Folklor milli-mənəvi dəyərdir, xalqın qədimlərdən günümüzə doğru gələn yaddaşıdır, tarixidir. Elə bir yaddaş ki onda tarix qədər əhəmiyyətli nüanslar da görmək mümkün olur. Folkloru – milli yaddaşı qorunan xalq zirvədə olar. Onu bu zirvədən salmaq mümkün deyil; o zamanadək ki, o öz milli yaddaşını unuda, ona dönük çıxa. Milli yaddaşını qoruyan, onu gələcəyə ötürməyin vacib missiya olduğunu anlayıb, bu yolda fədakarlıqla çalışanlar xalqa, sözün əsl mənasında, xidmətkardırlar. Bəli, Azərbaycan xalqının milli yaddaşı da zəngindir, tarixidir. Bu zənginliyi zaman-zaman müxtəlif mütəxəssislər aşkara çıxarıb xalqa təqdim edib, gələcəyə ötürüb. Onların bəziləri peşəkar olsa da, bəziləri həvəskarlıqla bu müqəddəs işi həyata keçirib. Lakin hər iki hal xalqın taleyi ilə bağlı müqəddəs iş kimi böyük əhəmiyyət daşıyır. 

 

Azərbaycan folklorunun da müxtəlif zamanlarda toplayıcıları, naşirləri, tədqiqatçıları olub. Onlar bu işi kiminsə tələbi və istəyilə deyil, xalqının gələcək taleyini düşünərək həyata keçirmişlər: Hənəfi Zeynallı, Vəli Xuluflu, Salman Mümtaz, Həmid Araslı, Ərtoğrol Cavid, Məmmədhüseyn Təhmasib və digər görkəmli folklorşünasların itib-batan örnəklərin üzə çıxarılmasındakı böyük rolu ən öncül sıralardadır. Milli-mənəvi dəyərləri toplayıb, onları gələcəyə ötürən müqəddəs peşə sahiblərindən biri də XXI əsr Azərbaycan folklorşünaslığına özünün dəyərli və sanballı əsərləri ilə, elmi və pedaqoji fəaliyyəti ilə töhfələr bəxş etmiş professor Məhərrəm Allahqulu oğlu Cəfərlidir.
1946-cı il yanvar ayının 5-də Kəngərli rayonunun Xok kəndində dünyaya göz açan Məhərrəm Cəfərlinin qəlbində doğma yurdunun əsrarəngiz təbiəti qədimliyi ilə çulğaşaraq elə bir dərin iz buraxmışdı ki, alim kəndindən uzaq düşdüyü vaxtlarda belə bu məkanın həsrətini hər an qəlbində hiss edir və bunu ətrafında olanlardan gizlətmirdi; hətta bütün coşqusu ilə doğma kəndini arzuladığını bildirirdi. Odur ki, fürsət düşən kimi böyüyüb boya-başa çatdığı Xok kəndində, ata ocağında bütün varlığı ilə nəfəs alırdı. Burada yaşadıqlarını heç nəyə, heç bir zövqə dəyişməzdi. Doğma kəndinin şəfəqli gündüzləri kimi qaranlıq gecələri də alimin qəlbini riqqətə gətirir, keçmişi xatırlayardı.
Məhərrəm Cəfərli xalqının mənəvi sərvətini üzə çıxarmaqda əsl mütəxəssis idi. Çox az peşəkar folklorşünas tapılar ki, həm toplayıcılıq, həm də nəzəriyyəçilik qabiliyyətinə, o cümlədən yüksək səviyyəli elmi tədqiqatçılıq bacarığına yiyələnmiş olsun. Bəzən folklorçuda bunların biri varsa, digəri ola bilər ki, özünü zəif şəkildə büruzə versin. Məhərrəm müəllimdə isə bunların hər ikisi ən yüksək səviyyədə idi. Folklor ekspedisiyalarında toplayıcının ən çox üzləşdiyi problem informatorla ünsiyyətin qurulmasıdır: heç də həmişə informatoru danışdırmaq, ondan istənilən cavabları almaq mümkün olmur. Bunu bacaran, sözün əsl mənasında, peşəkar olmalıdır. Məhərrəm müəllim informatorla – söyləyici ilə elə bir diskussiya təşkil edirdi ki, informator bütün “sirləri açıb tökürdü”. Məhərrəm müəllim yüksək səviyyəli, peşəkar folklor toplayıcısı idi və bütün bunlarla yanaşı, Azərbaycanın müasir folklorşünaslığında öz sözünü lazımınca demiş alim idi. Onun bir-birindən sanballı və dəyərli elmi əsərləri, kitab və monoqrafiyaları Azərbaycan folklorşünaslığına əsl töhfədir. Məhərrəm müəllim, sözün əsl mənasında, müəllim idi. O, müəllimliyi ilə tələbələrinə gündəlik proqram çərçivəsinin tələbini deyil, bütün varlığına hakim kəsilən elm – folklor elmi sevgisini tədris edirdi. Universitetdə dərs dediyi zamanlarda da folklorun tədrisindən zövq alardı. Bu sahəni ondan ala bilən ən gözəl, hətta yüksək perspektivli işləri Məhərrəm müəllim geri çevirirdi. Onu folkordan, folkloru ondan heç kəs, heç nə ala bilməzdi. Gördüyü hər işdə folklor axtarışı, folklor dünyası olmasa idi, bu ona aid deyildi.
Məhərrəm Cəfərli baxmayaraq ki, filologiya elminin bütün sahələrinə dərindən bələd olan əsl mütəxəssis idi, folklor onun üçün müqayisəolunmaz dərəcədə qeyri-adi idi. Bunun da səbəbi məlumdur: alim çox yaxşı başa düşürdü ki, xalqın tarixi müəyyən qədər onun maddi mədəniyyəti ilə gerçəkləşirsə, onun mənəvi tərəfi olmasa, natamam sayıla bilər. Bu mənəvi tərəf də məhz folklordur və mənəvi aləmi hər şeydən üstün və uca tutan şəxsiyyət olduğu, folklor da bütünlükdə mənəviyyatı ifadə etdiyi üçün bu tanınmış alimin elm dünyasında folklor xüsusi yerə malik idi. Necə ki ömrünün sonlarınadək milli yaradıcılıq aləmindən – folklordan ayrılmadı. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinə ömrünün sonlarınadək rəhbərlik etdi.
Məhərrəm müəllim öz zəngin fəaliyyəti ilə Azərbaycan folklorşünaslıq elminə çox böyük töhfələr verib. Onun həm toplayıcı kimi, həm də tədqiqatçı kimi yüzlərlə əsəri ilə elmimizdə silinməz imza qoyub. Qeyd edək ki, folklorşünas alim dərc olunmuş 150-dən çox elmi məqalənin, 25 kitabın müəllifidir. Məqalələri İran və Türkiyədə çap olunmuşdur. “Dastan və mif” kitabı isə Təbrizdə işıq üzü görmüşdür (2003). Məhərrəm Cəfərli 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. 2004-cü ildə “Qızıl qələm” mükafatına layiq görülmüşdü. 2008-ci ildə alim beynəlxalq mükafat olan “Türk dünyasının mədəniyyəti və elmə xidmət” mükafatı ilə təltif olunmuşdu.
Tanınmış folklorşünasın Azərbaycan folklorşünaslığının vacib və problemli sahəsi sayılan dastançılıq ənənəsinə də öz maraqlı yanaşmasını “Azərbaycan dastanlarının struktur poetikası” adlı əsərində əks etdirib. Alimin bu əsəri, əslində, özünün təhlil aparatı, yanaşma sistemi, etnokosmik gerçəkliyi, sufi dünyagörüşünü və Azərbaycan məhəbbət dastanı kodunu bir müstəvidə birləşdirən analitik sistemi ilə bir məktəbdir.
Alimin Azərbaycanda və xarici ölkələrdə çap olunmuş “Məhəbbət dastanlarının poetikası” (1997), “Azərbaycan məhəbbət dastanlarının poetikası” (2000), “Dastan və mif” (2001), “Dastan və mif” (2006), “Folklor və etnik milli şüur” (2006), “Folklor və Etnik – milli Şüur” (2007), “Dastan yaradıcılığı” 2007) kimi kitabları və çoxsaylı məqalələri folklorşünaslıq elmi üçün əsl töhfədir.
Alminin folklor və milli-etnik şüurla bağlı düşüncələri o qədər təbii, təbii olduğu qədər də elmidir ki, bu barədə az qala, bütün Azərbaycan folklor elmindəki örnəkləri həmin istiqamətlə hansı məkanla bağlılığını təyin etmək mümkündür. Çünki alim milli-etnik düşüncənin folklordakı təcəssümünü örnəklərdəki məkan imzaları ilə o qədər sıx olduğunu yazır ki, bu bağlılıq hansı “məhsulun” hansı məskənlə, məkanla əlaqəsini aşkara çıxara bilir. Alim məhz bu barədə öz fikirlərini elmi müstəviyə çıxararaq özündən öncə toplanmış, ən çox da özünün topladığı örnəklərdə tətbiq edərək, folklor elmi üçün faydalı nəticələr əldə etmişdir.
Ümumiyyətlə, professor Məhərrəm Cəfərli ömrünü Azərbaycan folklorunun, bu kontekstdə də Naxçıvan folklorunun toplanmasına, nəşrinə və tədqiqinə həsr edən dəyərli alim idi. Onun əsərləri elmi-nəzəri siqləti ilə fərqlənir. Alimin elmi yaradıcılığı gələcək tədqiqatçılar üçün istiqamətverici və olduqca faydalı mənbə rolunu oynayacaqdır.

Aytən CƏFƏROVA
filologiya üzrə fəlsəfə doktoru