İyun ayının 11-də Heydər Əliyev Muzeyi ilə muxtar respublikanın ümumtəhsil və şahmat məktəbləri arasında 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar “Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzusunda növbəti interaktiv dərslər keçilmişdir.
İnteraktiv dərsi aparan muzeyin direktoru Ramil Orucəliyev qeyd etmişdir ki, dövlət müstəqilliyimizi qazanmaq nə qədər çətin olsa da, onu qoruyub saxlamaq, möhkəmləndirmək bundan dəfələrlə çətin olmuşdur. Sirr deyil ki, Azərbaycan xalqı müstəqilliyin ilk illərində tarixin ağır sınaqları qarşısında qalmışdı. Azərbaycanda hakimiyyətsizlik, xaos son həddə çatmışdı. Respublika, demək olar ki, bütün dünya dövlətlərindən təcrid olunmuşdu.

Xüsusi idarəçilik və təşkilatçılıq qabiliyyəti, böyük dövlətçilik təcrübəsinə malik, dünya siyasətçiləri içərisində öz dəstxəti ilə seçilən ümummilli liderimiz hələ 1990-cı il iyul ayının 22-də Naxçıvana gələrək burada xalqın dərdinə şərik çıxmışdı. Ulu öndərin rəhbərliyi altında Naxçıvanda dövlət quruculuğu, hakimiyyət və idarəetmənin təkmilləşdirilməsi sahəsində mühüm işlər görüldü. 17 noyabr 1990-cı il tarixdə Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyasında Heydər Əliyevin rəhbərliyi ilə “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”,“Naxçıvan Muxtar Respublikası Ali dövlət hakimiyyəti orqanı haqqında” və “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” qərarlar qəbul edildi. 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ümummilli lider Naxçıvanda mövcud siyasi böhranı aradan qaldırdı. İqtisadi islahatlara başlanıldı, sahibkarlığın inkişafına şərait yaradıldı. Muxtar Respublikanın sərhədlərinin müdafiəsi istiqamətində gərəkli işlər görüldü. Görkəmli dövlət xadimi Naxçıvanda müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edir, Ona olan ümidləri artırırdı. Azərbaycanda başlanmış təhlükəli proseslərin qarşısını ala bilməyəcəyini dərk edən iqtidar son anda kömək üçün dahi şəxsiyyət Heydər Əliyevə müraciət etdi. Ulu öndər o ağır günlərdə xalqın və hakim dairələrin təkidli dəvətini qəbul edib 1993-cü il iyunun 9-da Bakıya getdi. 15 iyun 1993-cü ildə görkəmli dövlət xadimi Ali Sovetin Sədri seçildi, iyunun 24-dən isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
Dərs zamanı qeyd olunub ki, 1993-cü il oktyabrın 3-də xalq öz xilaskarı Heydər Əlirza oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdikdən sonra Azərbaycanda dövlətçiliyin bərpa və inkişaf etdirilməsi, ictimai-siyasi sabitliyin, dövlət intizamının, qanunçuluğun möhkəmləndirilməsi başlandı. Ölkənin xarici və daxili siyasət kursu işlənib hazırlandı. Dünya siyasətini müəyyən edən dövlətlərlə tarazlı əlaqələr yaradıldı. Bölgədə iqtisadi və siyasi marağı olan dövlətlərlə Azərbaycanın suverenliyinə hörmət çərçivəsində uğurlu əməkdaşlığın əsası qoyuldu.
Şagirdlərə bildirilib ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev siyasi kursu bu gün uğurla davam etdirilir. Azərbaycan yeni uğurlara imza ataraq dünyada iqtisadi artım tempinə görə lider dövlətə çevirilib, region dövlətlər arasında iqtisadi və siyasi güc mərkəzinə sahib olub. Həyatın bütün sahələrində əldə edilən uğurlar isə öz tarixi başlanğıcını 15 iyun 1993-cü il tarixli qayıdışdan götürür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın tələbi ilə respublikada siyasi hakimiyyətə QAYIDIŞI, 1997-ci ildə Milli Məclisin qərarı ilə Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi tariximizə əbədi həkk olunub.
Dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşlarının iştirakı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşa gedən yolda Naxçıvan” adlı onlayn tədbir keçirilmişdir.
Tədbirdə mərkəzin elmi katibi Nihad Tarverdiyev, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev, bölmənin İncəsənt, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov çıxış etmişlər.

Xəbərlər şöbəsi