Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində praktik təlim təşkil olunub. Təlimdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə II kurs tələbələri iştirak ediblər.
Fakültənin dekanı Əşrəf Ələkbərov “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi, İqtisadiyyat və idarəetmə fakültəsinin müəllimi Səttar Zamanov çıxışında həmin sərəncamdan irəli gələn vəzifələrin icrası istiqamətində nazirlik tərəfindən görülən işlər barədə məlumat verib, nazirliklə universitet arasında təsdiq edilmiş tədbirlər planı üzrə görülən işlərin əhəmiyyətini vurğulayıb.
Nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov slayd vasitəsilə tələbələrə bələdiyyə orqanlarına göstərilən metodoloji yardımın və inzibati nəzarətin aparılması qaydaları barədə geniş məlumat verib. Bildirilib ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi qanunla müəyyən edilir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununa görə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
Təlimdə tələbələrə nazirliyə bələdiyyələr tərəfindən daxil olan aktlar, qərarlar, protokollar, sorğular barədə ətraflı məlumat verilib, sənəd nümunələri əyani şəkildə nümayiş etdirilib.
Təlim qarşılıqlı müzakirələr əsasında davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti