Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli sərəncamlarının icrası istiqamətində tədbirlər davam etdirilir. Növbəti belə tədbir Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Sosial iş ixtisasına yeni qəbul edilmiş tələbələrlə görüş olub.


Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fakültəyə uğurla hamilik etməsindən, tələbələrin ixtisas təcrübəsi qazanmaları üçün hərtərəfli şərait yaradılmasından, nəzəri-təcrübi əhəmiyyətli birgə tədbirlərin həyata keçirilməsindən danışıb.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış edərək bildirib ki, ötən müddət ərzində, nazirlik ilə Naxçıvan Dövlət Universiteti arasında işgüzar əlaqələr genişləndirilmiş, müvafiq ixtisas üzrə təhsil alan tələbələrin hər il ənənəvi olaraq nazirlik aparatında və struktur qurumlarında istehsalat təcrübəsi keçməsi təmin edilmişdir. Əsasını Sosial iş ixtisasının tələbələrinin təşkil etdiyi “Sosial könüllülük” layihəsindən də danışan Nicat Babayev qeyd edib ki, artıq bu layihənin dördüncü mərhələsinin seçimlərinə başlanılıb. Nazir fakültəyə yeni qəbul edilmiş tələbələrə uğurlar arzulayıb.
Görüşdə müvafiq ixtisas üzrə məzun olmuş və hazırda nazirliyin strukturunda işləyən dövlət qulluqçusu Nadim Nəcəfov müvafiq sərəncamların tələbələr üçün əhəmiyyətindən danışıb, yaradılan şəraitə görə gənclər adından minnətdarlığını bildirib.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin Sosial iş ixtisasının məzunlarından 9-u əmək fəaliyyətini hazırda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində davam etdirir.

Naxçıvan Muxtar Respublikası

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti