Oktyabrın 28-də VI respublika fənn müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.


Tədbirdə təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışaraq bildirmişdir ki, yeni məktəb binalarının tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərin kompüter və elektron lövhələrlə təchiz edilməsi, laboratoriya və STEAM kabinələrinin yaradılması təhsilin səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərmişdir.
Həyata keçirilən tədbirlər sayəsində şagirdlərimiz milli ruhda tərbiyə olunur, hərtərəfli təhsil alır, yüksək diqqət və qayğı əhatəsində əsl vətəndaş kimi formalaşırlar. Onlar milli dəyərlərimizə, adət-ənənələrimizə, tariximizə hörmətlə yanaşan, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclər kimi yetişirlər.Yaradılan şərait nəticəsində muxtar respublikada istedadlı və sağlam nəsil yetişir. İstedadlı uşaqların adları Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı”na yazılır, onlar Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülürlər.
Qeyd olunub ki, ümumtəhsil məktəblərində istedadlı şagirdləri üzə çıxarmaq, onlardakı tədqiqatçılıq qabiliyyətini inkişaf etdirmək üçün müxtəlif metodlar və innovativ layihələr tətbiq olunur, bilik və yaradıcılıq müsabiqələri, sərgilər, idman yarışları keçirilir.
Belə tədbirlərdən biri də fənn müsabiqələridir. Şagirdlərin özünəinam hissinin formalaşdırılması, ayrı-ayrı fənlər üzrə bilik və bacarıqlarının aşkara çıxarılması, onların Beynəlxalq olimpiadalara hazırlanması, təhsildə sağlam rəqabət mühitinin yaradılması istiqamətində əhəmiyyəti nəzərə alınaraq ötən tədris ilində respublika fənn müsabiqəsi keçirilmiş, 55 şagird müsabiqənin qalibi olmuşdur.
Təhsil naziri qalibləri təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. Sonra Təhsil Nazirliyinin şöbə müdiri Abdulla Əsgərov 2021-2022-ci tədris ilində keçiriləcək olimpiada və müsabiqələr haqqında məlumat vermişdir.
Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin şagirdi Əjdər Pənahlı çıxış edərək yaxşı təhsil almaları üçün yaradılan şəraitə və göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirmişdir.
Tədbirin sonunda I-III yerlərin qaliblərinə medal və diplomlar, IV yerin qaliblərinə isə sertifikatlar təqdim edilmişdir. Qeyd edək ki, aprelin 26-27-də məktəblilərin respublika fənn müsabiqəsinin şəhər və rayon, mayın 25-də isə final mərhələsi keçirilmişdir. Müsabiqənin şəhər və rayon mərhələsində 470, final mərhələsində isə 147 şagird iştirak etmişdir. Müsabiqənin nəticələri uğurlu olmuş, şagirdlərdən 6-sı qızıl, 12-si gümüş, 18-i bürünc medala layiq görülmüş, 19-u isə IV yerin qalibi olmuşdur.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti