İyunun 26-da Naxçıvan şəhərinin baş meydanında – Heydər Əliyev Muzeyinin qarşısında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə Naxçıvan Qarnizonu Hərbi Orkestrinin bayram konserti olmuşdur.
Konsertdən əvvəl çıxış edən “N” saylı hərbi hissənin zabiti, baş leytenant Rəşad Məmmədov demişdir ki, Azərbaycan dövlətinin ən böyük dayağı, onun sütunu Azərbaycanın Silahlı Qüvvələridir. Azərbaycanın dövlət müstəqilliyinin ən dəyərli bəhrələrindən biri Azərbaycanın Milli Ordusunun yaranması, onun müasir tələblərə uyğun hazırlanmasıdır.
Qeyd olunmuşdur ki, müstəqil Azərbaycanda milli ordu quruculuğuna ulu öndərimizin rəhbərliyi ilə Naxçıvan­da başlanmışdır. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycanda Silahlı Qüvvələrin təşkili prosesi yeni vüsət almış, ordu quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Bu gün ulu öndərin ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Respublikasının digər yerlərində olduğu kimi, Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrin də maddi-texniki təminatı davamlı olaraq möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Bu gün Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasındakı birləşmə və hissələrinin şəxsi heyəti döyüş hazırlığını durmadan yüksəldir, torpaqlarımızın etibarlı müdafiəsini təmin edirlər. Əminliklə demək olar ki, Naxçıvanın müdafiə potensialı yüksək səviyyədədir. Naxçıvandakı hərbi hissələr istənilən hücumun qarşısını almağa və eyni zamanda istənilən hərbi əməliyyatı yerinə yetirməyə qadirdirlər.
Bayram konsertində Naxçıvan Qarnizonu Hərbi Orkestrinin ifasında səslənən marşlar və milli musiqi nömrələri meydana toplaşan tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Konsert Naxçıvan Dövlət Televiziyası ilə canlı yayımlanmışdır.

“Şərq qapısı”