Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2021-ci il dahi Azərbaycan şairi və mütəfəkkiri  "Nizami Gəncəvi ili” elan edilib. Təsdiq olunmuş tədbirlər planına əsasən “Naxçıvan”  Universitetində Nizami Gəncəvinin zəngin irsinin öyrənilməsi və tələbə gənclər arasında geniş təşviq edilməsi istiqamətində silsilə tədbirlər keçirilir.

 

Bu gün “Azərbaycan dili və ədəbiyyat” kafedrasının dosenti Arifə Zeynalovanın təşkilatçılığı ilə universitetin  konfrans zalında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilib.

Tədbirdə əvvəlcə “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə II kurs tələbələrinin  ifasında dahi şairin əsərlərindən parçalar söylənilib, "Sirlər xəzinəsi”, "Xosrov və Şirin”, "Leyli və Məcnun”, "İsgəndərnamə” və "Yeddi gözəl” əsərlərinin motivləri əsasında hazırlanmış bədii kompozisiyalar nümayiş etdirilib. İstedadlı gənclər Nizaminin hikmət dolu fikirlərini obrazların dili ilə tamaşaçılara çatdırıblar. Ədəbi-bədii kompozisiya maraqla qarşılanıb.

Uğurlu tamaşa ilə əlaqədar tələbələri təbrik edən  “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva  cari ilin "Nizami Gəncəvi ili” elan edilməsini, Azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürü olduğunu qeyd edib və tədbirin əhəmiyyətindən danışıb.  Rektor Nizami Gəncəvinin dünya miqyasında tanınmış mütəfəkkir olduğunu qeyd edərək böyük Azərbaycan şairinin yubileylərinin hər zaman beynəlxalq səviyyədə qeyd olunduğunu vurğulayıb. Qeyd edib ki,  Nizami Gəncəvi böyük şair olmaqla yanaşı, eyni zamanda, dahi mütəfəkkir, dərin təfəkkürə sahib filosofdur. Nizami Gəncəvi dünyəvi bir şairdir. Buna görə də bütün dünya onu 880 il sonra da böyük hörmətlə yad edir. Onun əsərləri 880 ildir ki, sevilir, oxunur. Nizami Gəncəvi Azərbaycan xalqının fəxri, iftixarıdır.