Hər il olduğu kimi, bu ilin iyun ayının 18-dən etibarən məktəblilərin yay tətili ilə əlaqədar Naxçıvan Dövlət Film Fondunun kino zalında Azərbaycan filmlərinin nümayişi keçiriləcək. Həftənin çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri saat 11-də keçiriləcək nümayişdə Qarabag müharibəsindən bəhs edən “Xoca”, “Yalan”, “Dolu”, “Fəryad”, “Ağatlı oğlan” bədii filmləri məktəblilərə təqdim olunacaq. Bundan başqa, Azərbaycanfilm Studiyasının ekran əsərlərindən olan “Səma şairi” (ölməz ədib Hüseyn Cavidin həyatından bəhs edir), “Yük” (Hacı Zeynalabdin Tağıyevin və Musa Nağıyevin həyatından bəhs edir), “O dünyadan salam”, “Babək”, “Nəsimi”, “Tütək səsi”, “Qaraca qız”, “Sehrli xalat”, “Bir qalanın sirri”, “Mən mahnı bəstələyirəm”, “Qaladan tapılan mücrü”, “O olmasın, bu olsun”, “Dərviş Parisi partladır”, “Əzablı yollarla” və sair kinofilmlərinin də nümayişi nəzərdə tutulub.
Qeyd edək ki, cizgi və macəra filmlərinin də yer alacağı nümayiş pulsuzdur.
Məlumat üçün bildirək ki, filmlərin nümayiş etdiriləcəyi Dövlət Film Fondu Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında yerləşir.

Xəbərlər şöbəsi