Aprelin 30-da Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvan Musiqi Kollecində keçirilən müsabiqənin final konserti təşkil olunmuşdur. Konsertdən əvvəl kollecin direktoru Yusif Babayev çıxış edərək gənc istedadların üzə çıxarılması istiqamətində ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən tədbirlərdən danışmışdır. Bildirmişdir ki, ümummilli liderin gənclər siyasəti ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da uğurla həyata keçirilir. Bu tədbirlərin nəticəsidir ki, naxçıvanlı gənclər ictimai-siyasi, mədəni həyatın bütün sahələrinin fəal iştirakçılarına çevrilmişlər. Ulu öndərin şəxsi təşəbbüsü ilə 1975-ci ildən fəaliyyət göstərən Naxçıvan Musiqi Kolleci də bu qayğıdan bəhrələnərək muxtar respublikanın mədəni həyatında öz sözünü deməyə çalışır. Gənc istedadların üzə çıxarılması, onların qabiliyyət və bacarıqlarının düzgün istiqamətləndirilməsi üçün hər il kollecdə müxtəlif müsabiqələrin keçirildiyini deyən Yusif Babayev bildirmişdir ki, ulu öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş bu müsabiqə ümummilli liderə böyük diqqət və ehtiramın ifadəsidir.
Sonra müsabiqənin qalibləri elan edilmiş, onlara diplomlar və mükafatlar verilmişdir.
Qaliblər yekun konserti ilə çıxış etmişlər. Kollecin xalq çalğı alətləri ixtisası üzrə IV kurs tələbəsi Fərid Babayev, fortepiano ixtisası üzrə IV kurs tələbəsi Nərmin Həsənli, orkestr alətləri üzrə III kurs tələbəsi Nicat Həsənov, vokal sənəti ixtisası üzrə III kurs tələbəsi Bəsti Qasımova və başqalarının ifaları tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.

Sara ƏZİMOVA