Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin şagirdləri arasında müəllif şeirlərindən ibarət muxtar respublika müsabiqəsi keçirilmişdir.
Əvvəlcə müsabiqə iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət etmişlər.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev bildirmişdir ki, ulu öndər Heydər Əliyev bütün ömrünü xalqının, ölkə­sinin nurlu gələcəyinə, inkişafına həsr etmişdir. O, respublikamıza rəhbərlik etdiyi dövrlərdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsini, onların fiziki, mənəvi sağlamlığını, milli-mənəvi dəyərlərimiz zəminində böyümələrini xüsusilə diqqət mərkəzində saxlamış, Azərbaycan gənc­liyinə zəngin mənəvi irs miras qoymuşdur.
Sonra müsabiqəyə start verilmişdir. Məktəblilərin ifasında ulu öndərə həsr edilmiş müəllif şeirləri bədii qiraət olunmuşdur.
Müsabiqənin yekun nəticəsinə görə, birinci yerə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Səma Xəlilli və Heydər Əliyev adına Hərbi Liseyin kursantı İbrahim İbrahimli layiq görülmüşlər.
Qaliblərə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən mükafatlar verilmişdir.

Xəbərlər şöbəsi