Naxçıvan Dövlət Universitetində ilk dəfə tədrisi həyata keçirilən Hərbi tibb ixtisasının təqdimatı olub.


Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev qeyd edib ki, muxtar respublikada ilk dəfə olaraq 2021-2022-ci tədris ilindən etibarən Hərbi tibb ixtisasına tələbə qəbulu aparılıb. Vurğulanıb ki, 1999-cu ildə fəaliyyətə başlayan Tibb fakültəsində yaradılan müasir tədris şəraitinin nəticəsidir ki, Hərbi tibb ixtisası uğurla fəaliyyətə başlayıb. Rektor bu ixtisas üzrə artıq 10 tələbənin təhsil aldığını qeyd edib. Bildirilib ki, hazırda fakültədə Tibb, Müalicə işi, İctimai səhiyyə, Tibbi profilaktika, Əczaçılıq, Stomatologiya və bu il qəbulu aparılan Hərbi tibb və Psixologiya ixtisasları da daxil olmaqla, 8 ixtisas üzrə kadr hazırlığı aparılır. Diqqətə çatdırılıb ki, fakültədə 1257 tələbə təhsil alır. Rektor qeyd edib ki, fakültə məzunlarına göstərilən diqqət və qayğının nəticəsidir ki, məzunların 200-dən çoxu muxtar respublikanın səhiyyə müəssisələrində çalışmaqla bərabər, əksəriyyəti müxtəlif xəstəxanalarda baş həkim kimi də fəaliyyət göstərir. Fakültə məzunlarının bir çoxu hazırda ABŞ, Hollandiya, İspaniya, Nigeriya, Almaniya, Kanada, Türkiyə, İran, Kipr, Gürcüstan və digər xarici ölkələrdə çalışır və ya təhsillərini davam etdirir. Rektor yeni ixtisasın açılmasında göstərdiyi xüsusi diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib. Göstərilən yüksək etimad və dəstəyin hərbi tibb sahəsindəki kadr hazırlığına mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı, Azərbaycan müdafiə nazirinin müavini, general-polkovnik Kərəm Mustafayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında yerləşən birləşmə və hissələrin kiçik hərbi tibbi mütəxəssislərlə və hərbi həkim heyəti ilə təmin edilməsində yeni yaradılan Hərbi tibb ixtisası böyük əhəmiyyətə malikdir. Bu ixtisasda təhsil alan tələbələr üçün yaradılan lazımi şərait muxtar respublikada ali təhsilli hərbi tibbi kadrların hazırlığı istiqamətində atılan mühüm addım kimi dəyərləndirilib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə uyğun olaraq universitetin Hərbi tibb ixtisası Əlahiddə Ümumqoşun Ordunun hamiliyinə verilib. Bildirilib ki, yüksəkixtisaslı kadr hazırlığını təmin etmək məqsədilə bu ixtisasda təhsil alan tələbələr üçün yeni geyim dəstləri və nəqliyyat vasitəsi ayrılıb. Tələbələr Naxçıvan Qarnizonu Mərkəzi Hospitalında və səhra şəraitində açılmış səyyar tibb məntəqələrində praktik məşğələlərə cəlb edilən zaman onlar üçün ayrılmış mikroavtobusdan istifadə edirlər. Qeyd olunub ki, tələbələr Naxçıvan Qarnizonu Mərkəzi Hospitalında və digər hərbi tibb müəssisələrində praktik şəkildə biliklərini artırmaq və ali təhsillərini başa vurduqdan sonra işlə təmin olunmaq imkanı əldə edəcəklər. Orduda əsgərlərin milli ruhda tərbiyə olunmasında aparılan məqsədyönlü təhsil siyasətinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran general-polkovnik tələbələri yaradılan imkanlardan səmərəli istifadə etməyə səsləyib.
Tədbirdə Tibb fakültəsinin tanıtım videosu, Hərbi tibb ixtisasında təhsil alan tələbələrə həsr olunan videoçarx nümayiş olunub.
Fakültənin dekanı Elsevər Əsədov tələbələrin könüllülük fəaliyyətinə diqqəti çəkərək bildirib ki, fakültənin 300-dən artıq könüllü tələbəsi səhiyyə müəssisələrində çalışır, bilik və bacarıqlarını artırır, xəstə müayinələrində, cərrahi əməliyyatlarda assistent kimi iştirak edir, gecə növbələrinə də qalırlar. Vurğulanıb ki, tələbələr kliniki dərslərinin əksəriyyətini xəstəxanalarda, bilavasitə xəstələr üzərində keçirlər.
Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının rəisi, tibb xidməti polkovniki Niyaməddin Seyidov bildirib ki, hospitalda, Əlahiddə Ümumqoşun Ordunun bütün birləşmə və hissələrində yaradılan hərtərəfli şərait hərbi tibbi kadrların praktik vərdişlərinin və peşəkarlıqlarının artırılmasına müsbət təsir göstərir.
İncəsənət fakültəsi əməkdaşlarının təqdimatında konsert proqramı nümayiş olunduqdan sonra tələbələrə həkim xalatı geyindirilib və hərbi formalar təqdim olunub.
Tədbirin sonunda qonaqlar Tibb fakültəsində yaradılan yüksək maddi-texniki baza və müasir tədris şəraiti ilə tanış olublar.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi