“Təhsil millətin gələcəyidir”, – deyən xalqımızın ümummilli lideri Heydər Əliyev   hər zaman təhsil sahəsinə yüksək qayğı ilə yanaşırdı.  Ulu öndər 1969-cu ildən başlayaraq Azərbaycanda təhsil müəssisələrinin yeniləşdirilməsini, onların maddi-texniki bazasının möhkəmləndirilməsini diqqətdə saxlayırdı. İstər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik dövründə ümummilli liderimiz xalqımızın təkcə bu gününü deyil, həm də gələcəyini düşünərək bu sahənin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirirdi.

Ulu öndərin siyasi xəttini uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin göstərdiyi qayğı sayəsində təhsilin inkişafı dövlət siyasətinin əsas prinsiplərindən birini təşkil edir. Ölkəmizdə təhsilin daha da müasirləşdirilməsi, müəllim kadrların hazırlığı, ümumtəhsil məktəblərində kompüter və informasiya texnologiyalarının geniş tətbiqi məsələləri dövlət başçımızın xüsusi diqqət mərkəzindədir.

Qürur hissi ilə deyə bilərik ki, muxtar respublikada da təhsilin inkişafı ən yüksək səviyyədədir. Muxtar respublikamızın ən ucqar dağ kəndlərində belə, məktəb binaları yenidən qurularaq maddi-texniki bazası möhkəmləndirilir. Gələcəyimiz olan uşaqlar gözoxşayan, hər cür şəraitli məktəb binasında təhsil almaq hüququ əldə ediblər. Belə ki, muxtar diyarımızda bu günədək 200-dən çox təhsil müəssisəsi yenidən qurularaq istifadəyə verilib, müasir avadanlıqlarla təmin edilib. Həmin təhsil ocaqlarında müasir fənn laboratoriyaları, işıqlı sinif otaqları, zəngin fonda malik kitabxanalar şagirdlərin elmin sirlərinə daha dərindən yiyələnmələrinə, eləcə də tədrisin daha da yüksək səviyyədə qurulmasına zəmin yaratmışdır. Təhsilin inkişafına göstərilən qayğı, yaradılan şərait təhsildə təlim metodlarının tətbiqinə geniş imkanlar açıb. Məhz buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il 7 iyun tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Bu tədris metodunun məqsədi şagirdlərin bacarıqlarını düzgün istiqamətə yönəltmək, fənlər arasındakı fərqi aradan qaldırmaq və bu təhsil yanaşması ilə araşdırma, istehsal və ixtiraçı nəsil yetişdirməkdən ibarətdir. STEAM təhsil metodu şagirdlərə beş sahənin – elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Məktəblərdə həyata keçirilən STEAM təhsilinin ən vacib fərqi, təhsil ilə yanaşı, sənəti və dizaynı təhsil modelinin ayrılmaz hissəsi halına gətirməsi olur. Bu təhsil yanaşması Almaniya, Belçika, İngiltərə, İsrail və Hollandiyada tətbiq edilir. Adıçəkilən təhsil şagirdlərdə tənqidi yanaşma, yaradıcı düşünmə, yaradıcı formada yeni layihələr əsasında biliyin möhkəmləndirilməsi ilə yanaşı, əldə olunan biliklərin müqayisəli şəkildə anlaşılması kimi bacarıqlar formalaşdırılır.

Muxtar respublikamızda Şərur rayonunun Qarabürc, Şəhriyar,Ordubad şəhər 1 nömrəli, Nüsnüs, Naxçıvan Qarnizonu, Naxçıvan şəhər 5, 11, 12 və 14 nömrəli tam orta məktəblərdə, Heydər Əliyev adına tam orta məktəbdə və Hərbi Liseydə, həmçinin Heydər Əliyev Uşaq-Gənc­lər Yaradıcılıq Mərkəzində, Şərur Şəhər Fizika Riyaziyyat Təmayüllü Liseydə, Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzinin nəzdində STEAM kabinələri yaradılıb, həmin kabinələr elektron lövhə, kompüter, 3D printer, Arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təmin olunub. Hazırda 40-a yaxın məktəbdə STEAM kabinələrinin yaradılmasına başlanılıb. Bununla yanaşı, STEAM təhsili üzrə təlimlərin keçirilməsinə başlanılmışdır. Belə ki, may-iyun aylarında keçirilən təlimlərə muxtar respublikanın ümumtəhsil məktəblərindən 40 müəllim cəlb edilmişdir. Təlimlər iyunun 18-də başa çatdırılmış, iyunun 21-də isə kadr hazırlığı aparılan STEAM Tədris Mərkəzində təlimləri uğurla başa vuran müəllimlərə sertifikatların təqdimatı olmuşdur. Bütün bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə STEAM Təlim-Tədris Mərkəzinin yaradılması istiqamətində iş aparılır. Eyni zamanda Sərəncama əsasən ümumtəhsil məktəblərində STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdiriləcək və hər il şagirdlərin müxtəlif STEAM layihələri əsasında “STEAM təhsil festivalı”nın keçirilməsi nəzərdə tutulub. Eyni zamanda Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutunda da STEAM kabinələri yaradılır ki, bu da gələcəkdə ali təhsil müəssisələrinin pedaqoji profilli ixtisaslarını bitirən müəllim kadrlarının STEAM təlim metodu üzrə biliklərin formalaşmasına köməklik göstərəcəkdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 iyun tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində STEAM kabinələrinin yaradılması, STEAM təhsili üzrə kadr hazırlığının aparılması, şagirdlərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə “STEAM yay məktəbi” təşkil olunmuşdur. Bundan başqa, “STEAM Təlim-Tədris Mərkəzinin Nizamnaməsi” də təsdiq edilmişdir. Nizamnaməyə uyğun olaraq Tədris Mərkəzi tərəfindən STEAM təhsili üzrə kadrların hazırlanması təmin ediləcək, onların beynəlxalq təlimçilərlə təcrübə mübadiləsi aparmalarına şərait yaradılacaqdır. Bu təhsil metodunun əhatə etdiyi elm sahələri üzrə istedadı ilə fərqlənən uşaq, şagird və tələbələr nazirliyin müəyyən etdiyi qaydada mərkəzə cəlb olunacaqlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin STEAM təhsilinin tətbiqi ilə bağlı muxtar respublikanın bütün məktəblərində müəllimlərin kurslara cəlb olunması, xarici ədəbiyyatların Azərbaycan dilinə tərcümə olunması ilə bağlı verdiyi tapşırığın icrası məqsədilə “Robotexnika” və “Arduino tətbiqi” kitabları tərcümə olunaraq nəşr olunmuş, ingilis dilində nəşr olunan “Robot layihələri” kitabı Azərbaycan dilinə tərcümə edilərək nəşrə hazırlanmışdır. Təhsil Nazirliyinə hamiliyə verilmiş Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin pedaqoji profilli ixtisaslarında təhsil alan 30 tələbəyə STEAM Tədris Mərkəzində seminarlar da keçirilmişdir. Bunlarla yanaşı, STEAM metodikası, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları, microbit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi və sair bu kimi istiqamətlərdə müəllimlərə praktik biliklərin verilməsi məqsədilə iyunun 1-də “STEAM Tədris Mərkəzi”ndə beynəlxalq təlimlərdə iştirak etmiş “Hədəf” Şirkətlər Qrupunun direktoru və icraçı direktoru tərəfindən müəllimlərə təlim keçirilmişdir.
Təhsil Nazirliyinin məlumatına əsasən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində muxtar respublikada ilk dəfə olaraq şagirdlərin Robotexnika dərnəklərində və STEAM təlim metodu əsasında hazırladıqları layihələrin texnosərgisi keçirilmişdir. Şagirdlərin sərbəst təşəbbüsü və ideyası üzərində qurulan layihələrdən ibarət texnosərgidə Təhsil Nazirliyinin tabeliyində olan 40 təhsil müəssisəsindən 105 şagirdin hazırladığı 111 ixtiraçılıq və tədqiqatçılıq modelləri və STEAM təlim metodunun tətbiqi ilə bağlı muxtar respublikanın təhsil müəssisələrində yaradılan şəraitdən, keçirilən təlimlərdən, məktəbdənkənar təhsil müəssisələrindəki Robotexnika dərnəklərinin fəaliyyətindən və STEAM kabinələrin təchiz edildiyi avadanlıqlardan istifadə edərək hazırlanması mümkün olan layihələrdən bəhs edən videoçarx nümayiş olunub. Sərgidə şagirdlər hazırladıqları robotexnika, mikro idarəetmə, rəqəmsal elektron və sensor əsaslı müxtəlif mexanik layihələrini təqdim etmişlər.
Bir sözlə, STEAM təhsil metodu şagirdlərdə XXI əsr bacarıqlarını inkişaf etdirməklə yanaşı, həmçinin tənqidi düşünmə, müxtəlif proqramlaşdırma dillərini tətbiq etmək bacarığını da ortaya qoyur. Qısaca savadlı, bilikli gəncliyin yetişdirilməsi üçün muxtar respublikamızda hər cür şərait yaradılıb. Yaradılan şərait isə gələcəyimizə qoyulmuş sərmayədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Bu gün dünyada o ölkələr inkişaf edərək irəli gedirlər ki, orada təhsilə daha çox sərmayə qoyulur. Çünki təhsilə qoyulan sərmayə xalqların və ölkələrin gələcəyinə qoyulan sərmayədir. Vətənpərvər gənclik isə o gələcəyin ən etibarlı təminatçısıdır. Əgər ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə yetişən gənclik müstəqil Azərbaycanın bugünkü inkişafını təmin etmişdirsə, bu gün yetişən gənclik də bu inkişafın gələcəkdə davamının təminatçıları olacaqdır”.

Nuray ƏSGƏROVA