Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilmiş növbəti müsabiqənin test imtahanlarına start verilib.

Bu il də ənənəvi qaydada ikincisi keçirilən müsabiqəyə ən çox Şərur (56), Ordubad (35) və Şahbuz (19) rayonlarından olmaqla, ümumilikdə, 160 vakant vəzifə çıxarılıb. Budəfəki müsabiqədə daha çox müraciət Şərur (146), Ordubad (91) və Sədərək (47) rayonları üzrə olub. 449 namizədin bilik mübarizəsi aparacağı imtahanda ən sıx müsabiqə vəziyyəti ingilis dili (91), ibtidai sinif (72) və riyaziyyat (59) müəllimliyi üzrə qeydə alınıb. Ən çox vakant vəzifə çıxarılan ixtisaslar isə coğrafiya (25), kimya (21) və fizika (18) fənləridir.
İmtahanda müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramına aid 40, tədris metodikası və təlim strategiyasına aid 20 test tapşırığı olmaqla hər bir namizədə, ümumilikdə, 60 test tapşırığı təqdim edilir. Test tapşırıqlarının yerinə yetirilməsi üçün ayrılan 90 dəqiqədə keçid balını toplamaqla ən yüksək nəticə göstərən namizədlər müvafiq vəzifəyə təyin olunacaqlar. İmtahan nəticələri ilə mərkəzin internet portalında tanış olmaq olar.
Test imtahanları dekabrın 17-nə qədər davam edəcək.

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti