Təhsilin qayğıyla əhatə olunduğu muxtar respublikada qızların təhsilalmalarına xüsusi diqqət yetirilir. Bu gün Azərbaycanda oğlanlarla bərabər qızlara da fəaliyyətin istənilən növlərində bərabər imkanlar verilir. Bu özünü təhsildə də açıq şəkildə biruzə verməkdədir. Əvvəllər ali məktəblərə qəbul səviyyəsində ən yuxarı nəticə göstərənlər arasında oğlanlar üstünlük təşkil edirdisə, son illərdə artıq imtahanlarda yüksək nəticə göstərənlər arasında qızların sayı artıb. Bu baxımdan Naxçıvan Qızlar Liseyi nümunəvi təlim-tədris prosesi ilə seçilir. Müasir tədris şəraiti ilə təmin olunmuş Naxçıvan Qızlar Liseyinə muxtar respublikanın müxtəlif rayon və kəndlərindən şagirdlər oxumaq üçün müraciət edirlər. Yaradılan əlverişli tədris şəraitinin nəticəsidir ki, qəbulu müsabiqə yolu ilə aparılan liseydə təhsil almaq üçün müraciət edən şagirdlərin sayı hər il artmaqdadır.

 2021-2022-ci tədris ili üzrə Naxçıvan Şəhər Qızlar Liseyinə qəbul imtahanı iyunun 19-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə keçirilib. İmtahanda iştirak etmək üçün Aprelin 1-dən mayın 25-dək aparılmış sənəd qəbulunda ümumtəhsil məktəblərinin IV sinfini bitirən 280qız şagirdi qeydiyyatdan keçib.

Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 30, ingilis dili fənni üzrə 10 sual olmaqla, ümumilikdə 70 sual təqdim edilib. Sualları cavablandırmaq üçün 150 dəqiqə vaxt verilib. Test formatında keçirilən imtahanda muxtar respublika üzrə  ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul ediləcək. Şagirdlər liseydə Vsinifdə təhsil alacaqlar.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti