AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası olub.Bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə iclas iştirakçılarını gündəliyə çıxarılan məsələlərlə  tanış edib.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Azərbaycan Respublikası Prezidentinin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 fevral 2021-ci il tarixli və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında” 22 fevral 2021-ci il tarixli Sərəncamlarından irəli gələn vəzifələrin icrası ilə bağlı yerinə yetirilən və nəzərdə tutulan işlər barədə məlumat verib.

 Daha sonra AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 8 fevral 2021-ci il tarixli Sərəncamındanirəli gələn vəzifələrin icra haqqında iclas iştirakçılarını məlumatlandırıb.

İclasda Bölmənin Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzüm laboratoriyasının böyük elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Loğman Bayramov “Naxçıvan Muxtar Respublikasında tumlu meyvələrin genofondunun tədqiqi” mövzusunda elmi məruzə edib.Tədqiqatçı bildirib ki, respublikanın digər bölgələrindən fərqli olaraq Naxçıvan Muxtar Respublikasının torpaq-iqlim şəraiti meyvə bitkilərinin tez böyüməsi, inkişafı, bol və yüksək keyfiyyətli məhsul verməsi üçün olduqca əlverişlidir. Məruzədə muxtar respublikanın ərazisində mövcud olan tumlu meyvə forma və sortlarından bəhs olunub. Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasında almanın 118 sort və forması, armudun 45-dən çox sort və forması, heyvanın isə 14 sort və 11 formasının olduğu dəqiqləşdirilmişdir. Bunlardan 95-i yerli xalq seleksiya sortları, 60-ı əvvəllər introduksiya olunmuş, 42 forma isə ilk dəfə aşkar edilmişdir. Bu sort və formalar muxtar respublikanın Ordubad, Babək, Culfa, Şahbuz, Şərur, Sədərək və Kəngərli rayonlarında və Genofond kolleksiya bağında geniş yayılmışdır.Onların pomoloji təsvirləri verilmiş, yeni aşkarolunmuş formaların hansı sortotipə aid olduğu müəyyənləşdirilmişdir.

Alim kənd təsərrüfatında becərilən meyvə bitkilərinin genofondunun toplanılması, sort tərkibinin qorunması, seleksiya yolu ilə zənginləşdirilməsi və görülən işlərin vəd etdiyi iqtisadi səmərələrdən söz açıb.

Dosent L.BayramovNaxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 12 mart 2021-ci il tarixli Sərəncamının önəmindən danışıb. Bu sərəncamın muxtar respublikada meyvə və tərəvəzçiliyinin inkişafında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, həm də yeni vəzifələr müəyyənləşdirdiyini söyləyən məruzəçi AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda bu sahədə qarşıya qoyulan vəzifələrdən bəhs edib.

Məruzənin ardından gündəlikdəki digər məsələlər Reyasət Heyətinin müzakirəsinə çıxarılmış, müvafiq qərarlar qəbul olunmuşdur. 

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti