Naxçıvan Dövlət Universitetində 2020-2021-ci tədris ilində Tələbə Elmi Cəmiyyətin xətti ilə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına həsr olunan konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev ali təhsil ocağında tələbələr üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, 7 mindən çox tələbənin təhsil aldığı universitetdə Tələbə Elmi Cəmiyyətinin üzvləri fəallıq göstərir. Qeyd edilib ki, elmi-tədqiqat işləri bu gün ölkə iqtisadiyyatında mühüm rola malikdir.

Universitetin Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov bildirib ki, Tələbə Elmi Cəmiyyətinin əsas məqsəd və vəzifələri ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilən elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, tələbələrin elmi fəaliyyətə cəlb edilməsidir.
Tədbirdə, eyni zamanda Tələbə Elmi Cəmiyyətinin sədri, Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə I kurs magistrantı Təbrizə Bağırova 2020-2021-ci tədris ilində “Tələbə Elmi Cəmiyyətinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda çıxış edib. Bildirilib ki, 2019-2020-ci tədris ilində 349 nəfər elmi-tədqiqat işlərinə cəlb olunmuşdursa, 2020-2021-ci tədris ilində bu rəqəm müsbət artımla 570-ə çatıb.
Sonra II kurs tələbəsi Fatimə Sultanovanın “Qarabağ: keçmişdən günümüzə” mövzusunda çıxışı dinlənilib. Sonda bir qrup tələbəyə smart kartları təqdim olunub.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə
əlaqələr bölməsi