Sədərək rayonunda 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi keçirilmişdir.


Tədbiri giriş sözü ilə açan Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva qeyd etmişdir ki, təhsilə göstərilən dövlət qayğısı sayəsində muxtar respublikamızda yeni məktəblərin istifadəyə verilməsi, onların müasir avadanlıq, informasiya texnologiyaları və tədris vəsaitləri ilə təchiz olunması, laboratoriya və fənn kabinələrinin yaradılması, pedaqoji heyətin əməyinin qiymətləndirilməsi ümumtəhsil məktəblərində şagirdlərin keyfiyyətli təhsil almasına və təhsildə yüksək nailiyyətlərin əldə qazanılmasına səbəb olmuşdur.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, Sədərək Rayon Təhsil Şöbəsinin tabeliyində 5 tam orta, 3 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda ümumtəhsil məktəblərində 123 sinifdə 1919 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 166 müəllim məşğul olur. Təhsilə göstərilən dövlət qayğısı sayəsində rayonun bütün ümumtəhsil müəssisələrində müasir tədris şəraiti yaradılıb. Məktəblərdə 229 kompüter və 20 elektron lövhə quraşdırılıb. Məktəblərin kitabxanaları 21 mindən çox latın qrafikalı bədii ədəbiyyat və 18 minə yaxın dərsliklə təmin olunmuş, bütün təhsil müəssisələrində idman zalları, açıq idman qurğuları, 2 məktəbdə STEAM kabinəsi yaradılmışdır. Hazırda 1 məktəbdə STEAM kabinəsi yaradılır. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə son 3 ildə 17 gənc kadr müəllim kimi fəaliyyətə başlamış, 2 gənc kadr isə müxtəlif vəzifələrə təyin olunmuşdur.
Qeyd edilib ki, rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2020-2021-ci tədris ili üzrə 99 məzunundan 96-sı və ya məzunların 97 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmişdir. Onlardan isə 71-i və ya 74 faizi ali və orta ixtisas təhsili müəssisəsinə qəbul olmuşdur. 6 məzun imtahanlarda 500-700 bal arası nəticə göstərmişdir. Təhsildə qazandıqları nailiyyətlərə görə məzunlardan 1-i fərqlənmə attestatına layiq görülmüşdür.
Təhsil naziri nəticəsi yaxşı olan məktəblərin kollektivlərinə təşəkkür etmişdir.
Sonda Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən 3 məktəbə diplomlar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat xidməti