AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə “Badamlı” mineral sular zavodunda “Naxçıvan Muxtar Respublikasının mineral suyu – Badamlı” mövzusunda elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyev açaraq bildirib ki, istehsal prosesində qarşıya çıxan müxtəlif məzmunlu problemlərin həlli elmin inkişafına təkan verir, elm adamlarını yeni-yeni axtarışlara sövq edir. AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutu da gərgin elmi tədqiqatlar nəticəsində yeni nailiyyətlər qazanmaqda, muxtar respublikanın müxtəlif sənaye müəssisələri ilə sıx əməkdaşlıqlarını davam etdirməkdədir.

Konfransda Təbii Ehtiyatlar İnstitutunun əməkdaşlarından kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova, kiçik elmi işçi İlahə Seyidova, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayeva Naxçıvan Muxtar Respublikasının mineral suları ilə bağlı, “Badamlı” MMC-nin laboratoriya müdiri Ziyafət Məmmədov isə “Badamlı zavodunun yaranma tarixi və inkişafı” mövzularında məruzələr ediblər. Məruzələrdə Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan mineral su ehtiyatları, onların yayılma xüsusiyyətləri, müalicəvi əhəmiyyəti və digər bir sıra mühüm məsələlərə diqqət çəkilib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası dünyanın ən zəngin mineral su ehtiyatlarına malikdir. 250 mineral su mənbəyinin mövcud olduğu muxtar respublikada mineral su bulaqlarının əsas fiziki-kimyəvi xüsusiyyətləri öyrənilərək sistemləşdirilib.
Məruzələrdə muxtar respublika ərazisində mövcud olan mineral suların istər süfrə suyu kimi, istərsə də müalicəvi məqsədlərlə qiymətli və faydalı olmasından bəhs olunub. Sirab, Əshabi-Kəhf, Badamlı mineral su yataqları haqqında dinləyicilərə müfəssəl məlumat verilib. Suların təbii formalaşmasında ərazinin relyefi, çay şəbəkəsi, geoloji mühiti və iqlimi kimi mühüm amillərin önəmi vurğulanıb. Konfransda, həmçinin Badamlı zavodunun yaranma tarixi, keçdiyi inkişaf yolu və müəssisənin qədəm qoyduğu yeni inkişaf mərhələsi ilə bağlı məlumatlar iştirakçıların nəzərinə çatdırılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Sonda konfrans iştirakçıları “Badamlı” mineral sular zavodu ilə tanış olublar.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti