Poema ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunur

Doxsan il bundan əvvəl Naxçıvan torpağında,
Gül-çiçəkli, ətirli gözəl bahar çağında –
Zəhmətkeş ailəsində gözəl bir yaz səhəri
Bir Günəş doğdu Şərqdə, yayıldı şəfəqləri.
Heç kim duymadı o gün, heç kim bilmədi o gün,
Fəda edəcəkdir O, öz ömrünü xalq üçün.
Düşünmədilər də ki, bu balaca ürəkdə
Min arzu böyüyəcək onunla gələcəkdə:
Hər diləyi Vətənlə bağlı olan arzular,
Azərbaycan eşqiylə qəlbə dolan arzular...
Böyüdükcə səbrlə, təmkinlə düşünəcək,
İçindəki arzular gerçək olacaq, gerçək.

Onun baxışlarında azadlıq rəngi vardı,
Səsində sərkərdəlik hökmü, ahəngi vardı.
Boy-buxunu, duruşu əzəmət heykəliydi,
Dostlarıyla mehriban, düşmənə öfkəliydi.
Onun bir sərt baxışı düşmənə bəs eylərdi,
Verdiyi hər qərarlar dünyada səs eylərdi.
Elə bu amalla da hər zaman oxuyurdu,
Gecə-gündüz bilmirdi, durmadan oxuyurdu.
Məktəbdə əlaçıydı, dərslərdə əlaçıydı,
Hər zaman əlaçıydı, hər yerdə əlaçıydı.
Bir kimsə dara düşsə, ona kömək edərdi,
Heç bir işdən çəkinməz, hər vaxt öndə gedərdi.
Bütün bu keyfiyyətlər incə və nəcib idi,
Hər sahəni öyrənmək onunçün vacib idi.
Zamansa dayanmırdı: ömür ötürdü bir-bir,
Günlər arxada qalır: illər itirdi bir-bir.
Amma hələ gənc ikən vaxtla bir addımlayan,
Çox vaxt irəli gedib zamanı qabaqlayan
Bu insan bir anını keçirmirdi boşuna,
Ağsaqqallıq edirdi öz cavanlıq yaşına.
Onu əyləncələr yox, Vətən düşündürürdü,
Vətən ilə yatırdı, vətən ilə dururdu.
Elə bu məqsədlə də yetişdirdi özünü,
Gələcəkdə dünyaya demək üçün sözünü.
Gün-gündən tanıdırdı xalqına kimliyini.
Doğma Azərbaycanın təhlükəsizliyini
Hər şeydən üstün tutub könül verdi bu işə,
Vətən üçün atıldı dünya ilə döyüşə.
Gənc yaşında gücünü, qüdrətini görənlər
Onu təyin etdilər Azərbaycana rəhbər.
Dayanmadı, durmadı, gecə-gündüz çalışdı,
Yuxusuz gecələrdə çox dərdlərə alışdı.
Hamını sevindirdi onun rəhbər gəlişi,
Başladı Vətənimin o gündən yüksəlişi.
Hansı sahəyə baxsan, çiçəkləndi, canlandı,
İşləyən tərif aldı, işləməyən danlandı.
Zavodlar işə düşdü, fabriklər işə düşdü,
Gözü götürməyənlər yaman təşvişə düşdü.
Sovetlər məkanında sonlarda olan ölkə,
Hər gün inkişaf edir, addımlayırdı ilkə.
Azərbaycan oğlunun gördüyü böyük işlər,
Qol çəkdiyi qərarlar, keçirdiyi görüşlər
Ölkəsinin adını yüksəklərə qaldırdı –
Bu da xalqın qəlbində onu çox ucaldırdı.
Öz xalqının qəlbində taxt qura bilirsənsə,
Daim hörmət görürsən, daim sevilirsənsə,
Tanrı da sevir səni, qamətini dik edir,
Nüfuzunu artırır, daha da böyük edir.
Elə belə də oldu – çağrıldı Moskvaya,
Kremlidə üzv oldu O, Siyasi Büroya.
Orda da sözü keçdi, hörməti artdı hər gün,
Orda da çalışırdı hər zaman xalqı üçün.
Amma marığa yatan “insanlar” da çoxuydu,
Ağlından başqa onun bir dayağı yoxuydu.
Ağlına söykənərək qoruyurdu özünü,
Əməliylə şəst ilə deyirdi öz sözünü.
Uğurları artdıqca düşmənlər də artırdı,
O, göylərə qalxdıqca ayağından dartıldı.
Güc gələ bilmirdilər, qorxurdular zəhmindən,
Çəkinirdilər onun qeyri-adi fəhmindən.
Bununla belə, yenə daş atırdılar ona,
Üz-üzə gələndəsə girirdilər min dona.
Hiyləylə, xainliklə istəkləri “çin” oldu,
“Arzuları göyərdi”, “diləkləri çin oldu”.
Bu böyük şəxsiyyəti yox etmək istədilər,
Lakin bir həqiqəti anlaya bilmədilər –
Böyüklük irsi olur, dahilik Tanrı işi,
Çox uzun çəkmir heç vaxt belələrin vərdişi.
Zaman yerbəyer edir yaxşını da, pisi də,
Tarix qovur özündən dumanı da, sisi də.
Səliqəylə, apaydın yazılır tarix bir-bir,
Göstərir gələcəyə nadan kim, dahi kimdir.
Bu insanın gedişi laxlatdı Kremlini,
Onun ağlı idarə edirmiş SSRİ-ni.

*     *     *

İşdən çıxarılsa da, düşünürdü xalqını,
Müdafiə edirdi öz xalqının haqqını.
Çox uzaq tarix deyil, ötən əsrin sonları
Azadlıq istəyəndə ölkəmin insanları
Quduzlaşmış bir ordu tankıyla, tüfəngiylə
Üstümüzə gələndə bu xalq da öz cəngiylə
İçindəki inamla atılırdı qabağa,
Vətəni çıxarmaqçün işıqlı bir sabaha.
Yüzlərlə şəhid verib qana boyandıq o gün,
Namərdin qarşısında mərdcə dayandıq o gün.
Öldük, amma ölümlə bir azadlıq diriltdik,
“Haqq nazilər, üzülməz”, bunu yaxşı bilirdik.
Gözümüzü qorxutmaq istədilər, olmadı,
Bu xalq qanla dikəldi, qanında boğulmadı.
Həmin İyirmi yanvar – qanlı şənbə sabahı,
– Yerdə qalmaz heç zaman mənim xalqımın ahı, –
Deyib, durdu ayağa xalqın müdrik insanı,
Sözləriylə titrətdi bütün ərzi-cahanı.
Hər gün, hər saat, hər an onu izləyirdilər,
Onu susdurub rahat olmaq istəyirdilər.
Ölümlə hədələyir, qorxudurdular guya,
Hər dəfə arzuları düşürdü lilli suya.
O, bütün olanları səbrlə seyr edərək
– Çətin gündə xalqımla birlikdə olam gərək.
Düşünüb qərar verdi: “Bakıya getməliyəm,
Dar günündə xalqıma köməklik etməliyəm”.
Bakıya gəldi, fəqət Kremlinin qulları
Bağlamaq istədilər O gəldiyi yolları.
Tanrı sevdiyi kəsi hamı sevir hər zaman,
Bax elə bu məqamda qucaq açdı Naxçıvan.
Naxçıvan onun üçün əyilməz bir dağ idi,
Ana qolları kimi isti bir qucaq idi.
Bu böyük Vətən oğlu gördü, Ana çağırır,
Naxçıvanlılar onu Naxçıvana çağırır.
Gözləmədi, durmadı, gəldi doğma elinə,
Haçadağdan əsən yel sığal çəkdi telinə.
Ürəyi dağa döndü, oğul kimi diz çökdü,
Torpağa səcdə etdi, qucaqlayaraq öpdü.
Bu adi vüsal deyil, böyük sevinc hissiydi,
Qartalın qanad çırpıb zirvəyə dönməsiydi.
İyirmi iki iyul, Naxçıvanın mərkəzi –
Unudulmaz bir görüş sevindirdi hər kəsi.
Görüşə tələsirdi ağsaqqal da, cavan da,
Bayram havası vardı həmin gün Naxçıvanda.
Gözlər sevincdən dolmuş, sinələr qürurdan dağ,
İzdihamlı görüşə gələnlərə baxaraq
Danışırdı o böyük şəxsiyyət həyəcanla,
Alqışlarla nitqini saxlayaraq zamanla
Ümidsiz insanlara ümid vəd eləyirdi,
Başsız başdakıları susmur, hədələyirdi.
Həmin gündən bu torpaq qorxu nədi, bilmədi,
Çətinliklər önündə sınmadı, əyilmədi.
Hamının içindəki ölən inam dirildi,
Bulanıq zəmanədə günlər bir-bir duruldu.
Bir-bir aydınlanırdı, kimin istəyi nədir,
Kimin köməyi kimdir, kimin dəstəyi nədir.
İstirahət vermirdi Naxçıvan öz oğluna,
Çünki ehtiyac vardı onun yüksək ağlına.
Təzədən siyasətə qaytardı övladını,
Təqdim etdi hər kəsə öz yeni deputatını.
Kürsülərdən ucaldı yenə onun gur səsi,
Xalqına xidmət idi bütün sözü, kəlməsi.
Elə buna görə də Naxçıvan camaatı
Sözü bir yerə qoydu: Naxçıvan amanatı...
Öz ali məqamını əmanət etdi ona,
Hər səhər iki Günəş doğurdu Naxçıvana –
Biri göydə gəzərək şəfəqini yayırdı,
Biri yerdə xalqına ömrünü paylayırdı.
Bax beləcə zülmətə qərq olan bir diyarı
Aydınlatdı bir şəxsin düşüncə işıqları.
Naxçıvan ordu qurdu, körpü açdı, yol saldı,
Əsgəri möhkəm durdu, sərhəddə oyaq qaldı.
Üçrəngli bayrağım da Naxçıvanda ucaldı,
Onun hər dalğasından millətim də güc aldı.
Naxçıvana qayıdış qurtuluş xəbəriydi,
Xalqın dövlət olması o günün əsəriydi.
Bu gün ölkəm müstəqil, dünyada söz sahibi –
Kimsəyə boyun əymir, özüdür öz sahibi.
Hər gün artır şöhrəti, hər gün inkişaf edir,
Bu gündən gələcəyə daha inamla gedir.
Bütün bu uğurların memarı odur ancaq,
“Azərbaycan dünyaya Günəş kimi doğacaq”.
Beynəlxalq kürsülərdən gəldikcə ötkəm səsi
Qorxusundan düşmənin təngiyir bəd nəfəsi.
Dünyanın hər yerində ucaldı bayraq kimi,
Dünya onu tanıdı millətə dayaq kimi.
O siyasət memarı, dahilik simvoludur,
Bu gün getdiyimiz yol o DAHİNİN yoludur.
Adının qabağında nə qədər təyin yazdır,
Onu olduğu kimi anlatmaq üçün azdır.
Yolu var olanların özü daim var olur,
Tarixlə addımlayır – əbədiyaşar olur.
Hər bir vətəndaş üçün qibləgahdır və pirdir–
O, HEYDƏR ƏLİYEVDİR,
ÜMUMMİLLİ LİDERDİR.

Elxan YURDOĞLU