Yaşadığımız dövr texnologiya əsri adlanır. Çünki cəmiyyətin elə bir sahəsi yoxdur ki, müasir texnologiyalar ora nüfuz etməsin. Məhz bu dəyişikliklər də dünyada gedən  qloballaşmaya ciddi təsir edir. Qloballaşma sözünün ahəngində isə iki təzad nəzərə çarpır: "nəhənglik" və "kiçiklik”.  Çünki müasir  texnologiyaların sayəsində əvvəllər bizim üçün "nəhəng" olan dünya indi  ovcumuzun içinə sığacaq qədər "kiçikdir". İnformasiya və kommunikasiya texnologiyaları  (İKT) vasitəsi ilə insanlar üçün bir vaxtlar  uzaq və əlçatmaz olan şeylər artıq çox yaxınımızdadır. Çox təəssüf ki, uzağı bizə yaxınlaşdıran texnologiya bəzən yaxını da uzaqlaşdırır. Düşünürəm ki, bu hal texnologiyadan kor-koranə istifadə edənlər üçündür. Çünki biz texnologiyadan nə qədər  yerində və düzgün istifadə etsək bir o qədər inkişaf edərik. Əsl inkişaf isə elmin və texnologiyanın birləşdiyi yerdən başlayır. Danılmaz bir faktdır ki, bu gün elm sahəsində əldə etdiyimiz yeniliklər və nailiyyətlərdə informasiya və   kommunikasiya  texnologiyalarının da  rolu böyükdür.

 

 Təhsil aldığım Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən İKT və Elektron təhsil şöbəsi də  daim yeniliklər yaradaraq ali təhsil ocağında gedən inkişafdan xəbər verir. Hər zaman uğurlara imza atan doğma universitetimizdə  bu yaxınlarda daha bir yenilik yaşandı. Artıq elektron imtahan sistemi yenidən hazırlanaraq daha da təkmilləşdirilmiş formada həyata keçirilir.  İKT və Elektron təhsil şöbəsi tələbələrin daha  rahat və şəffaf formada imtahan vermələri üçün yeni sistem yaradıb. Sistem bir sıra üstün cəhətləri ilə seçilir. Yeni yaradılan elektron imtahan sisteminə öz şifrəsini daxil edən hər bir tələbənin monitorda şəxsi məlumatları əks olunur. Eyni zamanda sualları cavablandırdıqca onların sıra nömrəsini də görmək mümkündür. Bu isə imtahanda istər-istəməz həyəcan keçirən tələbələrin "Görəsən neçə sual yazmışam? Sona çatmağıma daha neçə sual qalıb?   kimi narahatlıqlarına son qoyaraq həyəcanını  azaltmalarına kömək olur.   Müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandıran hər tələbə imtahanı bitirdiyini təsdiqlədindən dərhal sonra  imtahan nəticəsi ilə bağlı anında məlumat əldə edir və hətta “göndər” düyməsi ilə öz nəticəsini  elektron poçtuna göndərə bilir. Bundan əlavə isə imtahan bitdikdən sonra əgər yanlış cavablandırılan  sual varsa həmin sualın nömrəsi ekranda qırmızı rəngdə görünür. Qırmızı rəngdə görünən  nömrənin üstündən vurduqda  sənə hansı sualı yanlış cavablandırdığını göstərir.

  Bütün tələbələrin çox bəyəndiyi bu sistem Naxçıvan Dövlət Universitetinin hər tərəfli inkişafından xəbər verməklə yanaşı texnologiya sahəsində rəqabət apara biləcək gücə sahib olduğunu da sübut edir.   Dünya təhsil sisteminə uğurla inteqrasiya edən Naxçıvan Dövlət Universiteti öz  nailyyətləri ilə hər zaman üstünlüyünü qorumağı bacarır. Doğma Universitetimizdə olan hər bir yenilik biz tələbələri sevindirməklə yanaşı elm sahəsində çalışmaq əzmimizi də artır. Belə bir təhsil ocağının tələbəsi olmaq isə ayrıca bir qürurdur.

  İlahə Allahverdiyeva

Naxçıvan Dövlət Universitetinin " Jurnalistika " ixtisası üzrə III kurs tələbəsi