Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının əməkdar jurnalisti, Milli Məclisin deputatı, yazıçı Aqil Abbasın iştirakı ilə onun ssenarisi əsasında çəkilmiş “Dolu” filminə baxış keçirilmişdir. Filmin nümayişindən öncə universitetin rektoru, akademik İsa Həbibbəyli millət vəkili, yazıçı Aqil Abbasın müasir Azərbaycan tənqidi-realist ədəbiyyatının tanınmış nümayəndələrindən biri olduğunu vurğulamış, onun “Batmanqılınc”, “Ölülər”, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” və sair əsərlərinin ideya-bədii xüsusiyyətlərindən bəhs etmişdir. Qeyd olunmuşdur ki, yazıçının müharibə mövzusunda yazdığı “Dolu” romanının motivləri əsasında çəkilmiş eyniadlı film müharibə dəhşətlərini, dövrün ictimai-siyasi proseslərini, Qarabağ müharibəsindəki müvəqqəti məğlubiyyətlərin əsl səbəblərini açan, gəncliyin milli rəşadət və vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edən uğurlu ekran əsəridir. Vurğulanmışdır ki, “Dolu” milli kino salnaməmizə müharibə mövzusunda çəkilən ən yaxşı filmlərdən biri kimi daxil olacaq.
Filmin ssenari müəllifi, yazıçı Aqil Abbas pedaqoji kollektivi, tələbələri salamlayaraq böyük tarixi şəxsiyyətlərin, ədəbi simaların, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Vətəni Naxçıvanda, buradakı tanınmış ali təhsil ocağında olmaqdan məmnunluğunu bildirmişdir.
Sonra film nümayiş olunmuşdur. “Azərbaycanfilm” kinostudiyasının 2012-ci ildə çəkdiyi “Dolu” filmi Qarabağ müharibəsində Vətən uğrunda son damla qanlarına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir. Filmin rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəzərov, bəstəkarı Polad Bülbüloğludur. Gərgin döyüş anları, qəhrəmanlıq və şücaət səhnələri ilə zəngin “Dolu” filmində istedadlı aktyor heyəti iştirak edir. İnsanda mübarizlik və döyüşkənlik ruhu, torpaqlarımızın tezliklə azad olunacağına, qələbəyə böyük inam, milli qürur aşılayan film böyük maraq və həyəcanla izlənmişdir.

Filmin nümayişindən sonra Milli Məclisin deputatı, yazıçı Aqil Abbas­la görüşən müəllim və tələbələr öz təəssüratlarını bölüşmüş, müəllif öz kitablarını onlara hədiyyə etmişdir.

Mehriban SULTAN