“Naxçıvan” Universitetində keçirilən konfransı giriş sözü ilə açan universitetin rektoru, dosent Nurlana Əliyeva qeyd edib ki, Aşıq Ələsgər Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.

Vurğulanıb ki, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə xüsusi diqqətlə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Rektor çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması haqqında” 2021-ci il 18 fevral tarixli Sərəncamının, bu yubileyin Naxçıvanda da geniş şəkildə qeyd olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sərəncamı ilə Tədbirlər Planın təsdiq edilməsinin görkəmli söz ustadının ədəbi irsinin təbliği baxımından əhəmiyyətindən bəhs edib.
Konfransda professor Sədaqət Həsənova “Aşıq Ələsgərin dil- üslub xüsusiyyətləri”, dosent Əli Həşimlinin “Aşıq Ələsgər və yazılı ədəbiyyatda folklor ənənələri”, dosent Qənirə Əsgərova “Aşıq Ələsgər yaradıcılığında frazeoloji birləşmələrin rolu”, dosent Arifə Zeynalovanın “Söz sərrafı Aşıq Ələsgərin leksikası” mövzularında məruzələri dinlənilib. Məruzəçilər Aşıq Ələsgərin bədahətən dediyi gəraylı, qoşma, təcnis, deyişmə, ustadnamə, müxəmməs və digər janrlarda olan əsərlərdən ibarət zəngin bədii irsini elmi-ədəbi təhlil ediblər. Konfransın bədii hissəsində aşığın yaradıcılığından sevilən nümunələr səsləndirilib.

“Naxçıvan” Universitetinin
mətbuat xidməti