Dünən 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinin şən və hazırcavablar klubları arasında müsabiqə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə 3 komanda iştirak etmişdir. Naxçıvan Dövlət Universitetinin “Karvan”, Naxçıvan Özəl Universitetinin “Öztürk” və Naxçıvan Dövlət Texniki Kollecinin “Texniki gənclər” şən və hazırcavablar klublarının nümayiş etdirdikləri səhnəciklər tədbir iştirakçılarında böyük maraq doğurmuşdur. Müsabiqənin yekun nəticəsinə görə, “Texniki gənclər” şən və hazırcavablar klubu qalib olmuşdur. “Karvan” və “Öztürk” şən və hazırcavablar klubları isə ikinci və üçüncü yerləri bölüşmüşlər. Komandalara müsabiqənin təşkilatçıları tərəfindən diplom və kuboklar verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti