Naxçıvan Müəllimlər İnstitutunda “Təhsilalanların elmi tədqiqat fəaliyyətinin təşkili və qarşıda duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirilib.


Tədbiri institutun prorektoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev açaraq qeyd edib ki, institutda elmi-tədqiqat fəaliyyətinin təşkili və qarşıda duran vəzifələrin geniş müzakirəsinin tədris ilinin hər iki semestrində təşkil olunması artıq ənənə şəklini almışdır. Tələbə elmi-tədqiqatların kəmiyyət və keyfiyyət göstəricilərinin ildə-ilə yüksəlməsi bu sistemli işin nəticəsi kimi dəyərləndirilə bilər. Bugünkü tədbirin əsas məqsədi bu işin səmərəliliyini artırmaqdan ibarətdir.
Seminar-müşavirədə Naxçıvan Müəllimlər İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı “Təhsilalanların elmi-tədqiqat işlərinə verilən tələblər və onların yerinə yetirilməsi yolları” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə təhsilalanların elmi-tədqiqat fəaliyyətinin məqsəd və vəzifələri, mahiyyət və xüsusiyyətləri, bu işlərin elmi-metodik və elmi-təşkilati məsələləri ətraflı şərh edilib. İnstitutun Tələbə Elmi Cəmiyyəti, fakültə və kafedralarında işlərin mərhələlər üzrə yerinə yetirilməsinin, elmi rəhbərlər tərəfindən icraçı tələbələrə elmi-metodik tövsiyə və göstərişlərin müntəzəm və səmərəli şəkildə verilməsinin və bu işlərin kafedralarda təsdiq olunmuş vahid formalı təqvim-tapşırıqlara uyğun aparılmasının zəruriliyi qeyd olunub.
Sonra Naxçıvan Müəllimlər İnstitutu Tələbə Elmi Cəmiyyətinin sədri Aysun Nağdəliyevanın “Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Elmi Cəmiyyəti: ötən tədris ilinin yekunları və 2021-2022-ci tədris ilində qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilib, müzakirələr aparılıb.

Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat xidməti