Müasir dövrdə bədən tərbiyəsi və idmanın inkişafı hər bir dövlətdə insanların sağlamlığı və mənəvi yüksəlişi ilə yanaşı, milli potensialın maksimum səmərəli reallaşdırılması, cəmiyyətin saflaşması və yetkinləşməsi, genofondun qorunub saxlanması baxımından son dərəcə mühüm vasitə sayılır. İstənilən dövlətdə idmanın inkişafının yüksəlişini bu sahənin inkişafı üçün atılan davamlı, məqsədyönlü addımlar, idmanın müxtəlif sahələri üzrə maddi bazanın genişləndirilməsi, təkmilləşdirilməsi, öz bacarığı ilə idmanın inkişafına təkan verə biləcək peşəkar mütəxəssislərin yetişdirilməsi şərtləndirir. İdman tarixçilərinin bu istiqamətdəki hər bir addımı təqdirəlayiqdir. Bu baxımdan muxtar respublika hüdudlarından kənarda da yaxşı tanınan idmançı-müəllim Valeh Əlixanovun bu yaxınlarda işıq üzü görən “Naxçıvan boks məktəbinin yetirmələri” adlı kitabı əhəmiyyətliliyi ilə seçilir.

 

Yeni nəşrlə tanış olarkən bir daha belə bir qəti qənaətə gəlirsən ki, müstəqillik dövründə bədən tərbiyəsi və idman sahəsində qazandığımız uğurların təməlində dövlətimizin bu sahəyə diqqət və qayğısı, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idman siyasəti dayanır. Ulu öndər müxtəlif dövrlərdə hakimiyyət başında olduğu vaxtlarda xalqın iqtisadiyyatını, maarifini, elmini, Vətəninin hərbi müdafiə qüdrətini inkişaf etdirməklə yanaşı, əhalinin sağlamlığının möhkəmləndirilməsi, keşiyində də dayanmış, bədən tərbiyəsi və idmanın kütləvi hal alması, idmançıların böyükmiqyaslı yarışlarda yüksək nəticələr əldə etməsi üçün müntəzəm olaraq iş aparmış və idmana hərtərəfli qayğı göstərmişdir.
Azərbaycanın bu gün dünya miqyasında idman dövləti kimi tanıdılmasında isə idmançılarımızın ən böyük himayəçisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi xidmətləri yaşadığımız dövrün parlaq səhifələrini təşkil edir.
Vətənimiz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında bu gün özünün yüksək inkişaf və tərəqqi dövrünü yaşayır. Azərbaycan tarixində həmişə özünəməxsus yeri və rolu ilə seçilən bu diyar ölkə həyatının bütün sahələrində olduğu kimi, bədən tərbiyəsi və idman hərəkatında da öncüllüyü, inkişaf tempi və miqyası, əhatə dairəsinin genişliyi, kütləviliyi və peşəkarlığı, ənənələrə sadiqliyi və yeniliyə meyilliliyi və digər keyfiyyət və məziyyətləri ilə həmişə diqqəti cəlb etmişdir.
Bütün bunlardan bəhs edən yeni nəşr haqqında danışmağa onun müəllifini tanıtmaqdan başlayaq. Valeh Əlixanov beynəlxalq təcrübəli hakim, SSRİ idman ustası, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi, Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının müəllim-məşqçisi, Naxçıvan Dövlət Universitetinin Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi, onlarla gənc naxçıvanlını yetişdirib ölkə idmanına bəxş etmiş, muxtar respublika ümumtəhsil məktəbləri üçün yüzlərlə müəllim-məşqçi kadrların hazırlanmasında xüsusi əməyi olan bir müəllimdir. Valeh Əlixanovun haqqında bəhs etdiyimiz kitabı Naxçıvanda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən yüksək keyfiyyətlə nəşr edilmişdir. Metodik vəsait bədən tərbiyəsi müəllimi, idman təlimatçıları və məşqçilərə kömək məqsədilə yazılmışdır.
Metodik vəsait Naxçıvan Muxtar Respublikasında 1920-ci ildən başlayaraq 100 il boyunca bədən tərbiyəsi və idmanın inkişafı, Naxçıvan boks məktəblərinin yetişdirdiyi idmançılar haqqında ayrı-ayrı məlumat, yerli və beynəlxalq yarışlardakı uğurları, idmançılıq, əmək, təlim və məşqçilik fəaliyyətlərinin xronoloji xarakteristikası əsasında şərh edilmişdir.
Yeni nəşrin əsas məziyyəti ondan ibarətdir ki, bu metodik vəsaiti nəşrə hazırlayarkən müəllif Naxçıvan Muxtar Respublikasının dövlət arxivi, Naxçıvanda idmanın inkişafına aid rus və Azərbaycan dillərində nəşr olunmuş kitablardan, elmi-praktik problem və məsələlər haqqında elmi əsərlərdən, dərsliklərdən və dərs vəsaitlərindən yaradıcılıqla istifadə etmiş, Naxçıvan boks məktəbinin idmançıları haqqında özlərindən və ya ailələrindən məlumatlar toplamış, veteran müəllimlərin keçmiş bədən tərbiyəsi və idman işçilərinin bu aktual mövzu ilə bağlı məlumat, fikir və düşüncələrindən faydalanmışdır. Müəllif tarixi faktları təkcə sadalamaqla kifayətlənmir, onları aydın, elmi dildə şərh edir. Əhəmiyyətlisi odur ki, o, kitabı yazarkən bir tərəfdən bu qəbildən olan vəsaitlərə verilən tələbləri, digər tərəfdən isə oxucunu, xüsusilə idmanı özünün həyat amalına çevirmək istəyən tələbə-gənci, onun yaşını, intellektual, mənəvi-psixoloji və fiziki imkanlarını nəzərə almışdır.
Müəllifin uzun illər ərzində müəllim-məşqçi kimi Naxçıvan boks məktəblərinin yetişdirdiyi idmançılar haqqında ayrı-ayrı zəruri məlumatların xronoloji xarakteristikasını özündə ehtiva edən bu vəsaitin digər məziyyəti isə onun bu sahədə çalışan şəxslər üçün stolüstü kitab kimi zəruri mənbə rolunu oynamasındadır.
Sonda Valeh Əlixanovun “Naxçıvan boks məktəbinin yetirmələri” adlı kitabının dəyərli elmi-metodik nəşr kimi bu sahədə olan boşluğu dolduracağına, oxucularının yeni və sistemli bilgilərə olan tələbatını ödəyəcəyinə inanırıq.

Vəli ƏLİYEV
Naxçıvan Dövlət Universitetinin dosenti