Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası istiqamətində növbəti tədbirlər keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Dövlət Universitetində “Mobil rabitənin əsasları” mövzusunda təlimə başlanılıb.
Tədbirin rəsmi hissəsində Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimaliyev çıxış edərək muxtar respublikada rabitə və yeni texnologiyalar sahəsinə göstərilən dövlət qayğısından danışıb. “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyətinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Anar Mənsimov mobil rabitənin əsasları barədə məlumat verib, Şəbəkə əməliyyatları şöbəsinin rəisi Elçin Verdiyev isə təlim keçib.
Təlimdə iştirak edən tələbələrə mobil şəbəkənin strukturu, mobil rabitənin təkamülü, standartlar və texnologiyalar, mobil rabitə xidmətləri və yeni texnologiyalar haqqında ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. İkigünlük təlim 30 noyabrda yekunlaşıb. Sonda iştirakçılara sertifikat verilib.
Qeyd edək ki, 29 oktyabr Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Azerfon” tərəfindən aylıq təqaüd proqramına cəlb edilmiş tələbə şəhid ailəsi üzvlərinə təqaüd kartları da təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti

 *    *    *

Noyabr ayının 30-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq, eləcə də Dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə təhsil alan tələbələri nazirliyin bir neçə struktur qurumunda və Naxçıvan bələdiyyəsində olmuşlar.
Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr Naxçıvan Şəhər Nikah Evinin, Naxçıvan Şəhər 2 saylı Notariat Ofisinin və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin iş prinsipləri barədə məlumatlandırılmışlar. Tələbələr icra məmurları tərəfindən həyata keçirilən icra prosesində icra işlərinin qeydiyyatının aparılması, həyata keçirilən məcburi icra tədbirləri barədə geniş məlumat əldə etmişlər. Nikah Evində nikah əməliyyatlarının aparılması zamanı tələb olunan sənədlərlə və bu sahədə kargüzarlığın aparılması qaydaları haqqında ətraflı məlumatlar verilmiş, nikaha daxil olmaq üçün ərizə ilə müraciət edən şəxslərin nikah qeydiyyatı aparılması prosedurunda iştirak etmişlər. Notariat Ofisində isə notariat hərəkətlərinin aparılmasının əsas qaydaları ilə praktik olaraq tanış edilmişlər.
Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan tələbələrə isə nazirliyin Bələdiyyələrlə iş mərkəzinin fəaliyyət istiqamətləri barədə geniş məlumat verilmiş, eyni zamanda bələdiyyələrdən daxil olmuş aktlarla və mərkəzin arxivi ilə tanış olmuş, bələdiyyə aktlarının araşdırılması işində iştirak etmişlər.
Tələbələr Naxçıvan bələdiyyəsində sənədlərin qeydiyyatı, işlənmə qaydası, rəsmiləşdirilməsi və göndərilməsi qaydaları ilə tanış olmuşlar.


Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidməti