Arandan fərqli olaraq, dağətəyi və dağlıq yerlərdə mal-qaranın gələn qış üçün yem tədarükü kərənti ilə görülür. Kərəntiyə “dəryaz” da deyirlər. Usta adamlar dükan-bazarlardan kərəntini seçib alarlar. Dəmir parçası ilə kərəntini bir-bir yoxlayarlar, hansı kərəntidən uzun-uzadı səs çıxdısa, deməli, onun polad qatı daha çoxdur, o kərəntini alarlar.

Kərəntinin sapı yulğunu söyüddən olsa, dözümlü olar, sınmaz. Möhsünü söyüd sapı yüngül olar, amma qalın ot layına dözməz, tez sınar. Kərəntinin sapının ortasına yemişandan, gilənardan hazırlanmış əlcək bənd edərlər. Kərəntini saplayan usta onun sahibinin boyunu nəzərə alar, əlcəyə yer seçər. Kərəntinin burnu (ucu) ilə sapa bərkidilən “əngi”nə sapın əlcək yerindən ip tutarlar. Hər iki ölçü bərabər gələnə qədər kərəntinin “ağzı” yığılar, sonra bərkidilər. Ta bundan sonra nə lay çəkdinsə, ot layı asanlıqla qatlanar. Kərəntini polad çəkic-zindanla döyərlər, özü də günün qabağında. Soyuq döyülən kərəntinin ağzı “yelə” gedər, didilər, xır-xıra ağzına oxşayar. Usta adamlar buna yol verməzlər. Çəkilən layın hər 15-20 metrindən bir kərənti itilənər ki, savdan düşməsin.

Atalar sözüdür: “Yetişməyən ota kərənti vurmazlar”. Gərək ot da yetişə. Bu da dağ yerlərində düşər yayın başlanğıc ərəfəsinə. Biçilən otu havanın istiliyindən asılı olaraq, bir-iki gündən sonra yaba ilə lay salıb səhəri günü xorum edərlər, yəni büküb bağ halına salarlar. Nəqliyyat getməyən yamaclarda quruyan bağları at-ulağa yükləməklə daşıyarlar. At-ulağa ot yükləmək hər oğulun işi deyil, çox mürəkkəb ilgəhlə sicim hər bağda möhkəm çəkilər, ata 24-26 bağ, ulağa 8-9 bağ ot yüklənər. Ot yükləməyi bacarmayan gəncləri bu işə öyrədəndə deyərlər: “Ata, qatıra, ulağa ot yükləmək dədə-baba üsuludu, qoymayın yadınızdan çıxsın”. Otun iri xorumlarını bir tərəfə, xırda xorumlarını da o biri tərəfə yük vuranda daşıq zamanı at-ulaq yükünü əyər, xəndəkli yollardan keçəndə “pəlləyər”, uça bilər. Odur ki, yüngül tərəfə daş qoyarlar ki, tarazlıq olsun. Elə bundan da bir atalar sözü yaranıb: “Yük əyən daş qərib düşər”. 
Kərənti çəkmək insanın öz-özü ilə güləşməsi kimi bir işdir. Adamın topuğundan tutmuş boyun fəqərələrinədək bütün oynaqları hərəkətdə olur. Tər deyilənlə nə qədər artıq duzlaşma varsa, bədəndən xaric olur. 60 ildən çox kərənti çəkmiş Keçili kənd sakinləri Beytullah, Hidayət babalar deyirlər ki, kərəntiçəkən şəxs günorta naharında biləklərini buz kimi bulaq suyu ilə yusa, ta o biləklər getdi işinə. Çünki mum kimi yumşalan əl daraqları, damarlar soyuq suda çəng olur, ömrü boyu ağrı verir. Bir də kərənti çəkənin boğazı gur olmalıdır. Nehrə kərəsi, bal, qaymaq, toyuq, çəpiş, quzu ətindən təzə-tər dadlı yeməklər, elə biçənəkdəcə ocaq üstə qaynayan çiçək çayları, günorta fasiləsində kol üstə atılan otun kölgəsində bir havar yatıb dincini almaq kərəntiçəkəni yormaz. Ot biçənlər də bir-birlərinə köməyə gələrlər. Lay səmtinə düzülərlər. Hərənin öz layı olar.
Ölkəmizdə torpaq islahatının uğurları hər bir kəndli ailəsinə xeyli ruzi-bərəkət gətirmişdir. Hər kəs ona düşən torpaq payının biçininə hazırlaşır. Məsələn, Şahbuzun Yuxarı Qışlaq kəndində torpaq payçıları nəinki ot biçiləcək yerlərin daşını təmizləyir, hətta hər yaz fəsli qar əriyəndən sonra kərənti yerlərini çalqu ilə süpürərlər ki, biçin vaxtı kərəntinin ağzı daş qırıntılarına dəyib zədələnməsin.
Kərənti çəkmək hünər göstərməkdir və bu, kənd həyatının uzun illər yaşadılan halal zəhmət nümunəsidir. Yaxşı yadımdadır, Şahbuz rayonunun Biçənək kəndində Rəhim baba var idi. O, 1943-cü ildə Macarıstanın alman faşistlərindən azad edilməsində hər iki əlini biləkdən itirərək şikəst olmuşdu. Lakin insan təfəkkürünə sığmayan iradə ilə güdül qollarının dirsəyədək yardırıb haça edilməsini o dövrün sovet Müdafiə Nazirliyindən təkidlə tələb etmiş, çox çətinliklə istəyinə nail olmuşdu. O, güdül qolunun haçasını kərəntinin sapına bənd edir, o biri qolunun haçası ilə kərəntinin sapını sinəsinə sıxaraq 80-90 nəfərdən çox qatarlanıb kərənti layına düzülənlərə başçılıq edərdi. Rəhim babanın bu iradəsi müharibəyə nifrət balladası idi.
Ot biçini başlayır. Yenə yal-yamacları, sulu-çeşməli dərələri, biçənəkləri kərənti səsi bürüyəcək. Atalar sözüdür: “Yayda başı qaynayanın qışda aşı qaynayar”.

Qaşdar ƏLİYEV
fenoloq