18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. 1983-cü ildən YUNESKO-nun təşəbbüsü ilə keçirilən Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Azərbaycanda da hər il qeyd olunur.
Keçmişdən gələcəyə körpü rolunu oynayan və ulu babalarımızın bizə yadigar qoyduğu hər bir abidə xalqımızın qədim mədəniyyətinin göstəricisidir. “Biz tarixi keçmişimizə nəzər salarkən ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla – yaradılan hər şeylə fəxr edir və bunları yaradanları daim xatırlayırıq”, – deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görülmüşdür. 1998-ci ildə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, tarixi abidələrin qorunması, tədqiqi və mühafizəsinin qanunvericilik qaydasında təsbit olunması bu sahədə həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirmişdir.

Bu gün ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən tarixi abidələrimizin bərpası, qorunması, təbliği və tədqiqi diqqət mərkəzində saxlanılır. Son illər bu sahədə həyata keçirilən tədbirlər nəticəsində tarixi abidələrimiz YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınmış, tarix və mədəniyyət abidələrinə diqqət və qayğı artırılmışdır.
Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Naxçıvan diyarı xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən qədim abidələr, mağaralar, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələrlə zəngindir. Qayaüstü təsvirlərin qeydə alındığı Gəmiqaya abidəsi Azərbaycanın ən qədim dövr incəsənətinin, mənəvi və maddi mədəniyyətinin ensiklopediyasıdır. Naxçıvan ərazisində mövcud olan tarixi abidələrdən – Qazma ma­ğarası, Kilit mağarası, Oğlanqala, I Kültəpə, II Kültəpə, Şahtaxtı, Qızılburun, Quyulu dağ, Möminə xatın, Qarabağlar, Yusif Küseyir­oğlu və Gülüstan türbələri, Əlincə qalası, Qədim qala, tarixi təbiət abidələrindən Əshabi-Kəhf, Haça­dağ, Duzdağ, Babək qalası, Dəvəboynu və başqa yüzlərlə abidə keçmişimizi bu günə daşıyan, maddi və milli sərvətlərimizdir. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın hər daşının, hər qayasının tarixin canlı şahidi olduğunu bildirərək deyirdi: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarix-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”.
Bu gün Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Ali Məclis Sədrinin 2001-ci il aprelin 26-da imzaladığı “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncamından sonra Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilmiş, bu mövzuda onlarla elmi məqalə və kitablar yazılmışdır. 2005-ci ildə Gəmiqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil edilmiş, Gəmiqaya ətrafındakı arxeoloji abidələrdə tədqiqatlar aparılaraq etnoqrafik, folklor və onomastik materiallar toplanmışdır. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il dekabrın 6-da imzaladığı Sərəncam muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin tədqiqində yeni mərhələnin başlanğıcını qoymuşdur. 2006-2012-ci illərdə muxtar respublikada aparılan araşdırmalar zamanı 1200-dən artıq abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Abidələrin həm qeydə alınmasında, həm də tədqiqində beynəlxalq ekspedisiyaların üzvləri də iştirak etmişlər. Ali Məclis Sədrinin 2006-cı ildə “Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında”, 2009-cu ildə “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında”, 2010-cu ildə “Şahtaxtinskilər Muzeyinin yaradılması haqqında” və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında”, 2011-ci ildə “Naxçıvanşünaslıq Mərkəzinin yaradılması haqqında” imzaladığı sərəncamlar da tariximizin və mədəni irsimizin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyətə malik olan sənədlərdir.
Muxtar respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması ilə yanaşı, onların bərpası da diqqət mərkəzində saxlanılır. Son illər Möminə xatın türbəsi, Qarabağlar Memarlıq Kompleksi konservasiya edilmiş, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılmış, Yusif Küseyiroğlu və Nuh türbələri, İmamzadə, Buzxana, Came məscidi, Zaviyyə mədrəsəsi, İsmayılxan hamamı, Xan Sarayı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Ordubaddakı Aza körpüsü, Qeysəriyyə və digər tarixi abidələr əsaslı bərpa olunmuşdur. Qədim qoç heykəllərini qorumaq, bu nadir nümunələri öyrənmək və təbliğ etmək məqsədilə Naxçıvan şəhərində Açıq Səma Altında Muzey yaradılmışdır. Haliyədə Naxçıvan şəhərindəki Qədim qala kompleksində bərpa işləri aparılır.
Abidələrimizin tədqiq olunması və mədəniyyətimizin beynəlxalq miqyasda təbliği istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan”, 2009-cu ildə “Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan”, 2011-ci ildə “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, 2012-ci ildə “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzularında Beynəlxalq simpoziumların keçirilməsi bu mənada mühüm əhəmiyyət daşıyır. Bu simpoziumlar alimlərimizin xarici ölkələrin aparıcı elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə, arxeologiyasına və folkloruna dair tədqiqatlar aparmasına, ekspedisiyaların təşkil olunmasına, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələrin nəşr edilməsinə əsaslı təkan vermiş, beş minillik tarixi əhatə edən Naxçıvan şəhər mədəniyyəti tədqiq olunmuşdur.
Muxtar respublikamızdakı abidələrin öyrənilməsi və təbliği sahəsində də əhəmiyyətli işlər görülür. 2008-ci ildə “Naxçıvan Abidələri Ensiklopediyası”nın nəşr edilməsi yalnız Naxçıvanın deyil, bütövlükdə Azərbaycanın mədəniyyət tarixində mühüm hadisədir. Ensiklopediya Naxçıvan abidələrinin öyrənilməsi baxımından əvəzolunmaz elmi mənbədir. Son illər çap olunan “Naxçıvan tarixi atlası”, “Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvanda arxeoloji tədqiqatlar” və başqa çoxsaylı kitablar da bu sahədə görülən işlərin ardıcıllığını göstərir.

Hər bir xalqın qədimliyi, ululuğu onun abidələrində yaşayır. Abidələr xalqı, xalq isə abidələri yaşadır. Ona görə də tariximizin əks-sədası olan abidələrimizi öyrənmək və qorumaq hər kəsin vətəndaşlıq amalına çevrilməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti