Bu günlərdə 80 illik yubileyini qeyd etdiyimiz XX əsr ədəbiyyatımızın qüdrətli simalarından biri Məmməd Araz Azərbaycan ədəbiyyatında daha çox vətənpərvərlik şeirləri və ədəbi tərcümələri ilə yadda qalıb. Onun şeirləri hələ sovet dövründə Azərbaycanda milli şüurun formalaşmasına əhəmiyyətli təsir göstərib. Məmməd Arazın şeir və poemaları ilə yanaşı, publisistikası da məhz bu məqsədə – ülvi amallara xidmət edib. Xalq şairinin 80 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 8 iyun tarixli Sərəncamında da məhz Məmməd Araz şerində vətəndaşlıq və Vətənə bağlılıq hisslərinin tərənnümü xüsusi vurğulanıb.
Sərəncamda qeyd olunur ki, müasir Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus yeri və rolu olan Məmməd Arazın gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən ədəbi fəaliyyəti mənsub olduğu xalqa layiqli şair – vətəndaş xidməti nümunəsidir. Doğma Vətənə bağlılıq, istiqlalçılıq, vətəndaşlıq hisslərinin tərənnümü, fikir dərinliyi və sadəlik, poetik təfəkkürün genişliyi kimi yüksək keyfiyyətlər Məmməd Araz yaradıcılığına uzunömürlülük bəxş etmiş, onun qələminə məxsus əsərlər geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.
Şairin doğmalarından olan yazıçı, millət vəkili Aqil Abbasla Bakı şəhərində görüşüb imzalanan sərəncama münasibətini öyrəndik. Müsahibənin gedişində yazıçı “Şərq qapısı” qəzetinin oxucuları üçün bir sıra eksklüziv yenilikləri də açıqladı.

– Aqil müəllim, məlum olduğu kimi, bir neçə gün öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

– Əvvəla, vətəndaş-şair Məmməd Araza verilən bu qiymətə görə mən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova həm ailə üzvlərimiz adından, həm bir yazıçı kimi, həm də Məmməd Arazsevərlər adından minnətdarlığımı bildirirəm. Mən sərəncamla tanış oldum. Xalq şairinin yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiq edilib. Bu isə təkcə Məmməd Araz yaradıcılığına, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına göstərilən diqqət və qayğı deyil, həm də ümumtürk mədəni irsinə verilən dəyərin ifadəsidir. Çünki Məmməd Araz qədim Naxçıvan diyarının Azərbaycana deyil, bütün türk dünyasına bəxş etdiyi bir şəxsiyyətdir. Bu mənada Məmməd Arazla bütün Azərbaycan qürur duyur, amma naxçıvanlılar üçün bu qürur fərqli bir xarakter daşıyır.
Bilirəm ki, Məmməd Araza göstərilən qayğı bununla yekunlaşmayacaq. Xalq şairinin Şahbuz rayonunun Nursu kəndindəki evi yenidən qurulacaq. Orada şairin xatirəsini əbədiləşdirən lövhə yenilənib.

– Bir yazıçı kimi Xalq şairinin 80 illik yubileyinə sizin töhfəniz nədən ibarət olacaq?

– Hazırda Məmməd Arazın bir neçə kitabı hazırlanır. O kitablardan biri “Vida” adlanır. Bu kitab Xalq şairinin həyat yoldaşı Gülxanım Fətəliqızı tərəfindən hazırlanıb. Kitabda Məmməd Araz vəfat etdikdən sonra insanların onun məzarı başında çıxışları, onun haqqında yazılan məqalələr, eyni zamanda şairin həyatının son illərindəki yaradıcı­lıq nümunələri, indiyə qədər çap ol­unmamış şeirləri, külliyyatı toplanılıb. Şairin doğmaları, ailəsi olaraq bu yubiley ilinə bir töhfəmiz budur. “Kaspi” qəzeti tərəfindən müsabiqə elan edilib. “525-ci qəzet”, “Bakı-xəbər”, “Şərq” qəzetləri də məndə olan məlumata görə, belə addımlar atacaqlar. “Ədalət” qəzetində də Xalq şairi Məmməd Arazla bağlı silsilə yazılar dərc olunacaq.

– Xalq şairi Məmməd Arazla bağlı “Şərq qapısı”nda da bu günə qədər mütəmadi yazılar çap olunub və bu sərəncamdan sonra da siz silsilə yazıların şahidi olacaqsınız.

– Mən “Şərq qapısı”nı izləyirəm. Bu mövzuda yazıların şahidi olmuşam. Naxçıvanda olarkən “Şərq qapısı” qəzetinin redaksiyasında da olduq. Mən Azərbaycanda bütün qəzetlərə, redaksiyalara o cür şəraitin yaradılmasını arzulayardım. Yaradılan şərait o qədər mükəmməldir ki, insan heyran olmaya bilmir. Kaş ki bütün qəzetlərimizin elə şəraitləri, elə imkanları olaydı. Yazıların əhəmiyyətindən tutmuş nəşr imkanlarına qədər “Şərq qapısı” öndə gedən mətbu orqandır. Siz xoşbəxt adamlarsınız ki, elə bir şəraitdə işləyirsiniz.

– Biz sizinlə müsahibəyə gələrkən belə bir məlumatı da dəqiqləşdirə bildik ki, hazırda Naxçıvanla bağlı nə isə yazırsınız. İstərdik ki, bu haqda ilk olaraq bizim oxucularımız bilsinlər. Kiçik bir yaradıcılıq sirrini bizə deyə bilərsinizmi?

– Düzdür. Naxçıvanla bağlı silsilə yazı hazırlayıram. Çünki mən hər dəfə Naxçıvanda olanda nəsə ayrı bir dəyişiklik görürəm. Demək olar ki, ildə bir-iki dəfə gedirik. Naxçıvan günü-gündən dəyişir, gözəlləşir. Mən bir dəfə də Naxçıvan haqqında silsilə yazılar yazmışam və bu yazılar “Şərq qapısı”nda da dərc olunub. İndi də, təxminən, elə bir üslubda Naxçıvanla bağlı yenidən silsilə yazılar hazırlayıram. Naxçıvanı görüb yazmamaq olmaz. Adicə misal deyim. Şahbuz kəndə oxşar bir qəsəbə idi. İndi böyük bir şəhərə çevrilib. Bu gün Naxçıvanda kəndlər qəsəbəyə, şəhərə oxşayır.

– Naxçıvanda olarkən Yazıçılar Birliyində orada yaşayıb-yaradan şairlərlə, yazıçılarla görüşdünüz. Üç saat ərzində geniş bir polemikanız oldu. Necə düşünürsünüz, Naxçıvan ədəbi mühiti Azərbaycan ədəbiyyatına yeni bir Məmməd Araz bəxş edə biləcəkmi?

– Naxçıvan bitən deyil, Naxçıvan tükənən deyil. Naxçıvan min illərdir, Azərbaycana müxtəlif istiqamətlərdə dahi insanlar bəxş edib. Siyasətçi, memar, rəssam, şair, yazıçı, sərkərdələr verib dünyaya. Naxçıvan heç kəslə bitən deyil. Naxçıvan Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Araz, İslam Səfərli ilə bitə bilməz. Naxçıvan hələ dünyaya çox dahilər bəxş edəcək, ədəbiyyatımıza çox görkəmli şair və yazıçılar bəxş edəcək. Naxçıvanda olarkən Yazıçılar Birliyində oldum. Orda Naxçıvanın söz adamları ilə, xüsusilə gənclərlə görüş mənim üçün çox maraqlı idi. Elə, bəlkə də, bu maraq idi ki, söhbətimiz üç saat davam etdi. Mən orda gördüm ki, çox istedadlı gənclər var. Onlar yetişirlər. Özü də bir şeyi deyim, o gənclərin həm istedadları var, həm də mədəniyyətləri var, tərbiyələri var. Bu, əsas şərtdir. Naxçıvan insanının sərt xarakterinin içindəki ilıqlıq məni o qədər cəlb etmişdi ki, mən o tədbirdən çıxmaq istəmirdim. Bir daha təkrar edirəm: Naxçıvandan həmişə böyük şairlər və yazıçılar çıxacaq. Bunun üçün orda istedad da var, şərait də.
Mən həm imzalanan bu sərəncama görə, həm də, bütövlükdə, Naxçıvanda ədəbiyyata göstərdiyi diqqət və qayğıya görə bir daha muxtar dövlətin rəhbərinə min­nətdarlığımı bildirirəm.

– Müsahibə üçün sağ olun.

 Elnur KƏLBİZADƏ
Naxçıvan - Bakı - Naxçıvan