“Naxçıvan” Universitetində “Bədii ədəbiyyatda ana dilimizin tərənnümü” mövzusunda elmi konfrans keçirilib.


Konfransda dilin hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə olduğunu vurğulayan “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, dil hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Bu qənaət tarixin bütün dövrlərində bəşər övladlarının qeyd-şərtsiz qəbul etdiyi həqiqətdir. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. İnsanın təkamülündə ana dilinin rolu böyükdür.
“Poetik əsərlərin dilində ana dilinin tərənnümü” mövzusunda çıxış edən professor Sədaqət Həsənova bildirib ki, dil insanlar arasında ünsiyyət vasitədir. Azərbaycan dili də dünya dilləri içərisində bir ünsiyyət vasitəsi kimi öz yerini qoruyub saxlayıb. Məşhur şəxsiyyətlər Azərbaycan dilinə həmişə yüksək qiymət veriblər.
“Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili məsələsi” mövzusunda çıxış edən dosent İman Cəfərli deyib ki, Cəlil Məmmədquluzadə öz yaradıcılığında ədəbi dillə xalq dilinin vəhdətinə nail olmaq işində əsl inqilaba imza atmış qüdrətli sənət adamıdır. Faktlar deməyə əsas verir ki, Mirzə Cəlil tarixin ən çətin dövrlərində belə, dil probleminin həllinə ciddi önəm verib.
Sonda tələbələrin sualları cavablandırılıb.

“Naxçıvan” Universitetinin mətbuat xidməti