İyun yay ayıdır. Biz yazın girməsini martın 21-dən hesablayırıq və belə olduqda, deməli, iyun ayının 21 günü də hələ yazdan sayılır. Məqsədim astronomiya elmini araşdırmaq, ona yenilik gətirmək deyil, bu, mənim imkanım xaricindədir. Bir onu bilirəm ki, dünyanın əksər xalqları, millətləri iyun ayını yay ayı kimi hesablayırlar. Bizim Naxçıvanda da iyun yay ayı kimi bir şeydir, nədən ki, aranda havalar isinir, çöl-bayırın ot-alafı yavaş-yavaş soluxmağa başlayır və insanlar istirahət üçün üz tuturlar sərin-sərin yerlərə. 

Batabat yaylaqları: Batabat meşələri, bu meşələri dövrələyən səsli-sədalı, haylı-küylü dağ çayları, üzən adaları ilə dildən-dilə düşən göllər, Zorbulaq, Turşsu, dağ döşlərində, yal-yamaclarda bitən və minbir dərdə çarə olan şəfalı otlar, ormanların başı üstündən xışıltı ilə ötüb keçən yellər, bu yerləri ana qucağı kimi dövrələyən dağların arxasından qəfil peyda olan bir əlçim buluddan göz açıb-yumunca səni cumculuq eləyən leysan yağışı və yenə göz açıb-yumunca başının üstündə parlayan əlahəzrət Günəş, qırmızı palıdın daldalanacağından, çoban alaçığından, arıçı çadırından çıxan uşaqların səsləri... Xülasə, bütövlükdə, Batabat qonaq-qaradan yorulub usanmayan ev sahibi kimi hamını həlim, mehriban, gülərüz qucağına çağırır. Bir də ki, Batabat naxçıvanlı üçün Abşeron çimərlikləri, Bodrumun, Antaliyanın, adını eşidib üzünü görmədiyim Havay adalarının, Quş adasının qiymətlərini soruşanda əlin üzündə qalan bahalı otelləri deyil ha?! İstəsən, lap elə bir tikə pendir-çörəyini götür gəl, kimdir, səndən pul-para istəyən? Batabatda hər şey havayıdır, pulsuzdur, əksinə, qayıdanda Batabat sənə nəsə ərməğan edəcək. Və təkcə Batabatmı? Naxçıvanın bütün istirahət guşələri: Tillək meşələri, “Yarpaqlı yaylağı”, “Şəfa bulağı”, “Söyüdlü”, “Südlü” bulaqların başı, irili-xırdalı səfalı yerlər kimin üçündür? Doğma yurdumuzun hər qarışında dincəlməyə haqqımız var. Çünki bu yerlər bizi sevir və istəyirəm, yazam ki, biz də onları sevirik, onları qoruyuruq, ana təbiətin bəxş etdiyi səliqə-sahmanı saxlamağa çalışırıq, təmizliyinə öz ev-eşiyimizə baxdığımız kimi baxırıq və sair və ilaxır. Və bu məqamda görürəm ki, qələmim, kağızım mənə qəribə nəzərlərlə baxır, sanki demək istəyirlər ki, adam üzgörənlik eləməz, halal sözünə haram qatmaz.

Əhvalat: Sovet imperiyasının “mənəm-mənəm” deyən vədəsi idi və 15 “qardaş” respublikadan savayı, Rumıniya, Polşa, Çexoslovakiya, Macarıstan – xülasə, demokratik, yainki xalq respublikası adlandırdığımız neçə ölkəyə də gediş-gəlişimiz vardı. Gediş-gəliş də ki asan, marşrut avtobusu ilə Nehrəmə, Cəhriyə, Şərura, Ordubada, xülasə, saysız-hesabsız kənd-kəsəyimizə, irili-xırdalı şəhərlərimizə getdiyimiz kimi. Bir o vardı ki, gərək qayıdan baş soruşanda “orda dolanışıq yaxşıdır, ya burda?” – onda gərək hökmən deyəydik ki, bizdə hər şey oralardakından qat-qat yaxşıdır. İnanan daşa dönsün.
Həmin dövrdə sadaladığım, sadalamadığım “demokratik”, “xalq”, “sosialist” respublikalarından ittifaqa da saysız-hesabsız qonaqlar, turistlər, rəsmi nümayəndə heyətləri və başqa tərkibli xarici vətəndaşlar gəlirdilər. Bizim də payımıza az qonaq düşmürdü. Bu qonaqlara qonaqpərvərlik göstərməkdən həzz alırdıq. Dediyim o zamanlarda bizə də qonaq düşmüşdü. Qonaq da alman jurnalisti idi. Biz bu qonağa naxçıvanlı qonaqpərvərliyinin kulminasiya nöqtəsini göstərmək istəyirdik. Yay ayı olduğuna görə o vaxtın kolxoz bazarında hər cür yerli məhsul tapmaq olardı. Xok lavaşı, Nehrəm pendiri, Ordubad meyvəsi, Milax tərəvəzi, Kükü balı, Şərur bostanlarının qovun-qarpızı – nə başınızı ağrıdım, can dərmanı desən, quş südü istəsən, tapılardı. Məclisimiz, əlbəttə ki, almansayağı yox, bizimsayaq planlaşmışdı: əvvəlcə quzu ətinin buğlaması, sonra kabablar, içkilər, bir-birindən uzun zəhlətökən tostlar (guya ki, alman dediklərimizi qanacaqdı). Başağrısı olmasın, lazımi ləvazimatları üstü açılıb-örtülən “Raf” maşınımıza doldurduq, “qoyun bazarından” aldığımız quzunun qol-qıçını kəndirləyib arxa sıraya yıxdıq. Bu əsnada qonaq məndən soruşdu ki, bu quzunu nə əcəb özümüzlə götürürük? Və mənim cavabımı gözləmədən quzunun başını tumarlamağa başladı. Mən qonağa başa saldım ki, bir-iki saatdan sonra bu quzunu kəsib yeyəcəyik. Bunu deyən kimi bilmirəm, qonaq diksindi, yainki qeyri-iradi bir ah-naləyə bənzər səs çıxardı və mənim üzümə elə qəribə nəzərlərlə baxdı ki, düşündüm, bu qadın elə bu saat dəlixanadan qaçıb. Artıq bir saatdan sonra dediyim kimi, quzunun qanı Batabatın yamyaşıl otlarını, min rəngə çalan çiçəklərini qırmızıya boyamışdı. Alman qonağımız xeyli aralıda dayanıb dağlara, ağaclara, tanımadığı ot-əncərlərə – bir sözlə, əsrarəngiz təbiətimizə acgözlüklə baxırdı. Deyəsən, bizim çox böyük canfəşanlıqla hazırlıq gördüyümüz yeyib-içmək məclisi onu bir zərrə də maraqlandırmırdı. Bu tərəfdə isə şıdırğı iş gedirdi. Naxçıvanlıların “bozpört” dedikləri buğlama pıqhapıqla qaynayır, kabab şişləri yan-yana düzülür, tələsənlər pendir-çörək yeyir – xülasə, əsl süfrə açmağımıza çox qalmır. Qonağımız bizimlə bir süfrədə oturmadı və özünün əl çantasında gətirdiyi “buterbrod”u ağız şirinliyi ilə yeyə-yeyə görmədiyi təbiətə aludəçiliklə “Qut, zehr qut” (yaxşı, çox yaxşı) deyə-deyə hər gülə-çiçəyə, ağac-budağa heyranlıqla baxırdı. Nəhayət, bizim təbiətin qoynunda açdığımız süfrə də boşaldı və ətrafımız bir xeyli sür-sümük, çörək, meyvə, tərəvəz parçaları ilə doldu. Və mənim təklifim o oldu ki, heç nəyə əl vurmayaq, ətrafda nə varsa, bunlar da qurd-quşun payı olsun və bununla, mən guya heyvanat aləminə olan qayğımı, məhəbbətimi göstərmək istəyirdim. Yoldaşlarım da mənimlə razılaşdılar və yola düzəldik. Mən yol boyu alman həmkarıma qoyun-quzu kəsib yeməyin qəbahət olmadığını izah edirdim, hətta İbrahim peyğəmbər oğlu İsmayılın başını Allah yolunda qurban kəsmək istəyərkən böyük Yaradan peyğəmbərin hüzuruna bir qoç göndərib uşaqla qoçu əvəzləşdirmək rəvayətini də nağıllayırdım. Onu da izah etməyə çalışırdım ki, guya o vaxtdan insanoğlu daraşıb qoyun-quzunun canına. Və bir də izah elədim ki, siz də gündə qoyun-quzu, dana-buzov demirəm, milyonlarla günahsız donuz balasını kəsib yeyirsiniz. Sizə olar, bizə yox? Amma mənim bu izahatlarım, çox yəqin ki, qonağın beyninə girmirdi və fikri-zikri o quzunun yanında idi.
İndi yenə keçirəm sözümün canına. Sözümün canı onda deyil ki, hansı millət, hansı xalq hansı heyvanın ətindən istifadə edir, ya etmir. Sözümün canı odur ki, yay mövsümü gəlir və biz hamımız qarşıdakı isti yay günlərini harada və necə keçirəcəyimiz haqqında da düşünürük. Yenə qayıdıram 25-30 il əvvəlki süfrə əhvalatına. Qoy oxucu özümüzü pinti, avropalını təmizkar kimi qələmə verdiyimi düşünməsin və məni qınamasın. Söhbət millətlərin təmiz, ya pinti olmasından getmir. Söhbət təbiətə qayğıdan gedir. O vaxt da təbiətə qayğı barədə geninə-boluna danışırdıq, indi də bu təbliğat davam edir. Bəs fərq nədə idi və nədədir? Fərq onda idi ki, və ondadır ki, o vaxt sözlə əməl arasında vəhdət yox idi. Qayğı sözü vardı, qayğının özü yoxudu. İldə bir dəfə iməcilik keçirməklə təbiətdən heç nə ummaq olmazdı. Məhz ona görə də imperiya dağılandan sonra bizə elə dağıdılmış təbiət miras qaldı. Bəs biz neylədik? Düzdür, ötən əsrin 90-cı illərinin əvvəllərinin o ağır günlərində insanların soyuqdan donmamaları üçün yüz minlərlə irili-xırdalı ağac kəsildi. Başqa çarə yox idi, ağac insandan qiymətli deyildi ki?!
Amma həyat belə də davam edə bilməzdi. Bu gözəllikdə bir bölgə, yerinin altı da, üstü də sərvət olan Naxçıvan diyarı səhrayamı dönməliydi? Əslində, elə ona oxşar bir mənzərə yaranmışdı. Muxtar respublikanın ərazisinin vur-tut heç bir faizi belə, yaşıllıq deyildi. O dövrdə ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın təbiətinin qorunması barədə daim düşünür, muxtar respublikanın flora və faunasını qorumaq məqsədilə qərar və sərəncamlar verirdi. Bütün bunlar tədricən öz bəhrəsini verir, yeni yaşıllıqlar salınırdı. 1996-cı ildən başlayaraq isə muxtar respublikada təbiətin harayına səs vermək, dadına çatmaq yolunda əsl kütləvi ümumxalq yürüşü başlandı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin göstərişi, ardıcıl nəzarəti və köməyinə arxalanan on minlərlə insan bu yürüşdə iştirak edirdi. Hər həftənin şənbə-bazar günləri küçələr, yollar əlində bel, su daşımaq üçün vedrə, oraq, kərənti, dırmıq – bir sözlə, torpağı becərmək üçün nə alət lazımdırsa götürən insanlarla dolurdu.
Naxçıvanlılar dünyanın ən kamil əlifba kitabı olan təbiəti, mənə elə gəlirdi ki, təzədən oxumağa, öyrənməyə başlayırdı. Hər dəfə də görürdülər ki, bizi yaradan və yaşadan təbiət haqqındakı bilgiləri çox səthidir, cüzidir, bəlkə də, çoxumuzda yox dərəcəsindədir. Lakin biz səbirlə, yorulmadan təbiətin dilini öyrənirdik, torpağı, ağac-budağı, gülü-çiçəyi, nilufəri, lilparları, ot-alafı – bir sözlə, ana təbiətin bizə bəlli olmayan min-min sirrini öyrənirdik. Bəs əvəzində nə qazandıq? Onu qazandıq ki, qısa müddətdə muxtar respublikada yaşıllıqların ümumi sahəsi 10 dəfədən çox artdı. Yol kənarlarına, su tutar, tutmaz yerlərə yüz minlərlə meyvə və meşə ağacları əkildi, yaşıllıqlara qayğı və qulluq göstərildi, körpə fidanlar böyüdülər, boy atdılar, bara-bəhrəyə doldular, kimliyindən asılı olmayaraq, hamıya pay-ərməğan etməyə başladılar. Meyvə bazarına az-az yolumu salıram, könlümə tut düşübsə, maşınımı şəhərin iki addımlığındakı Duzdağ yoluna sürürəm, burada minlərlə ağ, qırmızı, qara tut ağaclarından şirə, şəkər damır. Sözə qüvvət, bir neçə gün əvvəl Bakıda meyvə köşkündə tut satırdılar: kilosu 3 manata. Əlim üzümdə qaldı. Bizim Naxçıvanda tutu tərəziyə qoymaq eyib sayılar. Kiminsə həyətindən küçəyə çıxan budağı əyib tut yemək qəbahət hesab olunmaz. Əksinə, tut sahibi bundan şadlanar. Şərur, Ordubad, Şahbuz istiqamətindəki yol kənarları doludur gilənar, ərik, alma, alça və başqa meyvə ağacları ilə. İstədiyin yerdə maşınını saxla, ana yurdun nemətlərinin dadına bax, dilində, ürəyində bunları yaradana və yaşadanlara “sağ olun”u, minnətdarlığını izhar elə.
Təxminən 600 eradır ki, insan-təbiət münasibətləri müəyyən nisbətdə davam edir və təəssüflər olsun ki, bu 600 min il ərzində insan həmişə təbiət üzərində “qələbə” çalıb. Amma ən sadə və ibtidai bir həqiqəti dərk etməyib ki, bu qələbə təbiətlə bərabər, onun özünü də məhvə aparır. Əgər təbiətin özü-özünü bərpası olmasaydı, yəni öz yaralarına özü məlhəm qoymasaydı və yenidən dirçəlib ayağa qalxmasaydı, yəqin ki, Yer üzərində həyat da sönərdi. Sən bir paradoksa bax, insan onu yaşadana əl qaldırır, onu məhv etməyə çalışır və təbii ki, bununla öz məhvinə doğru gedir. Ancaq səxavətli ana təbiət özünə yaşam qüdrəti verir ki, onu məhv edəni yaşatsın. Budur təbiətin böyüklüyü, əzəməti, bizə həyat eşqi bəxş etmək istəyi.
Bəli, bir il ərzində səbirsizliklə gözlədiyimiz yay mövsümü gəlib çatıb. Naxçıvan təbiətinin əsrarəngiz, axarlı-baxarlı yerləri – yamyaşıl meşələrimiz, ətirli, rayihəli, güllü-çiçəkli çəmənliklərimiz, dağ döşündən, qaya dibindən qaynayıb çıxan büllur bulaqlarımız, mamırlı, şibyəli daşlardan özünə bəzək vuran dumduru çaylarımız, özünü yalçın qayanın hansı zirvəsindənsə aşağı atan gümüşü hörüklü şəlalə, kölgəsinə bir el-obanı sığıb-sığışdıran xan çinar, kökü-gövdəsi qırmızı xınalı ər palıd, yavaş-yavaş allanmaqda olan yemişan səfləri, dağ alması, armudu, alçasından xonça tutan dərələr, qurşaqdan yuxarı ot-alafı kərəntiləyən, qoyun-quzunu, mal-qaranı haylayıb-haraylayan, çöhrələri Günəşdən tunc rəngini almış mehriban, qonaqpərvər dağ adamları – Allah bilir, daha nələr-nələr bizi gözləyir? Bəli, gözləyir – sayıb-sadalamadığım, xatirimdə-yaddaşımda itib-batanları da qoy oxucu özü göz önünə gətirsin. Onda görər ki, Naxçıvanımız necə gözəldir, necə füsunkardır, övladlarına “gəl-gəl” deyib bağrına basandır.
Bu yazının əvvəlində xatırladığım süfrə əhvalatı indi mənə nanəcib yuxu kimi gəlir. Zarafat deyil, üstündən nə az, nə çox – düz bir qərinə keçir. Ötən əsrin 80-ci illəri hara, 2013-cü il hara. 1990-cı illərin ortalarından muxtar respublikada bir oyanış, təbəddülat, insanlarda sabaha inam, intibah yaranmağa başlayıb. Bu oyanış, təbəddülat, intibah təkcə mədəniyyətdə, incəsənətdə, iqtisadiyyatda, sosial həyatda deyil, ən başlıcası, insanın şüurunda, mənəviyyatında, həyata baxışında və nəhayət, əsrlər boyu unutduğumuz, qeydinə, qayğısına qalmadığımız, qırıb-tökdüyümüz, məhv etdiyimiz, dağıtdığımız, amma əvəzində bir ting əkmədiyimiz, bir kola, bir gülə, çiçəyə bir içim su vermədiyimiz təbiətə münasibətdə də özünü göstərir. Bəs onda adda-budda fikirlərimi oxucumla bölüşməkdə məqsədim nədir? Yol göstərmək, nəsihət, məsləhət vermək, təbiəti qorumaqda bələdçi olmaq, istirahət mövsümündə bulaq başını, meşə talasını, çay kənarını, gül-çiçəklə bəzənmiş çəmənzarlığımızı, bir ağac kölgəsini hansı kökə salan tək-tək soydaşlarımızın başına ağıl qoymaq istəyimi?! Əsla yox, quru, boş sözlərlə, ritorik çıxışlarla, nitqlərlə və yaxud qəzetimizin bir neçə sütununu zəbt edən bu yazımla da təbiət qorunmur. Təbiətə münasibətdə ana-bala istəyimizi, sevgimizi beynimizə, şüurumuza həkk eləməliyik. Kimsə kənardan gəlib bu münasibətdəki hərəkətlərimizə, davranışımıza qadağa, qoruq-qaytaq qoymayacaq. Hansısa baytar həkimi, yaxud sanitar həkimi meşələrimizdə, allı-güllü yaylaqlarımızda arı saxlayan sahibkarlara düşdükləri bir neçə aylıq təbiət mənzillərində çox adi, primitiv sanitar-gigiyena qaydalarını gözləmək barədə göstəriş verməməlidir. Halbuki hörmətli arıçılarımızın böyük əksəriyyəti ailəlikcə ana təbiətin saf, təmiz, büllur guşəsində özlərinə məskən salırlar. Bu yerlərdə isə təmizlik idarəsinin süpürgəçəkən maşınları, fəhlələri çalışmırlar. Burda hər kəs tökdüyünü özü yığışdırmalıdır və eyni fikirlər, göz dəyməsin, otlu-sulu yaylaqlarımızda da payızın ortalarınadək yurd salan mal-qara sahiblərinə, onların çoxsaylı çobanlarına, naxırçılarına, sağıcılarına və onların ailə üzvlərinə də aiddir. O ki qaldı istirahətə gələn bu yerlərin saysız-hesabsız müsafirlərinə, qonaqlarına, sadəcə olaraq, həmin kəslərə ataların “Nə salarsan aşına, o da çıxar qaşığına” məsəlini yada salmaq, xatırlatmaq istəyirəm. Və bir də təbiətimizi ilkin, səhər-səhər necə görmüşüksə, axşamüstü evimizə qayıdanda onu ilk gördüyümüz kimi qoyub getməyi arzulamaq istəyirəm. Əlbəttə, bu da dünənki qonağın təbiətə münasibətindən çox asılıdır.
İyun ayı yaydandır, deyirlər. Yavaş-yavaş təbiətin qonaq-qarası da artır. Bir də insansız təbiətin gözəllikləri nəyə lazımdır? Təbiətin min-min bəzək-düzəyi insansız bir quru qəpiyə də dəyməz. Çünki təbiəti təbiət eləyən bəşər övladıdır. Amma... amması da odur ki, anamız təbiətdən danışanda boğazdan yuxarı danışmayaq, heç olmasa, bir dəfə papağımızı qarşımıza qoyub fikirləşək: təbiətə nə vermişik, ondan nə umuruq?

Yay mövsümü başlayıb – deməli, istirahət mövsümü də onun kimi. Təmiz havası, saf suyu, dünyaya meydan oxuyan gözəllikləri, hər addımı, hər qarışı bir hüsndən xəbər verən səfalı guşələri, qonaq-qarasını kəndli mehribanlığı ilə qarşılayıb yola salan insanlarımız dağ-dərələrə, yal-yamaclara, yastanlara, döşlərə çitənmiş meşələr – eh, başına döndüyüm, qadasın aldığım Naxçıvanımızın daha nələri-nələri bizi gözləyir. Mənə isə o qalır ki, cavanından tutmuş, piranisinə kimi – ağsaqqalına, ağbirçəyinə,  oğluna, qızına, ərinə, ərəninə – hamıya xoş, mənalı istirahət arzulayım. Yolunuz açıq, günləriniz şadiman, süfrələriniz bərəkətli, nemətləriniz təbiətin özü kimi saf  olsun! Amin! 

Nurəddin BABAYEV