifi kimi qalib ol” kimi məqamları əhatə edən əsgər məktublarının hər biri Vətən torpağına böyük sevgi və məhəbbətlə qələmə alınmışdır.
Müsabiqədə ilk 3 yeri tutan qaliblərlə yanaşı, fərqlənən daha 50 nəfərə həvəsləndirici mükafat və diplomlar təqdim edilmişdir.
Qalib əsgərlər belə bir müsabiqənin keçirilməsinə görə minnətdarlıqlarını bildirmiş, Vətən qarşısındakı xidməti borclarını şərəf və ləyaqətlə yerinə yetirəcəklərini söyləmişlər.
Tədbirdə “Naxçıvan” Sərhəd Diviziyasının əsgər heyətindən Elvin Dadaşov və Elbəy İbrahimli iştirak etmişlər. Onlara diplom və hədiyyələr təqdim edilmiş, məzuniyyət verilmişdir.

Xəbərlər şöbəsi