Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində muxtar respublikadakı məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi-satışa yekun vurulub.
Qeyd edək ki, dərnək üzvlərinin əl işlərindən ibarət sərgi-satışa 1 iyundan start verilmişdir. İyunun 1-dən 5-dək davam edən sərgi-satışda 10-dək sənət növü – rəssamlıq, ebru sənəti, bədii tikmə, xalçaçılıq, toxuculuq, dulusçuluq, ağac üzərində oyma, ağac üzərində yandırma, metal üzərində bədii döymə və dekorativ işlər üzrə 1109 yaradıcılıq işi nümayiş edilib. Sərgi-satışda məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri hazırladıqları müxtəlif əl işlərini nümayiş etdirməklə yanaşı, onları satmaq imkanı da əldə ediblər. Ümumilikdə, sərgi-satışda 348 şagirdin 647 əl işi satılıb ki, bunlardan da 530-u dekorativ, 117-si isə təsviri sənət işləri olmuşdur. Bununla yanaşı, satılan işlər içərisində sağlamlıq imkanları məhdud 8 uşağın 70-ə yaxın əl işi yer almışdır.

Yekun tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov bildirib ki, sərgi-satışın təşkili istedadlı və bacarıqlı şagirdlərin üzə çıxarılması, onların yaradıcılıq imkanlarına, fəaliyyətlərinin genişləndirilməsinə dəstək verilməsi, ən əsası milli dəyərlər əsasında tərbiyəsi və asudə vaxtlarının səmərəli təşkili məqsədini daşıyır. Satışdan əldə olunan vəsaitdən dərnək üzvlərinin stimullaşdırılması və dərnəklərin fəaliyyəti üçün lazım olan xammal və materialların alınmasında istifadə olunması nəzərdə tutulmuşdur.
Sonda sərgi-satışa çıxarılan yaradıcılıq nümunələri qiymətləndirilərək fəal iştirak edən müxtəlif dərnəklərin rəhbərləri, sərgidə hazırladıqları yaradıcılıq nümunələri ilə seçilən dərnək üzvləri və məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklərə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqlardan 4-ü Təhsil Nazir­liyinin diplomları ilə təltif olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti