Şərur rayonunda 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi keçirilib.


Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova qeyd edib ki, muxtar respublikada təhsil sahəsində həyata keçirilən genişmiqyaslı və inkişafyönlü tədbirlər Şərur rayonunda ümumtəhsil məktəblərində şagirdlərin keyfiyyətli təhsil almasına, pedaqoji kollektivlərin əzmlə çalışmasına, bunun da nəticəsində yüksək nailiyyətlərin əldə edilməsinə səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Ali Məclis Sədrinin təhsilə göstərdiyi xüsusi diqqət və qayğıdan Şərur rayonunda yerləşən ümumtəhsil məktəblərinə də pay düşüb. Təkcə 2021-ci ilin ötən dövründə Şərur rayon Şəhriyar və Dərvişlər tam orta məktəblərinin infrastrukturu yenilənmişdir. Hazırda isə Çərçiboğan kənd tam orta məktəbində quruculuq işləri aparılır.
Vurğulanıb ki, Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2020-2021-ci tədris ili üzrə 472 məzunundan 428-i və ya məzunların 90,7 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmişdir. Onlardan 290-ı ali və orta ixtisas təhsili müəssisəsinə qəbul olmuşdur. 35 məzun imtahanlarda 500-700 bal arası nəticə göstərmişdir. Təhsildə qazandıqları nailiyyətlərə görə məzunlardan 2-si “Qızıl”, 2-si “Gümüş” nişana, 3-ü isə fərqlənmə attestatına layiq görülmüşdür.
Rayon Təhsil Şöbəsinin əhatə etdiyi məktəblərin dördillik fəaliyyətinin müzakirəsi zamanı təhsil naziri qeyd edib ki, Axura, Çəmənli, Həmzəli, Şahbulaq və Şəhriyar kənd tam orta məktəblərinin məzunlarının hamısı ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Bununla yanaşı, Dərvişlər və Kürçülü kənd tam orta məktəbləri 85,7 faiz, Yengicə kənd tam orta məktəbi 84,6 faiz, Muğancıq-Mehrab, Qarahəsənli və Zeyvə kənd tam orta məktəbləri 83,3 faiz, Ələkli, Qorçulu və Tumaslı kənd tam orta məktəbləri 80 faiz, Şərur şəhər 2 nömrəli tam orta məktəb 78,6 faiz, Cəlilkənd, Diyadin və Gümüşlü kənd tam orta məktəbləri isə 75 faiz qəbul verərək ən yaxşı nəticə göstərən məktəblər olmuşdur. Təhsil naziri rayonda fəaliyyət göstərən 54 məktəbdən 18 məktəbin nəticəsinin yaxşı olduğunu bildirmiş, həmin məktəblərin kollektivlərinə təşəkkür etmişdir.
Sonda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən məktəblərə diplomlar təqdim edilib.

***

Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin pedaqoji kollektivi ilə birgə 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, bu gün muxtar respublikada təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər nəticəsində liseydə də tədrisin səviyyəsi yüksəlmiş, 2020-2021-ci tədris ilində liseyin şagirdlərindən 2-si respublika, 7-si isə muxtar respublika fənn olimpiadasının, 5-i respublika fənn müsabiqəsinin qalibi olmuşdur. 2020-2021-ci tədris ilində liseyin 33 məzunu olmuşdur. Məzunların hamısı ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmiş, onlardan 32-si və yaxud 97 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Məzunlarından 2-si imtahanlarda 500-700 bal arası nəticə göstərmişdir.
Liseyin direktoru Çingiz Rzayev çıxış edərək 2020-2021-ci tədris ilində liseydə görülən işlər haqqında məlumat verib.
Sonda liseyin kollektivinə Naxçıvan Muxtar Respublikası Təhsil nazirliyinin diplomu təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin

mətbuat xidməti