Dünən Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Qarabağ müharibəsi həqiqətlərindən bəhs edən, Azərbaycan kinematoqrafiyasının son dövrlərdə meydana çıxan ən dəyərli nümunələrindən biri olan “Dolu” filminin təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində filmin ssenari müəllifi, “Şöhrət” ordenli yazıçı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqil Abbas çıxış etmişdir. Azərbaycanın XX əsrin 90-cı illərinin əvvəllərində qanlı müharibəyə cəlb olunduğunu deyən yazıçı ölkəmizin o zaman düşdüyü ağır durumdan çıxarılmasında, parçalanmaq təhlükəsindən xilas edilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olduğunu vurğulamışdır.
“Dolu” filminin Naxçıvanda təqdimatının yüksək səviyyədə keçirilməsinə görə minnətdarlığını bildirən Aqil Abbas filmin çəkilişi haqqında qısa məlumat vermişdir. “Azərbaycanımızın qədim diyarı, peyğəmbərlər və dahilər Vətəni Naxçıvan mənə çox doğmadır”, – deyən yazıçı muxtar respublikaya hər səfərində şahidi olduğu dəyişikliklərin və inkişafın onda böyük fərəh hissi doğurduğunu demişdir.
Sonra film naxçıvanlı tamaşaçılara təqdim edilmişdir. Film Qarabağ müharibəsində heç nəyə baxmayaraq, Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir. Rejissoru Elxan Cəfərov, bəstəkarı Xalq artisti Polad Bülbüloğlu olan filmdə baş rolları Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov və Fuad Poladov ifa edirlər. “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan filmin çəkilişləri Bakı, Xızı, İsmayıllı, Ağdam, Şəmkir, Sumqayıt və Ağcabədidə aparılmışdır. Film tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Xəbərlər şöbəsi