Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq, ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da rəngarəng tədbirlər keçirilir. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti, Azərbaycan Respublikasının xalq artisti Bilal Əliyevin Naxçıvan Muxtar Respublikasına qastrol səfərinə gəlməsi bu tədbirlərin davamıdır. Müğənnini Azərbaycan Respublikasının əməkdar artisti Elman Əliyevin bədii rəhbəri olduğu Naxçıvan Dövlət Filarmoniyasının “Gəmiqaya” instrumental ansamblı müşayiət edir. Bilal Əliyev aprel ayının 17-də Şərur, 18-də Ordubad, dünən isə Culfa rayonunun ictimaiyyəti qarşısında maraqlı proqramla çıxış edib. Konsertlərdən əvvəl Azərbaycan Respublikasının xalq artisti Həsən Ağasoy ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafındakı xidmətlərindən danışıb. Xalq artisti Bilal Əliyevin ifa etdiyi ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş mahnılar, xalq mahnıları və təsniflər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Məlumat üçün bildirək ki, müğənni aprel ayının 22-də Kəngərli, 29-da Babək rayonunun ictimaiyyəti qarşısında çıxış edəcək. Yekun konserti aprel ayının 30-da Naxçıvan şəhərində olacaq.

Xəbərlər şöbəsi