Bu gün muxtar respublikamızın ən ucqar sərhəd yaşayış məntəqələrində, ən kiçik kəndlərdə tikilən müasirtipli məktəb binaları təhsilin inkişafına göstərilən böyük qayğı olmaqla, şagirdlərin elm, bilik dünyasına aparan yollarını aydınladır, qarşıya qoyulmuş məqsədə nail olmaq üçün stimul yaradır, öz intellekti ilə xalqına, cəmiyyətinə daha çox fayda vermək istəyənlərin sayı ilbəil artır. Nəticədə, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarındakı göstəricilər ildən-ilə yüksəlir. Sərhəd bölgəsi olan Sədərək rayonunda da təhsilə göstərilən dövlət qayğısı nəticəsində hər il ali təhsil müəssisələrinə qəbul olunanların sayı artır. Bu da onunla bağlıdır ki, gələcəyimizin formalaşmasında təhsil ən mühüm amildir. Təhsilli bir cəmiyyətə sahib olmaq üçün ən vacib şərt isə övladlarımızın sahib olduğu təhsil səviyyəsidir. Onu da qeyd edək ki, yüksək bal toplayan abituriyentlər sırasında qızlar çoxluq təşkil edir. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev müsəlman şərqində ilk qızlar məktəbini tikdirərək qızların təhsil almasına yaratdığı imkanlarla, əslində, bir neçə nəslin təhsil almasına şərait yaradaraq deyirdi: “Bir kişinin (və ya oğlan uşağının) təhsil alması, sadəcə, bir nəfərin təhsil almasına bərabərdirsə, bir qadının (və ya qız uşağının) təhsil alması bir nəslin təhsil almasına bərabərdir”.

 

Hər il olduğu kimi, bu il də bəhs etdiyimiz rayona üz tutaraq, tələbə adını qazanan məzunlarla həmsöhbət olduq.
Sədərək kənd 1 nömrəli tam orta məktəbin məzunu Elnarə Tağıyeva 608 bal toplayaraq rayon birincisi olub.
Deyir ki, məktəbimizdə yaxşı təhsil almağımız üçün hər cür şərait var. Orta məktəb illərindən bilik yarışmalarında, fənn olimpiadalarında fəal iştirak etmişəm, yüksək nəticələr göstərmişəm. Qazandığım biliklər ali məktəblərə keçirilən qəbul imtahanında yaxşı nəticə əldə etməyimə səbəb olub. Seçəcəyim ixtisasa gəldikdə isə ən böyük arzum savadlı hüquqşünas olmaqdır. Çünki bu sənəti seçənlər həyatlarını insanların hüquqlarının müdafiəsi kimi müqəddəs bir mərama həsr edirlər. Bundan yaxşı, bundan nəcib nə iş ola bilər? Hələ orta məktəb illərindən humanitar fənlərə marağım daha çox olub. Onu da deyim ki, biz şagirdlərin uğurlarının başlıca səbəblərindən biri dövlətimizin yaratdığı şərait, ixtisaslı müəllimlərdir. Sevinirəm ki, qəlbimdəki istəyimə qovuşacağam. Ən böyük sevincim isə bizə bu gözəl şəraiti yaradan, dahi rəhbərin davamçısı olan, onun arzu və istəklərini yorulmadan həyata keçirən Ali Məclisin Sədri ilə görüşəcəyim gün olacaq. Səbirsizliklə bu görüşü gözləyirəm. Mənim kimi ali məktəb tələbəsi adını qazanan bütün məzunlar adından bu uğurları əldə etdiyimiz üçün bizə daim qayğı göstərən dövlətimizə minnətdaram. Çalışacağam ki, bu qayğıya cavab olaraq universitetdə də nümunəvi tələbələrdən olum, ali təhsilimi müvəffəqiyyətlə başa vurandan sonra müstəqil Azərbaycanın gənc hüquqşünası kimi qanunun aliliyini qoruyum.

Zeynəb Mustafayeva Sədərək rayonun Sədərək kənd 1 nömrəli tam orta məktəbi bitirib. İkinci qrupda 587 bal toplayıb. O, orta məktəbdə oxuduğu illərdə bir çox olimpiadalarda yerlər tutub, diplom və fəxri fərmanlar qazanıb. İbtidai sinifdən başlayaraq riyaziyyat fənninə marağının çox olduğunu bildirən müsahibim deyir ki, inkişaf edən müasir, güclü bir dövlətin vətəndaşı olmağımız bizə gələcəyə də ümidlə baxmağı vəd edir. Universitetdə təhsil aldığım illərdə məktəbdə qazandığım bilikləri təkmilləşdirməyə çalışacağam. Dövlətimizin bizə yaratdığı şəraitdən istifadə edib Vətənimizə fayda verə biləcək savadlı bir mütəxəssis olmağa səy göstərəcəyəm. Zeynəb onu da deyir ki, burada düşmənin bir addımlığında yaşayır, təhsil alırıq. Bir an belə, qorxu hissi keçirmirik. Çünki bilirik ki, rayonumuzu əhatə edən uca dağların başında igid Vətən oğulları ayıq-sayıq dayanıb. Onlar bizi qoruyur, biz isə bunun müqabilində yaxşı oxuyur, gələcəkdə dövlətimizə sadiq kadr olmağa can atırıq.

Səriyyə Kazımova üçüncü qrup üzrə 561 bal toplayıb. O, Heydərabad qəsəbə tam orta məktəbinin məzunudur. Hüquq fakültəsini seçəcəyini bildirən Səriyyə deyir ki, bu peşəyə sahib olmaq istəyi hələ uşaq çağlarından başlayıb. Ona görə də orta məktəbdə oxuduğu illərdə səylə çalışıb ki, istəyinə çata bilsin. Və bu gün çox sevinclidir ki, onun bu arzusu reallaşmaq üzrədir. Naxçıvan Dövlət Universitetində təhsil almaq istəyən məzun onu da diqqətimizə çatdırdı ki, doğma diyarımızdakı təhsil ocaqları həm görünüşcə, həm də ki təhsilvermə səviyyəsinə görə heç də başqa universitetlərdən geri qalmır. Muxtar respublikanın ali təhsil müəssisələrində yaradılan şərait bir gəncin yetişməsi və öz ixtisasına aid biliklərə dərindən yiyələnməsinə imkan açır. Müsahibim onu da əlavə etdi ki, tələbə adını qazanmaqla iş bitmir. Qarşıda daha məsuliyyətli bir dövr vardır. Daha çox oxumaq, öz üzərində işləmək lazımdır. Bunun üçün biz gənclərə hər cür şərait yaradılıb. Ona görə də dövlətimizə minnətdaram. Çalışacağam ki, valideynlərimi, mənə dərs deyən müəllimlərimi bundan sonra da sevindirim.
Biz də hər bir abituriyentə zəhmət və fədakarlıqla qazandığı tələbə adının böyük şərəf və məsuliyyət olduğunu layiqincə dərk etməyi arzulayırıq.

Ramiyyə ƏKBƏROVA