Azərbaycanda ali təhsilin keyfiyyətinin yaxşılaşdırılması və Avropa təhsil sisteminə inteqrasiyası məqsədilə universitet rektorlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə görülən işlərdən biri də Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində Ali Təhsildə Potensialın gücləndirilməsi profili üzrə qrant müsabiqəsidir. Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycanda rektorlar konfransı” layihəsi müsabiqənin qalibi adına layiq görülüb. “Naxçıvan” Universitetində bununla bağlı əldə olunan nəzəri nəticələrin müzakirəsi, qiymətləndirilməsi və gələcək fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.


Tədbiri “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, layihənin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Rektor qeyd edib ki, layihə yerli və Avropa universitetləri arasında əməkdaşlığın yeni formatlarını müəyyənləşdirəcək, növbəti mərhələlərdə Azərbaycan universitetləri bir sıra beynəlxalq qurumların üzvü olmaq şansını əldə edəcək.
Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev çıxış edərək Bakı Biznes Universitetinin koordinatoru olduğu sözügedən layihənin qarşıya qoyulan hədəflər və layihənin əhatə dairəsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini və ali təhsil sisteminin inkişafına töhfələr verəcəyini söyləyib.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov layihənin beynəlxal qəhəmiyyətinə və ali təhsil müəssisələrinin inkişafına verəcəyi töhfələr baxımından önəminə toxunaraq uğurla həyata keçiriləcəyinə inandığını vurğulayıb.
Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov “Erasmus+” çərçivəsində həyata keçirilən Rektorlar Konfransı barəsində beynəlxalq təcrübəni bölüşüb.
Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov, həmin universitetin Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru, layihənin koordinatoru Gülşən Bayramova çıxış edərək layihənin ümumi məqsədi, hədəfləri, iş planları, eləcə də yerli və xarici tərəfdaşları barəsində, ali təhsil müəssisələrində əməkdaşlıq, əlaqə və şəbəkələşmə sahəsində aparılmış tədqiqatın nəticələrinə dair hesabatlar barədə məlumat veriblər
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Xəzər Universiteti və Odlar Yurdu Universitetini nprorektorları çıxış ediblər.
Sonda Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli çıxış edərək tələbələr və rəhbərlik arasında ortaq proqramlar yaratmaq, artan mobilliyi asanlaşdırmağı hədəfləyən milli şəbəkənin formalaşdırmaq baxımından layihənin əhəmiyyətini xüsusilə qeyd edib.


“Naxçıvan” Universitetinin mətbuat xidməti