Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində tanınmış ziyalı, şair-publisist, tərcüməçi Elxan Yurdoğlu ilə görüş keçirilib.

 

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə fakültə dekanı Şirməmməd Qulubəyli şairin bədii yaradıcılığından ətraflı bəhs edib.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar Elxan Yurdoğlunun poetizmi, ümumi yaradıcılıq yolu, poeziyaya gəlişi haqqında danışıb, şairin yaradıcılığından bəzi şeir nümunələrini səsləndirib.

Şairin tərcüməçilik fəaliyyətindən bəhs edən AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərova bildirib ki, Elxan Yurdoğlu türk dillərindən müxtəlif vəznlərdə kiçik və irihəcmli olmaqla, nəzm və nəsr nümunələri tərcümə etməklə yanaşı, öz şeirlərinin də müxtəlif dillərə tərcümə edilərək yayılmasına nail olub.

Elxan Yurdoğlu çıxışında yaradıcılığından bəzi şeir nümunələri səsləndirib, sualları cavablandırıb. Tələbələr şairin şeirlərindən bədii qiraət ediblər.

Sonda tələbələrə şairin imzaladığı kitabları hədiyyə olunub.