Babək rayonunda 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi keçirilib.


Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində rayonumuzda müasir təhsil infrastrukturu yaradılıb, bütün təhsil müəssisələri üçün müasir tələblərə cavab verən binalar tikilib, maddi-texniki bazası gücləndirilib. Təkcə 2021-ci ilin ötən dövründə Göynük kənd tam orta və Araz kənd ümumi orta məktəblərinin infrastrukturu yenilənib. Hazırda Sirab kənd tam orta məktəbində quruculuq işləri aparılır.
Bildirilib ki, muxtar respublikada təhsilə göstərilən hərtərəfli dövlət qayğısı ümumtəhsil məktəblərində şagirdlərin keyfiyyətli təhsil almasına və təhsildə yüksək nailiyyətlərin əldə olunmasına səbəb olub.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov vurğulayıb ki, bu gün muxtar respublikada təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsil alması, eləcə də yeni təlim metodlarının tətbiqi üçün hərtərəfli şərait yaradılır. Belə şərait təhsil işçilərini ruhlandırır, onları öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir.
Qeyd olunub ki, ümumtəhsil məktəblərində mövcud imkanlardan yararlanan müəllim və şagirdlər tədris prosesində ən qabaqcıl texnologiyalardan istifadəyə üstünlük verirlər. Bu da şagirdlərin yaxşı təhsil almalarına, istedad və bacarıqlarının aşkar edilməsinə, xüsusilə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr göstərmələrinə öz töhfəsini verir.
Diqqətə çatdırılıb ki, Babək Rayon Təhsil Şöbəsinin tabeliyində 34 tam orta, 2 ümumi orta məktəb, 5 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda ümumtəhsil məktəblərində 652 sinifdə 9630 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 1291 müəllim məşğul olur. Məktəblərdə 833 kompüter və 103 elektron lövhə quraşdırılıb. Məktəblərin kitabxanaları 90 mindən çox latın qrafikalı bədii ədəbiyyat və 120 minə yaxın dərsliklə təmin olunub, bütün təhsil müəssisələrində idman zalları, açıq idman qurğuları, istilik sistemi quraşdırılıb, 4 məktəbdə STEAM kabinəsi təşkil edilib. Hazırda 14 məktəbdə STEAM kabinəsi yaradılır. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə son 3 ildə 95 gənc kadr müəllim kimi fəaliyyətə başlayıb. 22 gənc kadr isə müxtəlif vəzifələrə təyin olunub.
Bildirilib ki, Babək Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2020-2021-ci tədris ili üzrə 505 məzunundan 483-ü və ya məzunların 95,6 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edib, onlardan 288-i qəbul olub. 44 məzun imtahanlarda 500-700 bal arası nəticə göstərib. Təhsildə qazandıqları nailiyyətlərə görə məzunlardan 1-i “Qızıl”, 2-si “Gümüş” nişana, 7-si isə fərqlənmə attestatına layiq görülüb.
Sonra rayon Təhsil Şöbəsinin əhatə etdiyi məktəblərin dördillik fəaliyyəti ayrı-ayrılıqda müzakirə edilib. Bildirilib ki, rayonun 3 məktəbinin məzunlarının hamısı, 5 məktəbinin isə məzunlarının 75 faizdən çoxu ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Təhsil naziri nəticəsi yaxşı olan məktəblərin kollektivlərinə təşəkkür edib, nəticəsi zəif olan məktəb direktorlarına fəaliyyətin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.
Sonda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən 8 məktəbə diplomlar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat xidməti