Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə dünən 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar arasında “Naxçıvan – tarixi abidələr diyarı” adlı rəsm müsabiqəsinə başlanmışdır.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Elçin Nəzərəliyev, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxış edərək muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli inkişafı, bu qəbildən olan uşaqların istedadlarının üzə çıxarılması istiqamətində həyata keçirilən tədbirlərdən danışmışlar.
Uşaqlar kağız üzərində sulu boyalarla Nuh peyğəmbərin məzarüstü türbəsinin təsvirini çəkməklə istedad və bacarıqlarını nümayiş etdirmişlər. Qeyd edək ki, müsabiqədə 15 sağlamlıq imkanları məhdud uşaq iştirak edir.
“Naxçıvan – tarixi abidələr diyarı” adlı rəsm müsabiqəsinin iştirakçıları mayın 25-də Hüseyn Cavid məqbərəsinin, mayın 27-də isə Möminə xatın türbəsinin rəsmini çəkəcəklər. Münsiflər heyətinin rəyi əsasında müsabiqənin qaliblərinə mükafatlar, digər iştirakçılara isə hədiyyələr təqdim olunacaqdır.

Xəbərlər şöbəsi