Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasınının yaranması günü münasibətilə “Kitablardan pıçıltılar” adlı tədbirkeçirilib.Ali təhsil ocağının İncəsənət fakültəsində təşkil edilən tədbirdə giriş sözüylə çıxış edən universitetin rektoru Elbrus İsayev 1968-ci aprel ayının 23-də fəaliyyətə başlayan kitabxananın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb. Rektor 2004-cü ildə universitet kitabxanası üçün Avropa standartlarına uyğun yeni beşmərtəbəli binanın inşa edilməsini muxtar respublikada təhsilə, elmə  göstərilən yüksək diqqət və qayğının bəhrəsi kimi dəyərləndirib.

Bildirilib ki, muxtar respublika rəhbərinin qayğısı sayəsində kitabxananın fondu zənginləşdirilib, maddi-texniki bazası ən müasir tələbələr səviyyəsində qurulub.Qeyd edilib ki, kitabxanada elmi-kütləvi tədbirlər, kitab sərgiləri, qısamüddətli və daimi sərgilər, həmçinin kitab təqdimatları və müzakirələri təşkil olunur. Müntəzəm oxucu kontingentinin cəlb olunması istiqamətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli sərəncamı ilə “Oxunması zəruri olan kitablar”ın mütəmadi olaraq müzakirə olunduğu dəyirmi masaların əhəmiyyəti vurğulanıb. Müəllim və tələbələrin kitabxana ilə əlaqələrinin daha da gücləndirilməsi istiqamətində konkret tapşırıqlar verən rektor kitabxananın kitab fondunun zənginləşdirilməsi istiqamətində öz tövsiyyələrini diqqətə çatdırıb. Elbrus İsayev kitabxana əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib,məhsuldar və yaradıcı fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Elmi Kitabxananın fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.

Tədbir Elmi Kitabxana və Tələbə Teatr Studiyasının birgə hazırladığı “Oxunması zəruri olan kitablar” silsiləsinə dair kitablardan etdiyi bədii qiraət nümunələri, əsərlərdən göstərilən ədəbi-bədii kompozisiya ilə daha yaddaqalan olub.

Səadət Əliyeva

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri