Məlum olduğu kimi, müstəqillik illərində muxtar respublikamızda digər sahələrlə yanaşı, elm və təhsil də böyük tərəqqi yolu keçib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin elm və təhsilin inkişafı istiqamətində apardığı fədakar iş müəyyən edilmiş dövlət strategiyasının uğurla həyata keçirilməsinə səbəb olub. Müstəqillik illərinin ilk dövründən başlayaraq yeni inkişaf yoluna qədəm qoyan muxtar respublikada müasir təhsil modeli formalaşdırılıb.

 Muxtar respublikada bütün sahələrdə olduğu kimi, ali təhsil sahəsi də dövlət qayğısı ilə əhatə olunub. Naxçıvan Dövlət Universiteti (NDU) bütün istiqamətlərdə yüksəkixtisaslı kadrlar hazırlanması sahəsində mühüm işlər həyata keçirir. Vətənpərvər ziyalıların, elm, təhsil və mədəniyyət fədailərinin milli təəssübkeşliyi, əzmkarlığı və mübarizəsi sayəsində həyata vəsiqə qazanan Naxçıvan Dövlət Universitetinin ötən illər ərzində göstərdiyi fəaliyyəti xalqımızın həyatında müstəsna rol oynayıb. Ali məktəbin maddi-texniki bazasını daha da genişləndirən addımlardan biri kimi bu il tədris binalarının sırasına Xarici dillər fakültəsi də əlavə olunub. Tədris korpusunda müasir avadanlıqlarla zəngin auditoriyalar, tərcümə mərkəzi, tədris-metodik mərkəz, İngilis dili və tərcümə kafedrası, İngilis dili və metodika, Roman-german dilləri kafedraları, Rus və Şərq dilləri kafedrası, alman dili mərkəzi, multimedia otağı, fransız, ingilis, rus, ərəb, fars dilləri mərkəzləri tələbələrin ixtiyarına verilib. Universitet ölkəmizin ali təhsil sistemində sinxron tərcümə mərkəzinə sahib olan ilk təhsil ocaqlarından biridir. Bu tərcümə mərkəzi fakültədə tədris olunan şifahi tərcümə fənlərinin daha professional şəkildə öyrədilməsi, tələbələrin əyani vəsait və vasitələrlə təlimə cəlb olunması baxımından önəmli rola malikdir. Xarici dillər fakültəsində ingilis, fransız, alman, rus dilləri müəllimliyi ixtisaslarından başqa, Tərcümə (İngilis-Azərbaycan dilləri), Tərcümə (Ərəb-Azərbaycan dilləri), Tərcümə (Fars-Azərbaycan dilləri) olmaqla, 7 ixtisas üzrə ali təhsil verilir. Ali məktəbdə maddi-texniki bazanın gücləndirilməsi və elektron tədris resurslarının inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ayrı-ayrı auditoriyaların ən müasir avadanlıqlarla təchiz edilməsi istiqamətində görülən işlərin davamı olaraq cari ildə yeni ağıllı lövhələr, kompüterlər, noutbuklar, proyektorlar, çoxfunksiyalı çap maşınları və sair avadanlıqlarla təchiz olunub. Kompüterlərin proqramlaşdırma dilləri, tətbiqi proqram təminatı və əməliyyat sistemləri ən son versiyalara əsaslanır.

1998-ci ilə qədər qeyri-ixtisas fakültələrində tədris olunan ingilis dili elə həmin ildən Naxçıvan Dövlət Universitetində tədris olunan ixtisaslar sırasına əlavə edilib. Dilin yaxşı tədris olunması və tədrisin keyfiyyətinin daha da yüksəldilməsi üçün tədris prosesinə peşəkar kadrlar, müəllim-pedaqoqlar cəlb edilib. Həmin dövrdən bu günədək pedaqoji heyət beynəlxalq və respublika miqyasında müxtəlif konfrans, təlim, seminarlarda Naxçıvan Dövlət Universitetini layiqincə təmsil ediblər. Universitetin müəllim heyəti daim öz üzərində çalışıb, onların peşəkarlıqlarının artırılmasında cəlb olunduqları təlimlər mühüm əhəmiyyət kəsb edib. Belə ki, Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin xətti ilə müəllimlər həm Bakıda, həm də Naxçıvanda təşkil edilən ixtisasartırma kurslarında iştirak edərək öz bilik-bacarıqlarını təkmilləşdiriblər. TEMPUS layihəsi çərçivəsində Azərbaycan Dillər Universiteti ilə birgə əməkdaşlıq edərək bir çox Avropa ölkələrində təlimlərdə iştirak ediblər. Ali məktəbdə işini günün tələbləri səviyyəsində quraraq xarici dili tədris edən müəllimlər nəzəri biliklərini praktikada tətbiq etmək üçün əllərindən gələni edirlər.
Qeyd etməliyəm ki, İngilis dili müəllimliyi ixtisasından başqa, Tərcümə (İngilis-Azərbaycan dilləri) ixtisasının tədrisi də İngilis dili və tərcümə kafedrası tərəfindən aparılır. Bu ixtisas üzrə tələbə qəbulu Naxçıvan Dövlət Universitetində 2009-cu ildən başlamışdır.
Tərcümə (İngilis-Azərbaycan dilləri) ixtisası üzrə bakalavr hazırlığı mühazirə, seminar, sərbəst iş, təcrübə və sair formalarda həyata keçirilir. Tədris prosesində həm də istehsalat təcrübəsi nəzərdə tutulur ki, tələbələr muxtar respublikanın müvafiq idarə və təşkilatlarında, Xarici İşlər İdarəsində, AMEA Naxçıvan Bölməsində təcrübə keçirlər.
2020-ci ilin may ayından Xarici dillər fakültəsi yeni fakültə kimi fəaliyyət göstərir, 2021-ci ilin fevralından isə fakültənin yeni tədris binası istifadəyə verilib. Yeni tədris binasında müasir infrastrukturun yaradılması və tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən işlər muxtar respublikada təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısının əyani ifadəsidir.
Bu gün beynəlxalq konfranslar, simpoziumlar, idman yarışları mərkəzinə çevrilmiş ölkəmizin müxtəlif dillər üzrə peşəkar sinxron tərcüməçilərə daha çox ehtiyacı var və fikrimizcə, sinxron tərcümə mərkəzinin açılması bu boşluğu dolduracaq.

Ümumiyyətlə, müasir dövrdə ali məktəbin, xüsusilə xarici dillər üzrə elmi biliklərə yiyələnənlərin qarşısında təhsilin keyfiyyətini yüksəltmək kimi məsul və şərəfli bir vəzifə durur. Bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirməkdə məqsəd tələbələrə dərin bilik vermək, onların fəallıq və müstəqilliyini təmin etməklə, ölkə­də baş verən yeniliklərlə tanış etməklə təhsil alanlarda geniş elmi dünyagörüşü yaratmaqdır.
Respublikamızda həyata keçirilən təhsil islahatı təhsil müəssisələrinin fəaliyyətində köklü yerdəyişmənin həyata keçirilməsini nəzərdə tutur. Belə ki, nəzəri biliklərlə yanaşı, praktik dərslərə geniş yer vermək, təcrübəni tətbiq etmək, yeni tələblər çərçivəsində tədrisi təşkil etmək, elektron lövhə və digər texniki vasitələrdən istifadə etməklə məqsədimizə nail olmaq əsas vəzifəmizdir. Bütün bunlarla yanaşı, sinxron tərcümənin təşkilini yaxşılaşdırmaq məqsədilə müxtəlif dillərdə filmlər izləmək, xarici ekspertlərin tövsiyələrini tətbiq etməklə milli ruhlu xarici dil mütəxəssisləri yetişdirmək də əsas məqsədlərimizdən biridir. Müasir dövrdə ali məktəblərdə ingilis dilinin xarici dil kimi tədrisində aparıcı yerlərdən birini kommunikativ metod tutur. Bu metod tələbələrdə bu və ya digər situasiyalarda yaranmış kommunikativ məsələləri xarici dil, yəni ingilis dili vasitəsilə həll etmək və ingilis dili daşıyıcıları ilə onların öz doğma dilində anlaşa bilmək bacarığını formalaşdırmağa xidmət edir. Təcrübəmizdən aydın olur ki, kommunikativ metodun tətbiqi ingilis dilinin təbii ünsiyyət prosesində mənimsənilməsinə xidmət edir.
Tələbələrdə tədqiqatçılıq və analizetmə bacarıqlarını inkişaf etdirmək üçün onlara mövzu verib müəyyən vaxt ərzində həmin mövzu ətrafında təqdimatla çıxış etmələri də, zənnimizcə, xarici dillərin öyrənilməsində və bu istiqamətdə biliklərin dərinləşməsində mühüm rol oynaya bilər.
Universitetin yetişdirdiyi peşəkar kadrlar, xüsusilə Tərcümə (İngilis-Azərbaycan dilləri) ixtisasına yiyələnən məzunlar respublikamızda dövlət və özəl müəssisələrdə uğurla fəaliyyət göstərirlər. Naxçıvan Dövlət Universitetində əldə etdikləri biliklər məzunlarımızın daim köməyinə çatır, onların peşəkar kadr kimi formalaşmasına öz töhfələrini verir.
Qeyd etməliyik ki, dil həm də güclü informasiya silahıdır. Xarici dillərin əhəmiyyətini yola saldığımız 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı parlaq qələbənin informasiya müharibəsində də əyani şahidi olduq. Belə ki, dövlət başçısının xarici dillərdə müxtəlif dünya media kanallarına verdiyi müsahibələr, açıqlamalar xarici dil bilmənin əhəmiyyətini bir daha sübut etdi. Eyni zamanda informasiya müharibəsində xarici dilləri bilən gənclər Qarabağ həqiqətlərini dünyaya sosial media üzərindən çatdıra bildi. Bəli, biz tarixi torpaqlarımıza sahib çıxdıq. Bundan sonra da Avropa və Şərq dillərini dərindən öyrənəcək, arxivlərimizdə tədqiqat aparmaqla, onları müxtəlif dillərə mükəmməl tərcümə etməklə dünyaya yeni faktlar ortaya qoyacağıq.
İnanırıq ki, Azərbaycanda maarifçiliyin və ali təhsil sisteminin inkişafında özünəməxsus rolu olan Naxçıvan Dövlət Universiteti gələcəkdə də yüksəkixtisaslı kadrların yetişdirilməsinə, elmi və ali təhsil mühitinin formalaşmasına öz təsirini göstərəcək, universitetin məzunları ölkəmizdə milli dövlət quruculuğunun müxtəlif sahələrində çalışaraq iqtisadi, elmi və mədəni potensialın gücləndirilməsinə layiqli töhfələr verəcəklər.

İlhamə MƏMMƏDOVA
Naxçıvan Dövlət Universitetinin İngilis dili və tərcümə kafedrasının müdiri, dosent