Naxçıvan Muxtar Respublikasının tarixinin, mədəniyyətinin, milli irsinin araşdırılıb öyrənilməsi, gənclərdə vətənpərvərlik, mənəvi dəyərlərə hörmət, tarixi və milli köklərə bağlılıq hisslərinin gücləndirilməsi, tələbələr arasında sərbəst fikir, düşüncə tərzinin formalaşdırılması, ədəbi yaradıcılıq sahəsində istedadlarının müəyyənləşdirilməsi məqsədilə Naxçıvan Dövlət Texniki Kolleci və “Şərq qapısı” qəzetinin yaradıcı kollektivinin təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında esse müsabiqəsi keçiriləcək.

Bir mərhələdə keçirilməsi nəzərdə tutulan müsabiqədə yalnız mövzu ilə əlaqədar təqdim edilmiş esselər qiymətləndiriləcək, mövzudankənar yazılar müsabiqəyə buraxılmayacaq, tələbələrin yalnız müstəqil formada olmaqla, öz fikirlərini əsaslandırılmış şəkildə ifadə etdikləri esselər nəzərə alınacaq. Başqa vasitələrdən – dərslik, ensiklopediya, qəzet, jurnal, məqalə, internet resursları və sairdən istifadə edilərək hazır formada əldə edilmiş yazılar qiymətləndirilməyəcək. Esselərin həcmi 250-300 sözdən ibarət olmalı, yazılar kompüterdə A4 kağız formatında, hərflər “Times New Roman” şriftində və 14 yazı ölçüsündə yazılmalı, 26 may 2021-ci il tarixdən 15 iyul 2021-ci il tarixədək təhvil verilməlidir.
Esselər 5 ballıq sistemlə qiymətləndiriləcək. Qiymətləndirmə aşağıda göstərilən meyarlar əsasında aparılacaq:
Mövzunun başa düşülməsi, mövzu üzrə material, əsas fakt və hadisələri bilmə, tələbənin mövzuya orijinal yanaşması, öz fikirlərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, fikirlərin aydın və anlaşıqlı ifadə edilməsi, çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması, yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, yazı işinin ədəbi dilin fonetik, leksik, qrammatik və üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına riayət etməklə tərtib olunması.
I, II, III yerlərə və həvəsləndirməyə layiq görülən müsabiqə iştirakçıları Naxçıvan Dövlət Texniki Kollecinin direktorluğu tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Müsabiqənin yekun tədbiri 14 iyul 2021-ci il tarixdə, saat 1200-da Naxçıvan Dövlət Texniki Kollecinin iclas zalında keçiriləcəkdir.

Xəbərlər şöbəsi